Modern.az

Qarabağdakı sülhməramlıların yeni komandanı niyə passivdir...

Qarabağdakı sülhməramlıların yeni komandanı niyə passivdir...

Parlament

26 Oktyabr 2021, 14:20

Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni - üçüncü komandanı general-leytenant Gennadi Anaşkindir.

Təyinatından bir ay ötməsinə baxmayaraq, generalın danışıqlar prosesində aktiv iştirakı, mətbuata açıqlamaları müşahidə edilmir.

Əvəzində bəzi proseslərlərdə, o cümlədən əsirlərin qaytarılmasında keçmiş komandan Rüstəm Muradov aktiv iştirak edir.

Maraqlıdır, rus sülhməramlılarının yeni komandanının proseslərə qoşulmaması, ictimaiyyət üçün qapalı qalmasının səbəbi nədir?


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
 Elman Məmmədov Modern.az-a bildirib ki, kimliyindən asılı olmayaraq sülhməramlıların komandanları Moskvaya tabedir:

 

“Bizim müşahidə etdiyimiz odur ki, 2020-ci ildə Azərbaycan ərazisinə gəldikləri gündən onların məqsədi ermənilərə şərait yaratmaq və ermənilərin təhlükəsizliyini qorumaqdır. Adlarını istəyir sülhməramlı, istəyir erməniməramlı qoysunlar, amma onlar gəldikləri gündən ermənilərə dəstək durdular. Ərzaq, yanacaq yardımı etdilər”.
 

Deputat istər sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov, istərsə də yeni komandan Gennadi Anaşkinin ermənilərə himayədarlıq etdiyini vurğulayıb.

“Mən bu müddət ərzində bir azərbaycanlı olaraq görürəm ki, onların nəzarətində olan Laçın dəhlizi vasitəsilə yad adamlar Azərbaycana gəlib-gedir. Sülhməramlıların yeni rəhbəri də, keçmiş komandan Rüstəm Muradov da ermənilərə himayədarlıq edir. Gennadi Anaşkinin iş proseslərinə qarışmamaq məsələsinə gəldikdə isə istər Rüstəm Muradov, istərsə də başqa biri olsun, şəxsiyyət faktiki olaraq heç bir əhəmiyyət kəsb etmir. Onların təlimatları mərkəzdən-Moskvadan verilir. Mərkəz hansı tapşırığı verirsə, onlar tabe olub, icra edirlər”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas isə fikirlərini qısa və kəskin şəkildə ifadə edib.


“Rüstəm Muradov da, indi yeni gələn rəhbər də bir-birindən fərqlənmir. Deyə bilərəm ki, Rüstəm Muradov “tula itdən betərdir””.

 

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, yeni gələn komandan hələ ki proseslərə tam daxil ola bilmədiyi üçün öz susqunluğunu qoruyur. Deputatın fikrincə, Rüstəm Muradov Qarabağda gedən prosesləri daha dərindən anlayır və məhz buna görə aparılan danışıqlarda iştirak edir.

 

“Rüstəm Muradovdan sonra Mixail Kosobokov təyin olundu. Bununla bağlı bir çox müəmmalı məsələlər yarandı və diplomatik kabinetlərdə çözüldü. Ardınca üçüncü komandan Gennadi Anaşkin təyin edildi. Artıq bir ay olmasına baxmayaraq, yeni komandan Rüstəm Muradov qədər proseslərə daxil ola bilməyib. Hazırda da əsirlərin geri qaytarılmasında və digər məsələlərdə Rüstəm Muradov iştirak edir. 10 noyabr razılaşmasından dərhal sonra regiona gəlib, hələ barıt qoxusu çəkilməmiş ərazidə illərdir davam edən düşmənçiliyin ab-havasını duymaq Muradova qismət oldu. Mən düşünürəm ki, bu səbəbdən ilk gündən proseslərin içərisində Rüstəm Muradov olduğu üçün hələ də vasitəçilik etməkdən çəkilə bilməyib. Rəhbər şəxsin mediaya açıq olub-olmaması önəmli deyil. Əsas önəmli olan məsələ müəyyənləşmiş mandat çərçivəsində yerləşdirilmiş ərazilərdəki fəaliyyətlərin həqiqətən sülhə, təhlükəsizliyə xidmət etməsidir. Rüstəm Muradov ilk gündən proseslərə qoşulduğu üçün və həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə sıx əlaqə qura bilməsi səbəbi ilə hələ də bu işlərdən tam çəkilməyib”.

 

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Hazırda sülhməramlıların başında  Gennadi Anaşkin dayanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü