Arxiv
26 Oktyabr 2021, 18:09 | MEDİA
Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı

Oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumuna Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb. Mediaforum oktyabrın 24-ə qədər davam edib.


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumunda Azərbaycandan olan bəzi iştirakçılar öz təəssüratlarını Modern.az-la bölüşüblər.


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, bu forumu digər konfranslardan fərqləndirən əsas cəhət praktik yönlərin həddən artıq üstünlük təşkil etməsi idi:



“Türk Konseyinin mediaforumu son dərəcə məhsuldar, maraqlı və eyni zamanda nəticəli bir tədbir oldu. Bilirik ki, adətən konfranslarda nəzəri planlar önə çəkilir, amma bu forumda praktik yönlər həddindən artıq üstünlük təşkil edirdi.


Məsələn, bir misal çəkim: çıxışçıların hər biri konkret təkliflərlə iştirak edirdilər. Bundan əlavə, müxtəlif praktiki müzakirələr təşkil olundu. Həmin müzakirələrdə “beyin fırtınası” edildi. Çox maraqlı təkliflər irəli sürüldü.


Mən fəxrlə deyirəm ki, Azərbaycan doğrudan da ən maraqlı, aktiv iştirak edən nümayəndə heyəti oldu. Həm çıxışlarımız maraqlı, yadda qalan oldu, həm təkliflərimiz qeydə alındı.


Belə düşünürəm ki, bu mediaforum gələcəkdə Türk Konseyi üzvü olan cümhürriyyətlərin çox sağlam və əsaslı platforma yaratması istiqamətində önəmli addım oldu. Yəni forum sağlam bir fundament yaratdı”.


Medianın İnkişafı Agentliyinin (MEDİA) qazi əməkdaşı Vasif Dilavərzadə deyib ki, forumda ən önəmli məsələ təkliflərin nəzərə alınması idi:


“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu çox yüksək səviyyədə keçirildi. Müzakirələr oldu, təkliflər nəzərə alındı”.



İctimai TV-nin əməkdaşı Heydər Mirzənin fikrincə, mediaforumda müşahidə olunan proseslərdə əsas məqam odur ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında bir bağ rolunu oynayır:


“Türk Konseyinin mediaforumundan çox xoş təəssüratlarla geri döndük. Azərbaycan tərəfi orada böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətinə jurnalistlər, yazarlar daxil idi.


Forum görülən ciddi işlərin nəticəsi idi. Orada qəbul olunan qərarlardan biri budur ki, Türk Şurasına üzv ölkələr birgə jurnalist hövzəsi yaratsınlar. Müxtəlif sahələr üzrə ixtisaslaşmış hər bir ölkəni təmsil edən jurnalistlər bu hövzədə cəmləşsinlər. Müvafiq olaraq, sahələr üzrə sadəcə öz ölkələrində, öz dillərində deyil, konseyə daxil olan bütün dövlətlər üçün yazsınlar.


Qoyulan prioritetlərdən biri də budur ki, artıq müvafiq media qurumları öz sərhədlərindən kənara çıxaraq, digər ölkələr haqqında gedən proseslərdən xəbərdar olsunlar. Məsələn, Azərbaycan Qazaxıstan haqqında, Qazaxıstan Azərbaycan haqqında. Təbii ki, bu türk dövlətlərinin bir-birinə daha tez inteqrasiyasına yol açır.


Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti üçün nəzərə çarpan məqam o idi ki, 44 günlük Vətən müharibəsindən sonra dövlətimiz Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında bir bağ rolunu oynayır. Bu əvvəl də belə idi, amma qələbəmizdən sonra rolumuz daha da artdı. Tədbirdə bu tam aydın şəkildə hiss olunurdu”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv