Modern.az

Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər

Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər

25 Oktyabr 2021, 18:18

25 oktyabr 2020-ci ildə Azərbaycanın tarixinə daha bir şanlı səhifə yazıldı. Həmin gün 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu igid Azərbaycan əsgərləri tərəfindən işğaldan azad edildi. Işğaldan əvvəl Qubadlıda otuz min əhali yaşayırdı. Ermənilər tərəfindən məcburi qovulan qubadlılar respublikamızın müxtəlif rayonlarında yerləşdirildi. Ölkəmiz üçün çətin və ağır olan bu günlərdə onlar yataqxanalarda, məktəblərdə, yük vaqonlarında yerləşdirildi. Buna baxmayaraq qubadlılar sınmadılar, öz doğma yurdlarına dönəcəklərinə inandılar. Ümummilli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyev bütün məcburi köçkünlər kimi qubadlıları da yeni inşa edilmiş mənzil və evlərə köçürtdü. Onlar üçün lazımi şərait yaradıldı. Lakin qubadlılar öz doğma yurdlarına dönməyi arzulayırdılar. Onlar üçün ən əziz yer öz dədə -baba yurdları idi.

 

Azərbaycanın cənub qərbində yerləşən Qubadlının Ermənistanla 120 km-lik sərhəd xətti mövcuddur. İşğal zamanı digər torpaqlarımızda olduğu kimi ermənilər Qubadlıda da əsil barbarlıq törətmişdilər. Azərbaycana və bütün türk dünyasına məxsus bütün tarixi - mədəni, dini abidələrimiz dağıdılmış, təhqir edilmişdir. Ermənilərdən fərqli olaraq azərbaycanlılar başqa xalqların və millətlərin dini abidələrinə hörmətlə yanaşır və onları öz tarixi sərvətləri kimi qoruyurlar. Bu gün də Bakının mərkəzində erməni kilsəsi var və bu kilsə əla vəziyyətdədir. Hətta bu kilsənin kitabxanasındakı erməni dilində yazılan dini kitablar belə qorunub saxlanılır.

 

Qubadlının işğaldan azad olunmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. 27 il ermənilər burada güclü istehkamlar qurmuş, ətraf yüksəkliklərdə çoxlu sayda hərbi texnika və qüvvələr yerləşdirmişdilər. Buna baxmayaraq Azərbaycan Ordusu bu istehkamları və onların texnikasını, canlı qüvvələrini darmadağın etdi. Ermənilər Azərbaycan əsgərinin qorxusundan öz silahlarını belə atıb qaçırdılar. Qubadlı da işğaldan azad edildikdən sonra ermənilər müharibədə uduzduqlarını başa düşməyə başladılar. Azərbaycan Ordusu bütün istiqamətlərdə erməni ordusunu məhv edirdi. Azərbaycan Ordusu qarşısında aciz qalan ermənilər cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və digər rayonlarımızda dinc əhalimizi atəşə tutur, qətlə yetirirdilər. Azərbaycan əsgəri isə öz sözünü döyüş meydanında deyirdi. Ordumuz mülki erməni vətəndaşlarına bir güllə belə atmadı. Qubadlı işğaldan azad edildikdən sonra əsas hədəf Qafqazın konservatoriyası, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri idi. 2020-ci il noyabrın 8-də Ordumuz Şuşa şəhərini də işğaldan azad etdi. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə yazılacaq bir əməliyyat idi. Azərbaycan əsgəri yüngül silahlarla dağları aşaraq Şuşa şəhərinə daxil oldular.

 

 

Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında diz çökdü.

 

2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Bəyannamə imzalandı və Ermənistanın Baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Azərbaycan, tarixi Zəfər qazandı.

 

Bütün dünya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığından danışır. Vətən Müharibəsinin ilk saatlarından qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı bizimlə bir olduqlarını bütün dünyaya bəyan etdi. Bu siyasi və mənəvi dəstək xalqımızı və ordumuzu daha da ruhlandırdı.

 

Ölkə başçımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış " Böyük Qayıdış " planına uyğun olaraq yaxın zamanlarda qubadlılar da öz ata ocaqlarına qayıdacaqlar.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir