Modern.az

Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat

Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat

24 Oktyabr 2021, 16:05
Gənclərimizin Qarabağdan çəkdikləri videokadrlara Youtube kanallarında, sosial şəbəkələrdə çoxlarımız baxmışıq.
 
 
Onların əksəriyyəti Qarabağı əvvəllər görməyib, bu torpaqlarda ayaqyalın gəzib havasını udmayıb, buz kimi bulaqlarından su da içməyib. Amma kadrlardan dərhal görünür ki, gənclərimiz əsrarəngiz mənzərələri emosiyasız seyr edə bilmirlər.
 
 
Emosionallığın səbəbi təkcə o deyil ki, təbiətin yaranışdan olan gözəlliyi qarşısında daxili təlatüm üzə çıxır. Bu, əsasən gəncliyə xas olan güclü hisslərin qabarıq şəkildə izharı da demək deyil. Əsas səbəb budur ki, gənclərimiz Qarabağa ayaq basdıqları andan etibarən onların bu torpaqlara genetik kod səviyyəsində tarixi kök bağlılığı özünü dərhal birüzə verir.
 
 
 
Şüurlu yanaşmadan irəli gələn hisslər isə növbəti mərhələyə aiddir. O mərhələyə ki, dədə-baba yurdlarımızın işğaldan azad olunmasında şəxsi iştirakdan, övladlıq və vətəndaş borcunu yerinə yetirmək məmnuniyyətindən doğan qürur hissi emosional duyğuların önünə keçir...
 
 
     
Düşmən tapdağından xilas edilən şəhər, rayon və kəndlərimizin hər biri, bayrağımızın sancıldığı bütün yüksəkliklər hamımıza eyni səviyyədə doğma və müqəddəsdir. Bununla belə, əjdadlarının, əzizlərinin dəfn olunduğu torpaqların da azad edildiyi xəbərini eşidəndə, o an keçirdiyin hissi  sözlə ifadə etmək çox çətindir. Dədə-baba kökləri ilə Qubadlıya  bağlı olan şəxslərdən biri kimi, Qubadlının, Mahmudlu kəndinin azad olunduğu xəbərini eşitdiyim vaxt keçirdiyim hissləri, hətta aylar sonra, dilə gətirməkdə çətinlik çəkirəm. Rəhmətlik atam mənəviyyatımızı, iç dünyamızı bütövləşdirən bu tarixi günləri görməsə də, inanıram ki, indi ruhu şaddır. Torpaq həsrəti ilə dünyasını dəyişmiş minlərlə  məcburi köçkün həmvətənimizin də ruhları şaddır. Övlad olaraq təsəllim budur ki, Qubadlının, Mahmudlunun torpağını atamın Bakıdakı məzarının üzərinə səpmək mənə də nəsib oldu. Allah bu günləri bizlərə bəxş edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin, müzəffər Ali Baş Komandanımıza və qəhrəman Ordumuza həmişə yar olsun!
     
Oktyabrın 25-i Qubadlının işğaldan azad edilməsinin birinci ildönümüdür. Prezident İlham Əliyev bu əməliyyatda iştirak edən, şəxsi igidlik və şücaət göstərən 15189  hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edib. 1993-cü il avqustun 31-dən etibarən, 27 il boyunca məcburi köçkün statusu daşıyan 29997  Qubadlı sakininin üzərindən bu yamaq ad artıq birdəfəlik silinib. O ad ki, ötən illər ərzində təkcə keçmiş məcburi köçkün həmvətənlərimizin deyil, bütövlükdə xalqımızın ləyaqət hissinə toxunan mənəvi iztirab qaynağına çevrilmişdi...
 
 
     
İşğal dövründə başqa rayonlarımız kimi, Qubadlı da erməni vandalları tərəfindən viran edilib: 94 yaşayış məntəqəsi, 7 məscid, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət ocağı, 16 körpü dağıdılaraq yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı təyinatlı obyekt, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr uzunluğunda magistral su xətti, 4830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz-boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 ədəd su-nasos stansiyası, 120 elektrik yarımstansiyası və trasformator qovşağı erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb. Bu vəhşi qəbilə minlərlə hektar meşə zolağını məhv edərək Qubadlının da ekologiyasına ağır yaralar vurub. Rayonun mişar daşı, yəşəm, əhəng daşı, tuf daşı, qum-gil və əqiq yataqları ermənilər tərəfindən vəhşicəsinə istismar olunub. Ermənistanın növbəti müharibə cinayətlərindən biri də Qubadlının Xanlıq kəndində qanunsuz məskunlaşdırma aparması ilə bağlıdır. Xanlıqda qurduqları çoxeşalonlu hərbi istehkam və hərbi baza sayəsində düşmən müqavimət göstərə bildi, Qubadlının azadlığı uğrunda şiddətli döyüşlər bir neçə gün davam etdi. Lakin sonda qəhrəman əsgər və zabitlərimizin  qarşısından qaçmağa, fərarilik etməyə məcbur oldular... 
 
 
     
Başqa rayonlarımız kimi, Qubadlıdakı dağıntılar və qanunsuz məskunlaşdırma hərbi əməliyyatların getmədiyi işğal dövründə, özü də beynəlxalq qurumların gözləri qarşısında törədilib. Ən azından, iki faktaraşdırıcı missiyanın nümayəndələri vəhşiliyi, beynəlxalq konvensiyalara görə müharibə cinayəti hesab edilən bu əməlləri görməli və onları sənədləşdirməli idilər. Lakin bunu etmədilər, əksinə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin 27 il ərzində Ermənistan tərəfindən icra olunmamasına göz yumdular. Həm də bütün bunlara görə, erməni vəhşiliyi və talançılığı hüdud tanımadı... 
 
 
     
Dövlətimizin başçısı tərəfindən Zəfər Günündən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə start verilib. Qarabağ,  faktiki olaraq, sıfırdan, yenidən qurulur. Torpaqlarımızı düşmən tapdağından məhz savaş meydanında özümüz azad etdiyimiz kimi, bu işləri də dövlətimizin özü görür. Özü də, Ermənistandan fərqli olaraq, heç kimin qapısında boynubüküklük etmədən, kimdənsə maliyyə dəstəyi almadan, kimlərdənsə kömək ummadan . Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanının, Şuşaya Zəfər yolunun tikintisi başa çatdırılıb, şəhərsalma baş planları təsdiq olunub, bir qisminin icrasına artıq başlanılıb. Yollar, tunellər, elektrik və su xəttləri çəkilir, paralel şəkildə torpaqlarımız minalardan təmizlənir. Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilana səfəri zamanı xalqımıza bu müjdəni də verdi: “Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.
     
Böyük köçün, Böyük Qayıdışın şahidi və iştirakçısı olacağımız günə az qalır. 28 il ərzində qələbəmizi əngəlləməyə və onu ləngitməyə çalışan, indi isə tarixi qələbəmizə şübhə toxumu səpməyə cəhd edən bəziləri artıq böyük quruculuq işlərinə qarşı da qısqanclıq göstərirlər. Onlar bilirlər ki, bu işlərin miqyası, həqiqətən, çox böyükdür, milyardlar tələb edir və ən başlıcası, zaman məfhumu var. Təəssüf ki, bəzən öz içərimizdən  onlara züy tutanlar və insanlarımızın torpaq həsrəti ilə bağlı duyğularında oynayanlar da tapılır. Belələri özlərini elə aparırlar ki, sanki bu miqyasda  quruculuq və bərpa işlərinin böyük maliyyə resursları ilə yanaşı, vaxta ehtiyac duyduğu onlara məlum deyil. Bəlkə, həqiqətən də, onlar dağıtmaqla qurmaq arasındakı zaman fərqini bilmirlər... 
 
     
Görkəmli yazıçı, Ser Oskar Uayldın dərin mənalı bir kəlamı var:
 
 
“Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu, günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır. Əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır”.
 
Ülvi Quliyev
Milli Məclisin deputatı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi