Modern.az

Putin Qərb-Türkiyə gərginliyindən sonadək istifadə edəcək

Putin Qərb-Türkiyə gərginliyindən sonadək istifadə edəcək

Dünya

26 Oktyabr 2021, 09:47

Türkiyəli ekspert: “Dollar bahalaşacaq deyə, digər ölkələrə baş əyə bilmərik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirini “persona non grata” elan etməyi tapşırmışdı. Qeyd olunan ölkələr isə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələrin Türkiyədəki səfirləri bir müddət əvvəl dövlət çevrilişinə cəhddə təqsirləndirilərək, həbs edilmiş hüquq müdafiəçisi Osman Kavalanın azad olunması üçün bəyanat yaymışdılar.

Diplomatların bu “həmrəyliyi” prezident Ərdoğanı qəzəbləndirib.

“Yatırlar, qalxırlar, Kavala, Kavala... Kavala Sorosun Türkiyə şöbəsidir. Onun üçün 10 səfir Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Bura Türkiyədir, Türkiyə! Bura düşündüyünüz kimi bir tayfa dövləti deyil. Bura şanlı Türkiyədir. Burada durub Xarici İşlər Nazirliyinə gedib göstəriş vermək olmaz”.

 

Maraqlıdır ki, Ankaranın qəzəbinə tuş gələn 10 ölkədən yeddisi NATO üzvüdür. Siyasi masada olan son hadisələr göstərir ki, Türkiyə və NATO əlaqələrində gərginliklər yaşanır. Bu hal Türkiyəni Rusiya ilə yaxınlaşdıra bilərmi?

 

Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərin beynəlxalq səviyyəyə, siyasi masaya daşınması son dərəcə təhlükəlidir:

 

“Həm Türkiyə, həm də NATO tərəfindən bu məsələ çox ciddidir. Əslində Rusiya da belə bir gərginlik yaşamaq istəməz, çünki o da hadisələrin içinə daxil ola bilər. On səfirin ortaq açıqlaması ilk növbədə Türkiyə dövlətinin daxili məsələlərinə qarışmaqdır. Ölkələrin belə hərəkəti “bardağı daşıran son damla”dır. Belə olduqda da Ərdoğan həmin səfirlərə nota verdi, bu o deməkdir ki, həmin səfirlər ölkədə istənilmir. Məsələ çox böyük bir gərginlik mövzusu oldu. Dünyanın ən böyük media orqanları olayı manşetə daşıdı. Ancaq Türkiyə bu səfirlərə qarşı bir şey edəsi olmasaydı, o zaman onların hegemonluğunu qəbul etmiş olacaqdı. Ərdoğan Türkiyə tərəfindən lazım olanı etdi. Əslində bununla böyüklük haqqını istifadə edir.
Baş verən hadisələrin nəticələri dolların daha da bahalaşması, digər ölkələrin ağır basqıları ilə üzləşməyimiz olacaq. Amma dollar bahalaşacaq deyə, digər ölkələrə baş əyə bilmərik. Məsələ iqtisadi məsələ deyil, hegemonluqdur. Onlar üzr istəsələr, vəziyyət dəyişə bilər”.

 



Abdullah Ağar Türkiyə və Rusiya yaxınlaşmasına da toxunub.

 

 “Amma bir məsələ də var ki, Türkiyə ilə NATO arasındakı buzları Rusiya və Türkiyənin yaxınlaşması ilə əlaqələndirirlər. Bu, belə deyil. Bilərək və istəyərək, Türkiyəni çarəsiz buraxan müttəfiqləridir. Türkiyə havadan müdafiə sistemi almaq istədi, vermədilər. İndi Rusiyadan niyə aldı? Azərbaycan müharibə zamanı havadan müdafiə sistemi olmasaydı, nə edəcəkdi? Müharibəni qazanmaqda ən böyük şansı havadan müdafiə sistemidir. Bunlar Türkiyədə yoxdur, nə etməlidir? Burada məsələ Qərbin göstərmək istədiyi kimi deyil. Türkiyə və Rusiya yaxınlaşır, bundan Putin sonuna qədər istifadə edəcək. Qərb Türkiyə ilə bağlı boşluq buraxarsa, Şərq bunu doldurmağa çalışacaq. Putinin bu siyasətdən çox böyük qazancı ola bilər. Bu həqiqəti də görməyimiz lazımdır”,- deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər