Arxiv
26 Oktyabr 2021, 16:18 | İQTİSADİYYAT
“Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması üçün tədbirlərin icrası başa çatdırılıb.



Bunu Modern.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib.

 

R.Əliyev qeyd edib ki, istilik sistemi respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən işə salınacaq:

 

“Mövsüm ərzində “Azəristiliktəchizat”a məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən, 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1810 m2 izolyasiya örtüyü və 925 metr2 kərpic örtüyü dəyişdirilib.

İstilik şəbəkələrində 22779 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12916 ədədi əsası və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəzlənib.

Magistral və məhəllədaxili istilik xətlərində 16732 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11018 m2 dam örtüyü təmir edilib.

Bundan başqa, 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib  və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib”.

Onun sözlərinə görə, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq, 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb:

 

“Belə ki, 990 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

1893 ədəd qoruyucu klapan və 2246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2970 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq qurumun balansında olan 155 km qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb, 1809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənib,  istismara yararsız olanlar yenisi ilə əvəz olunub.

“Azəristiliktəchizat”a məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir”.



“Azəristiliktəchizat” tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən:



- İstehsal edilmiş isti suyun satışı;


- İstehsal edilmiş istiliyin satışı;


- Abonent məlumatlarının dəyişdirilməsi;


- Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi;


- Borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi;


- Əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması;


- İsti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət;


- İsti su sayğaclarının quraşdırılması üçün müraciət;


- İstilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi;


- Qeyri-əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.



“Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün tədbirlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”, - deyə qurum rəsmisi əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv