Arxiv
27 Oktyabr 2021, 16:30 | ÖLKƏ
Ermənistanın QARA LƏKƏSİ - Parlamentdəki qətliamı kim sifariş etmişdi...

Bu gün Ermənistan parlamentində törədilmiş qətliamın 22-ci ildönümüdür.


Modern.az
saytının məlumatına görə, 27 oktyabr 1999-cu il tarixində Ermənistan parlamentin hökumət üzvlərinin iştirakı ilə keçirilən növbəti iclası zamanı bir qrup silahlı şəxs zala soxulub. Basqınçılar parlament sədri Karen Demirçyanı, baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Anahit Baxşyan və Ruben Miroyan, deputatlar Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələyərək, qətlə yetiriblər.

Silahlı dəstənin başçısı, keçmiş jurnalist, Daşnaksutyun təşkilatının sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan idi. Şahidlərin dediyinə görə, silahlılar parlamentdə dövlət çevrilişinin baş tutduğunu elan ediblər. Hunanyan o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə “bəsdir qanımızı içdiyiniz",-deyə qışqırıb.

Sarkisyan isə ona “hər şey sənin və övladlarının gələcəyi üçün edilir",-deyə cavab verib. Bundan sonra Hunanyan atəş açıb.

O zaman parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qalmışdı.

Prezident Robert Koçaryanla danışıqlardan sonra silahlı dəstə ertəsi gün təslim olmuşdu.

"Mən düşünürdüm ki, ölkəmin və xalqımın çiçəklənməsi naminə silah götürüb, parlamentin hökumətlə birgə iclasında təzyiq vasitəsilə baş naziri istefa verdirib siyasətdən getməyə məcbur etməklə, ölkədə azad siyasi atmosferın formalaşması üçün imkan yaradaram",-deyə Nairi Hunanyan sonralar istintaqa ifadəsində bildirmişdi

İrəvanda keçirilən məhkəmənin 2 dekabr 2003-cü il tarixli hökmü ilə, silahlı dəstənin üzvləri vətənə xəyanət, terrorçuluq və qətl törətməkdə ittiham olundular. Nairi Hunanyan başda olmaqla, dəstənin 6 üzvü ömürlük, daha bir üzvü -14 il müddətinə həbsə məhkum edildi.


Parlamentə basqın zamanı həlak olanların yaxınları sonralar istintaq və məhkəmə prosesini qərəzlilikdə ittiham etdilər. Onlar prezident Robert Koçaryanı terror aktı sifarişçilərinin aşkar edilməməsində günahlandırdılar.

Hətta bu qətliamın arxasında Robert Koçaryanın özünün dayandığı iddia olunurdu. Qeyd edilirdi ki, Robert Koçaryan Karen Demirçyan və Vazgen Sarkisyan kimi nüfuzlu şəxsləri aradan götürtməklə dövlət aparatı, oliqarxiya və orduda öz mövqelərini möhkəmlədə bildi.

 


Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı bu gün yenidən o hadisələrə toxunub. Qeyd edilir ki, həmin hadisə ilə bağlı başlanmış cinayət işində hələ də suallar var.

Təxminən iki il əvvəl, 2019-cu ilin dekabrında Ermənistan Baş Prokurorluğu “27 oktyabr cinayəti”nin qurbanı olmuş Milli Məclis sədrinin müavini Yuri Baxşyanın vəkillərinin iş üzrə yeni istintaqa başlamaq üçün şikayətini təmin edib.

 

Cinayətin başqa iştirakçılarının, təhrikçilərin və mümkün təşkilatçıların olub-olmadığını öyrənmək üçün işin həmin hissəsi hələ 2000-ci ildə ayrılıb. Lakin 4 il sonra Baş Prokurorluq cinayət tərkibi olmadığına görə ona xitam verib.

“Joğovurd” qəzetinə məlum olub ki, o zaman iş çərçivəsində xeyli adam dindirilib, sənədlər araşdırılıb. Məlumatı prokuror müşaviri Qor Abramyan da təsdiqləyib.

 

“Bəli, dindirənlər çox olub, xeyli sayda sənədlər götürülüb. Prokurorluğun İstintaq İdarəsinə əməliyyat-istintaq tədbirlərinin və konkret istintaq hərəkətlərinin aparılması tapşırılıb. Hazırda onlar davam edir”, - deyə Abramyan bildirib. O, işin iki ilə yaxındır dərc edilməməsini onun kifayət qədər böyük məxfilik elementlərinin olması ilə izah edib.

“Heç bir yeni ittiham yoxdur”,-deyən Qor Abramyan əlavə edib ki, “işin istintaqı hələ də yekunlaşmayıb”.

 
Abramyan iş çərçivəsində kimin dindirilməyə çağırıldığını açıqlamayıb.

2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişiklikdən sonra “27 oktyabr qurbanları”nın hüquqi varisləri ümid edirdilər ki, Nikol Paşinyan hökuməti faciəli cinayətin bütünlüklə açılmasına kömək edəcək.


Lakin reallıq ondan ibarətdir ki, hakimiyyət dəyişikliyindən üç ildən çox vaxt keçsə də, hüquq-mühafizə orqanları 8 nəfərin ölümü ilə nəticələnən cinayətlə bağlı yeni heç nə açıqlamayıb.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv