Arxiv
26 Oktyabr 2021, 10:28 | TƏHSİL
Məzunlar diplomlarını ala bilmir - Dövlət qulluğuna qəbulda PROBLEM

Azərbaycanda dövlət qulluğuna imtahan vermək istəyən ali məktəb məzunları problemlə qarşılaşırlar. Belə ki, cari ilin məzunlarının ali təhsil haqqında diplomlarının gec təqdim edilməsi onların dövlət qulluğuna qəbul imtahanında iştirakına mane olur. Ali təhsili başa vurduğu halda dövlət qulluğuna qəbul imtahanına qatıla bilməyən şəxslər bu barədə sosial şəbəkələrdə etirazını ifadə edirlər.

 

Əslində isə dünya praktikasına görə ali məktəbləri bitirən şəxslərin diplomları elə məzun günündə onlara təqdim edilməlidir. Universitet müəyyən müddət təhsil verdiyi tələbənin semestrlər üzrə göstəricilərini topladığına görə, sonuncu qiymətləndirmədəki nəticəni əlavə edib, diplomu hazırlamaqda böyük çətinlik çəkməməlidir.

 

Bəs maraqlıdır, Azərbaycanda niyə ali məktəb məzunları diplomlarını ancaq gələn tədris ilində ala bilirlər? Proseduru gecikdirməkdə universitetlərin marağı nədir?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, dövlət qulluğuna qəbul imtahanları il ərzində bir neçə dəfə təşkil edildiyindən namizədlər qaydalara uyğun planlaşdırma apara bilirlər. Dövlət qulluğuna qəbul üçün ali məktəb diplomu tələb edilir və bu qayda dəyişməz olaraq qalır.

  

 

Təhsil Nazirliyi isə məzunların diplomlarının universitetlər tərəfindən təqdim edilmiş siyahı əsasında hazırlandığını bəyan edib. Nazirlikdən saytımıza bildirilib ki, hansısa ali məktəb məzunlarının siyahısını, göstəricilərini təqdim etdiyi zaman dərhal reaksiya verilir, diplomlar hazırlanır.

Rəsmi qurumların da mövqeyindən göründüyü kimi ali məktəblərin məzunlara diplomları gecikdirməsi əksər hallarda onların öz səhlənkarlığı ucbatından baş verir. Nəticədə isə ziyan çəkən təbii ki, tələbə-məzunlar olur.

 

Modern.az məzunların şikayəti barədə ali məktəblərlə də əlaqə saxlayıb.

 

Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Süleymanov diplomların gecikməsinin Təhsil Nazirliyi ilə əlaqədar olmadığını söyləyib. Prorektor prosedur qaydalarını diqqətə çatdırıb:

 

“Ali məktəblər müvafiq siyahını Təhsil Nazirliyinə təqdim edirlər. Bəzi ali məktəblər var ki, onların həm məzunları çoxdur, həm də tələbələrin göstəriciləri elektron deyil, daha çox kağız üzərində toplanıb. Həmin göstəriciləri elektrona keçirmək və Təhsil Nazirliyinin müvafiq sisteminə daxil etmək fiziki cəhətdən vaxtaparan prosesə çevrilir. Semestr sonunun yay tətilinə düşdüyünü, ali məktəblərin əməkdaşlarının əksəriyyətinin məzuniyyətə çıxdığını da nəzərə alsaq, gecikmələr artır.

Bakı Mühəndislik Universitetinin məzunları tərəfindən diplomların gecikməsi ilə bağlı şikayət daxil olmayıb. Çünki biz təcili hallarda, məsələn, məzun xarici universitetdən qəbul alıbsa, yaxud hansısa imtahana hazırlaşırsa, nəzərə alaraq, istisna şəkildə prosesi tezləşdiririk. Ümumilikdə isə diplomların verilməsi prosesi cari tədris ilinin noyabr ayına qədər yekunlaşır”.

 

Ölkənin aparıcı ali təhsil müəssisələrindən biri hesab edilən Dövlət İdarəçilik Akademiyasından saytımıza bildirilib ki, indiyə qədər diplomların gecikməsi ilə bağlı ali məktəbin məzunları tərəfindən şikayət daxil olmayıb. Akademiyanın məlumatında o da qeyd edilir ki, sessiya bitdikdə, cari ilin diplomları bir ay müddətində hazırlanıb, məzunlara təqdim edilir.

 

Ən böyük tələbə kontingentinə malik olan Bakı Dövlət Universitetindən (BDU) isə saytımıza bildirilib ki, məzunların sayı çox olduğuna görə, diplomların gecikməsi halı baş verə bilər. Ali məktəbdən o da qeyd edilib ki, dövlət qulluğuna qəbul imtahanlarına qatılmaq və s. kimi xüsusi hallarda BDU məzunlar üçün şərait yaradır və proses tezləşdirilə bilir.

 

Azərbaycan İqtisad Universitetinin (UNEC) məzunlarının da diplomları hazırlanıb və onlara verilib. UNEC-dən saytımıza bildirilib ki, 2020-2021-ci tədris ilinin məzunları uzun müddətdir diplomlarını alıblar:

 

“Hazırda bəzi məzunlar var ki, onların diplomu hazır olsa da, özləri gəlib götürməyiblər. Amma bütün diplomların hazırlanması, təqdim edilməsi prosesi yekunlaşıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv