Modern.az

Zurufçunun xatirəsi anıldı 

Zurufçunun xatirəsi anıldı 

Aktual

24 Oktyabr 2021, 15:26

Oktyabrın 24-də Qurd qapısı qəbiristanlığında Əməkdar artist Yaqub Zurufçunun məzarı ziyarət olunub.

 


Modern.az  xəbər verir ki, mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 


Əməkdar jurnalist Rəhman Orxan bildirib ki, azadlıq, müstəqillik arzusu ilə alışıb yanan Yaqub Zurufçu uzun illər qəribçilik həyatı sürüb, lakin Vətəninə sevgisi heç vaxt azalmayıb. Onun mahnıları gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova çıxışında deyib:

 

“Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz iz buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardan idi. O, Azərbaycanı çox sevirdi. Azərbaycanda yaşamaq onun arzusu idi”.

 


Xalq artisti Flora Kərimova qeyd edib ki, Yaqub Zurufçunun səsində bir ruh dolaşır və o ruhun yaşamağa haqqı var. Yaqub yaşamaqdan zövq alan bir insan idi. O, “Ayrılıq” mahnısı ilə Arazın hər iki sahilini birləşdirdi. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını ürək yanğısı ilə oxuyurdu.

 


Dünya Azərbaycanlıları Konqresin vitse-prezidenti, 15 il Yaqub Zurufçu ilə çalışmış Xəzər Emin bildirib ki, bu əməkdaşlıq nəticəsində ilk dəfə olaraq Azərbaycanda Aşıqların respublika üzrə birinci müsabiqəsi keçirilib. Y.Zurufçu bölgələrdə qulluq edən əsgərlərin qarşısında çıxışlar edirdi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi.
Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub.

 

O, ilk dəfə 15 yaşında Təbrizin Milli Televiziyasında çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir