Modern.az

Şagirdlər qiymətlərini valideynlərindən GİZLƏDƏ bilməyəcək

Şagirdlər qiymətlərini valideynlərindən GİZLƏDƏ bilməyəcək

Təhsil

27 Oktyabr 2021, 11:42

“Orta məktəblərin elektron jurnallara keçməsi qiymətləndirmə sistemində şəffaflığı artıracaq, aşkarlığı və hesabatlılığı gücləndirəcək”.

 

Bunu Modern.az-a orta məktəblərdə tətbiqinə başlanan elektron jurnalların üstünlükləri haqqında danışan təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib. O bildirib ki, elektron jurnallara keçid orta məktəblərdə mərhələli aparılacaq:

 

“Artıq 200-ə qədər orta məktəb bu jurnallardan istifadə edir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəblərdə isə bu sistem əvvəldən mövcud idi. Elektron jurnalların tətbiq edilməsi sayəsində müəllim, valideyn, şagird və təhsil prosesinin digər tərəfdaşı olan şəxslər, monitorinqi həyata keçirən Təhsil Nazirliyi prosesə daha yaxşı nəzarət edə biləcəklər. Ənənəvi jurnal məktəbdə saxlandığına görə, valideynlər, Təhsil Nazirliyi, Təhsil Şöbəsinin monitorinq qrupu yalnız fiziki şəkildə məktəbə gələrsə, jurnalla tanış ola bilirdi. Jurnalların elektronlaşması nəticəsində hər bir təhsil tərəfi qiymətləri, qaibləri, şagirdin göstəricilərini izləyə bilir. Bununla proses daha da şəffaflaşmış olur. Bəzən sənəd üzərində məktəbdə olduğu göstərilən şagird fiziki olaraq dərslərdə iştirak etmirdi. Elektron jurnalları bu kimi qeyri-şəffaf halların da qarşısını alacaq”.

 

Mütəxəssis düşünür ki, heç də bütün müəllimlər elektron jurnalın istifadə qaydaları ilə tanış deyil:

 

“Necə ki, distant təhsilə keçəndə müəllimlər “Teams” sisteminə qoşulmaqda çətinlik çəkdi, elektron jurnallarla bağlı da eyni vəziyyətdir. Ümid edirik ki, təlimatlandırıcı videoçarxlar təqdim ediləcək, müəllimlərin öyrənməsi asanlaşacaq.

 

Elektron jurnallara tam keçid üçün məktəblərin elektron vasitələrlə tam təmin olunması, internetə çıxışı da yüksək səviyyədə olmalıdır. Bəzi məktəblər var, hansı ki, internetə çıxışı yoxdur, kompüter avadanlığı cəmi 1-2 ədəddir və s. Buna görə, mərhələli şəkildə proses həyata keçirilsə, ucqar məktəblər də zamanla elektron jurnallardan istifadə edə biləcəklər”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir