Modern.az

Qəhrəmanlarımızla fəxr edirik

Qəhrəmanlarımızla fəxr edirik

26 Oktyabr 2021, 11:25

Azərbaycanımızın, Qarabağımızın hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsi tarixi hadisədir, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsinin ayrılmaz bir parçasıdır.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələrilə görüşdə səsləndiriyi fikirləri şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat işğaldan azad edilən bütün digər ərazilərimiz kimi Qubadlı uğrunda döyüşlərin də hərb tarixinə qızıl hərflərlə yazılacağını bildirib:

 

“Zaman keçdikcə, hərbi əməliyyatların, döyüş səhnələrinin təfərrüatları bəlli olduqca, 44 günlük Vətən Müharibəsində göstərilən saysız-hesabsız parlaq qəhrəmanlıq nümunələrindən heyrətlənməmək, qürur duymamaq olmur. Vətən uğrunda canını fəda verən, sağlamlığını itirən, düşmənə qarşı əzmlə mübarizə aparan, əlçatmaz ucalıqları Vətən sevgisinin gücü ilə fəth edən döyüşçülər bizim gerçək qəhrəmanlarımızdır. Cənab Prezident Qubadlı rayon ictimaiyyətinin nümayəndələrilə görüşdə onlardan biri - Azərbaycan Respublikasının Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov haqqında söz açdı. Aprel döyüşlərində göstərdiyi misilsiz qəhrəmanlığa və rəşadətə görə Milli Qəhrəman adına layiq görülən, Qubadlı rayonunun sakini Şükür Həmidov doğma yurdunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhid olub. Doğulduğu torpağın azadlığı uğrunda canını fəda edib. Prezidentimiz Şükür Həmidov haqqında böyük sevgi ilə söz açdı, ona Milli Qəhrəman adının xüsusi fərqlənmə nişanını şəxsən təqdim etdiyini bildirdi, qəhrəman polkovnikin şəhid olmasının hamı üçün böyük itki olduğunu dedi. Qeyd etdi ki, Şükür Həmidov bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Bu, hər bir əsgərinin, zabitinin xatirəsini əziz tutan, onlara öz doğmalarından biri kimi yanaşan Ali Baş Komandanın hərbçilərimizə, gənc nəslə mesajı, tövsiyyəsidir. Biz öz qəhrəmanlarımızın həyatını, keçdikləri döyüş yolunu özümüz üçün nümunə götürməli, saxta ideyalardan, qondarma “dəyərlər”dən uzaq durmalıyıq. Azərbaycan xalqının qəhrəman oğullarının döyüş meydanında göstərdikləri rəşadət təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün nümunə ola bilər. Biz öz qəhrəmanlarımızla qürur duyur, onlarla bir torpaqda doğulduğumuza, eyni Vətənin övladları olduğumuza görə fəxr edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir