Arxiv
28 Oktyabr 2021, 09:30 | MÜSAHİBƏ
“İranla münasibətlərimiz imtahana çəkildi” - MÜSAHİBƏ

Səməd Seyidov: “Minsk qrupu bu yaxınlarda Azərbaycana gəlmək istəyir”


"Biz təkcə torpaqlarımızı işğaldan azad etməməşik, həm də şüurumuzu azad etmişik"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a müsahibə verib. Deputatla söhbəti təqdim edirik:


- Səməd müəllim, Azərbaycan Müqəddəs taxt-tacda – Vatikanda səfirlik açır. Azərbaycanın Vatikanda səfirlik açmasını necə dəyərləndirə bilərsiniz? Səfirliyin açılmasının perspektivləri nə ola bilər?

- Hesab edirəm ki, bu, çox vacib addımdır. Əslində Vatikanla münasibətlərimiz çoxdan mövcuddur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bəri Müqəddəs Taxt-Tacla əlaqələrini inkişaf etdirmişdir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Vatikana, 2002-ci ildə Roma Katolik Kilsəsinin rəhbəri II İoan Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoymuşdur. Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Vatikanla əlaqələrinə önəmli təkan vermişdir. Həm Azərbaycan Prezidenti, həm də Birinci vitse-prezident dəfələrlə Vatikanda olmuşlar. Düşünürəm ki, indiki şəraitdə Vatikanda səfirliyin açılması böyük əhəmiyyət kəsb edir. Bu həm də Azərbaycanın apardığı siyasətin, tolerantlığın, ölkəmizdə bütün dinlərə olan münasibətin bariz nümunəsidir. Azərbaycanı istəməyən bəzi qüvvələr bizi hansısa dini məsələlərdə ittiham edirlər. Bu gün dünyada İslamafobiya, Azərbaycanfobiya, Türkiyəfobiya mövcuddur. Təəssüf ki, biz bunların hamısını görürük. Vatikanda səfirliyin açılması bunların hər birinə ən yaxşı cavabdır.


- Siz illərdi ki, beynəlxalq arenada çıxışlar edirsiniz. Azərbaycanın haqq işini beynəlxalq təşkilatların qarşısında tələb kimi ortaya qoymusunuz.  Bu gün isə Azərbaycan fərqli obrazda dünyanın önündədir. Bugünkü reallıqları dünənki  haqsızlıqlarla müqayisə edəndə yaranan mənzərə necə təsir bağışlayır?


- Bunlar tamamilə bir-birindən fərqlənir. Beynəlxalq təşkilatlarda illər boyu işləməyimizə baxmayaraq, işğala məruz qalmışıq, əzilmişik, təhqir olunmuşuq. Əlbəttə, çətin vəziyyətdə olan ölkələr mövcuddur, amma bizim ən böyük problemimiz o idi ki işğala, təcavüzə məruz qaldığımız halda bu vəhşiliyi, cinayəti görmək istəmirdilər. Hardasa bir hadisə baş verdikdə və onun insanlığa, bəşəriyyətə qarşı doğru olmadığı söylənilir. Ancaq bizə qarşı illər boyu fərqli mənzərənin şahidi olduq. Sanki törədilən cinayəti, insanlığa qarşı təcavüzü beynəlxalq ictimaiyyət görmək istəmirdi. Əksinə bəzi hallarda işğalçını, cinayət törədəni ya dəstəkləyir ya da müdafiəsinə qalxırdılar. Biz bununla uzun müddət mübarizə aparmışıq, beynəlxalq təşkilatların içərisində lazımi addımlar atmışıq, milli maraqlarımıza xidmət edən əhəmiyyətli sənədlər qəbul etdirmişik. İndi isə mənzərə tamamilə dəyişib. Azərbaycan qalib xalq, qalib dövlətdir. Azərbaycan elə bir səviyyədədir ki, hər sözünə, hər fikrinə, hər addımına diqqətlə yanaşırlar. Artıq beynəlxalq təşkilatlarda fərqli ab-havanın şahidi oluruq. Çünki indi region fərqlidir, bununla yanaşı, regionda olan geosiyasət də dəyişmişdir və beynəlxalq münasibətlər də artıq fərqlidir. Bəzi qüvvələr köhnə məsələləri gündəmə gətirib, hansısa bəyanatlar verib Azərbaycana təsir göstərməyə çalışırlar. Bu cür hallarla ya qəbul etdikləri sənədin dəyərini heçə endirir, ya da bu cür sənədləri qəbul edən təşkilatın nüfuzunu aşağı salırlar. 44 günlük Vətən müharibəsindən sonra Hollandiyada Azərbaycana qarşı 14-16 qətnamə qəbul edildi. Bu nəyə lazım idi? Eləcə də Fransada da bu cür hallarla rastlaşdıq. Bu gün isə Fransa ərazilərin minalardan təmizlənməsi üçün maliyyə ayırır.


- Maraqlı  bir məqama toxundunuz, bəzi qüvvələr nələrisə gündəmə gətirməyə çalışır. Heç uzağa getməyək, ATƏT-in Minsk qrupunu qeyd edək. Minsk qrupunun mövcudluğu  nəyə lazımdır? Niyə fəaliyyəti bitən bir qurumu diriltmək üçün səy göstərilir?

- Həmin Minsk qrupu illər boyu bizə qarşı fəaliyyət göstərib. Ona görə “qarşı” sözünü istifadə edirəm ki, əgər belə olmasaydı, təcavüzkara qarşı hansısa addımlar atmalı, sanksiyalar tətbiq etməli, yaxud da,  “sən işğalçısan, o torpaqları azad elə” kimi sözlər deməli olduqları halda bunu etməyiblər. Göründüyü kimi, Azərbaycanın milli maraqlarına qarşı olublar. Artıq yalnız Azərbaycan siyasətçiləri üçün yox,  həm də xalqımız içərisində “Minsk qrupu” sözü mənfi imic formalaşdırıb. Bizim üçün o təşkilat artıq keçmişdə qalıb. Getmiş qatarın sonuncu vaqonuna minmək istəyirlər. Amma burada əsas məsələ odur ki, əvvəllər qatar başqa istiqamətlərə gedirdi, qatarın sonuncu stansiyası isə Qarabağın statusu idi. Bu gün isə o status məsələsi yoxdur və ola da bilməz. Ona görə ilk növbədə qatarın hara getməli olduğu, istiqaməti bilinməlidir. Öncə özləri nə ilə məşğul  olduqlarını müəyyən etməlidirlər. Hər hansı beynəlxalq təşkilatın bizə olan marağına  etiraz etmirik. Ancaq məqsəd və təklifləri bilməliyik.  Hətta bu yaxınlarda onlar bura gəlmək istəyirlər. Xarici İşlər Nazirliyi ilə kontaktda da olublar. Bəlkə də gəlib regionda hansısa fikir mübadiləsi apardılar. Hər halda əsas söz Azərbaycanındır. Azərbaycanın yaratdığı reallığı artıq dəyişdirmək mümkün deyil. Minsk qrupuna daxil olan dövlətlər ayrı-ayrılıqda bu reallığı qəbul ediblər. Ancaq əvvəllər heç ayrı-ayrılıqda da qəbul etmirdilər. Rusiyanın mövqeyi bəllidir. Fransa isə artıq ölkəyə nümayəndə göndərir. Amerikada nə qədər erməni lobbisi usanmadan fəaliyyət göstərsə də, bugünkü reallıq başqadır. Biz hər zaman əməkdaşlıq etməyə hazırıq. Bir şərtlə ki, istiqamət, məqsədlər bəlli olsun və bizim milli maraqlarımıza cavab versin.


- Beynəlxalq münasibətlərdən danışırıqsa, mütləq diaspor fəaliyyətinə də toxunmalıyıq. Bu gün xaricdə yaşayan soydaşlarımız millətçilik, dövlətçilik maraqlarında aktivdirlər. Azərbaycan diasporunun getdiyi yolu,  hədəf və məqsədlərini necə dəyərləndirirsiniz? Daha hansı addımlar atılmalıdır?

- Çox maraqlı sual verdiniz. Ona görə ki, artıq biz fərqli Azərbaycanla yanaşı, həm də fərqli azərbaycanlı müşahidə edirik. Biz torpaqlarmızı işğaldan azad etməklə yanaşı, həm də şüurumuzu azad etmişik. Bu olduqca əhəmiyyətlidir, çünki şurumuzun içərisində də ağrı-acı var idi.


- Amma bu qüsur ölkənin hüdudlarından kənarda xüsusilə boynubükük görünürdü...


- Əlbəttə. Neçə illər idi ki, xaricdəki tədbirləri izləyirdim. Düzdür, hər bir iş görülürdü. Amma çiyinlərimizdə bir yükün, ağırlığın, qəlbimizdə bir yaranın olduğu da hiss edilirdi. Hansısa tədbirdə iştirak edirdik, amma daxilimizdə bir yara sızıldayırdı. O ağrını kəsmək olmurdu, dərmanı yox idi. Artıq o dərman tapıldı. Xalqımızla cənab Prezident arasındakı birlik o yaranı sağaltdı. Burada həmçinin, şəxsiyyət məsələsi də çox önəmlidir. Azərbaycanın belə bir tarixi dönəmində həmin şəxsiyyət ölkə rəhbəri oldu. Azərbaycanın coğrafi və geosiyasi miqyasını genişləndirməsi nəticəsində əmələ gələn dalğalar bütün dünyada əks-səda doğurdu. Bu siyasi miqyasla dünyada hər bir azərbaycanlı qürur duymağa başladı. Bu gün dünyada yaşayan azərbaycanlılar gücü, qüvvəni  daxilən hiss edir. Bu da təbii ki xaricdə yaşayan azərbaycanlıları bir-birinə yaxınlaşdırır. Sevindirici haldır ki, diaspor təşkilatlarımız aktivləşib. Bu istiqamətdə çalışan Diasporla İş üzrə Dövlət Komitəsi də aktivdir. Bizim hər birimizi birləşdirən bir Vətənimiz var. Ona görə  birlikdə fəaliyyət göstərərək daha da güclü olacağıq.


- İllərlə erməni lobbisinin gücü haqqında mif formalaşıb. Amma 44 günlük savaşda və savaşdan sonra erməni lobbisi sanki zəifləyib. Bu cür uydurma təqdimatların edilməsi hansı məqsədi daşıyırdı?

- Mən sizinlə razılaşa bilmərəm. Erməni lobbisinin gücü heç də zəifləməyib. Sizin sualınızda bir nöqsan var. Bu, qələbənin yaratdığı eyforiyadan irəli gəlir. Elə düşünmək lazım deyil ki, biz qalib gəldik və bundan sonra erməni lobbisi heç nə edə bilməyəcək. Əksinə, qalibiyyət bizi bu istiqamətdə işlər görməyə daha da sövq etməlidir. Erməni lobbisi bu gün Avropa Şurasında bizə qarşı müxtəlif cəhdlər göstərir, məhkəmələri gündəmə gətirir. Hesab edirəm ki, biz hər zaman ayıq-sayıq olmalıyıq. Yenə də əvvələ qayıdıram. Müqəddəs Taxt-Tacda səfirlik açmaqla həm yəhudini, həm də xristianı nəzərə aldığımızı göstəririk.


- Səməd müəllim, siz ixtisasca psixoloqsuz. Siyasi arenada baş verənləri psixoloq kimi necə müşahidə edirsiz?

- Əvvəla, psixologiya ilə həmişə məşğul oluram. Əsasən də siyasi psixologiya ilə. Bu istiqamətdə Siyasi Psixologiya Mərkəzi də fəaliyyət göstərir. Tələbələrin də iştirakı ilə maraqlı görüşlər keçiririk. Bu gün biz ruh yüksəkliyindən ən yaxşı mənada bəhrələnməliyik. Qələbə bizə elə güc, elə enerji verib ki, bununla xeyli işlər görmək mümkündür və görülür. Bu yaxınlarda Şuşada oldum. Həyatımın ən xoşbəxt günlərini yaşadım. İş elə gətirmişdi ki, həyatım boyu Şuşada olmamışdım.



- O zaman fərqli hisslər yaşamısınız...


- Tamamilə fərqli hisslər idi. Mən o hissləri sizə çatdıra bilmirəm. İndi də danışdıqca, daxilimdə kövrəlirəm. Orada olanda bir şeyi öz gəzlərimlə müşahidə etdim. Qarabağı yenidən quran insanlar fərqli bir yanaşma, fərqli bir hisslə dünyaya baxırlar. Bunu yaradan Azərbaycan xalqı,  Azərbaycan Prezidentidir. Heç kim inanmazdı ki, bir il ərzində bu qədər işlər görülə bilər. Qısa bir müddətdə sıldırım dağların üzərində elektrik xətlərinin necə çəkilməsini hələ də təsəvvür edə bilmirəm. O elektrik xəttini çəkən Azərbaycan xalqının ruhudur. Dünyanın heç bir yerində qısa müddət ərzində dağların üzərindən aşmaq mümkün deyil. Necə ki əsgərlərimiz sıldırım qayalardan yüksəlib Şuşanı azad etdilər, insanlarımız da bu gün 30 il həsrətini çəkdiyimiz Şuşanı bu cür qurub-yaradırlar.


- Bəs üzvü olduğunuz parlamentin aktivliyi barədə nə deyə bilərsiniz?


- Həyata keçirilən, görülən işlər göz qabağındadır. Parlament nümayəndə heyətləri qısa müddət ərzində bir çox xarici ölkələrə səfərlər ediblər. Milli Məclisin sədri Sahibə xanım Qafarova ard-arda xarici ölkələrə səfərlər edir. Tərəfdaşlıq etdiyimiz xarici ölkələrin parlamentarilərinin bizə qarşı baxışları da dəyişib. Türkiyənin bizə yanaşması aydındır. Eyni zamanda, Türkiyənin ardınca Gürcüstanın da mövqeyi qeyd olunmalıdır.


- Amma regionda İranın addımları ikrah hissi yaradır. Sanki bizim qələbəmizi psixoloji olaraq qəbul edə bilmirlər.

- Söhbət yalnız psixoloji amildən  getmir. 30 il ərzində regionda fərqli Azərbaycan var idi. Sanki İranla münasibətlərimiz imtahana çəkildi, ancaq Azərbaycanın apardığı düzgün xarici siyasət öz nəticəsini göstərdi. Artıq İran tərəfi anladı ki, qonşu ölkələrlə münasibətlərimizi qurarkən biz hamıya hörmətlə yanaşırıq və bunun qarşılıqlı olmasını görmək istəyirik. Bunu qarşı tərəf dərk etdikdən sonra artıq hansısa problemin qalmadığını görürük. Artıq sərhəd-keçid məntəqəsindən yük maşınları rüsumlarını ödəyib keçirlər. 30 il ərzində isə bu belə deyildi.


- Amma etiraf etməliyik ki, İranın Azərbaycana olan münasibətərində qısqanclıq meyarları istisna deyil.

- Qısqanclıq beynəlxalq münasibətlərdə ən çox özünü göstərən məsələlərdən biridir. Söhbət yalnız İrandan getmir. Beynəlxalq münasibətlərdə hansısa dövlət yüksəlirsə ya ona qarşı təhdid yaranır ya da hansısa formada həmin dövlətə qarşı işlər görülməyə başlayır. Bu beynəlxalq münasibətlərdə olan reallıqdır. İlk dəfə olaraq Azərbaycan və Türkiyə fərqli münasibət - yəni mənim öz maraqlarım sənin, sənin maraqların isə mənimkidir anlayışını dünyaya təqdim etdi.


- “Bir millət iki dövlət” devizi hər zaman aktualdır...

- Söhbət təkcə “Bir millət iki dövlət” olmaqdan getmir. “Sənin kədərin mənim kədərim”, “sənin sevincin mənim sevincim”dən də getmir. Bu fəlsəfələrin əsasında “sənin gücün mənim gücüm”, “mənim gücüm sənin gücün” fəlsəfəsi gündəmə gəldi. “Sənin azadlığın mənim azadlığım”, “sənin taleyin mənim taleyim”... bu şüarlar yox idi. Sənin və mənim azadlığımız tam şəkildə bir-birindən asılıdır. Türkiyənin azadlığı Azərbaycanın azadlığına, Azərbaycanın azadlığı isə Türkiyənin azadlığına bağlıdır. Rəcəb Tayyib Ərdoğan bu ilin iyulunda parlamentdə çıxışı zamanı belə fikir səsləndirdi: “Azərbaycanın aydınlığı, sevinci, kədəri,  azadlığı və  taleyi bizimlə bağlıdır”. İlk dəfə beynəlxalq aləmdə bu iki dövlət yeni beynəlxalq münasiblətlər düsturu təqdim etdi. Bu beynəlxalq münasiblətlər düsturu öncə qısqanclıqla qarşılansa da, paradoksal səslənməyinə baxmayaraq, müharibədən sonra bir sıra dövlətləri də bir-biri ilə yaxınlaşdırır.


- Səməd müəllim, beynəlxalq siyasəti psixoloq olaraq daha aydın analiz etməyi bacarırsız. Amma yaradıcı tərəfiniz kütləvi deyil. Halbuki, maraqlı şeirlər yazırsız. Bu həvəs nədən qaynaqlanır?

- Burada qeyri-adi heç bir şey yoxdur. Hər bir insan  daxilində olan hissləri hansısa formada büruzə verməyə çalışır. Həm özü, həm də oxucusu üçün yaradcılığını reallaşdırmağa çalışır. Yaradıcılıq bizim həyatımıza məna verən bir fenomendir. İnsanın daxili gərginliyinin aradan qaldırılması üçün bir dərmandır. Sonuncu kitabımın adı “Mənim dərmanım” adlanır. Ona görə ki, biz çox əziyyət çəkmişik. Hər zaman siyasi məsələləri, bizə olan haqsızlıqları kağıza köçürürdüm. Bu istiqamətdə ictimaiyyətlə yanaşı, daha çox özüm üçün fəaliyyətimi davam etdirirəm.


- Adətən yaradıcı adamların yaradıcılığında sevgi qırmızı xətt kimi keçir. Bəs Səməd müəllimin yaradıcılığında bu necədir?

- Bəs vətənə münasibət haradan gəlir? İnsan bu hisslərsiz yaşaya bilərmi? Bəs bizim şəhidlərimiz bu hiss olmadan o ali zirvəyə yüksələ bilərdilərmi?! Elə qəhrəmanlarımız  var idi ki, yaralı ola-ola xəstəxanadan cəbhəyə getmişdilər. Söhbət yalnız düşüncədən getmir. Quru düşüncə faciəyə apara bilər. Düşüncə həmişə hisslərlə rəngarəngliyi, ahəngliliyi özündə ehtiva etməlidir. Sizin qəlbinizdə yalnız quru düşüncə varsa, o xətalı məsələdir. Əgər düşüncələr hisslərlə qovuşursa və hisslər düşüncələrə təsir edirsə, o zaman təbii olması mümkündür. Yaxud da sizin içinizi ancaq hisslər bürüyürsə, onda da xəta baş verəcək. Bir psixoloq kimi bilirəm ki, bu balansı yaratmaq üçün hansı üsullardan istifadə etmək lazımdır. Bunun çox sadə yolu var. Bu yol da mədəniyyətdən gəlir. Mədəniyyətin içində həm şüur, həm fikir, həm dərin düşüncə, həm də hiss var. Mədəniyyətə yalnız hisslə yanaşanda, görmək istəmədiyimiz mədəniyyətə çevrilir. Yaxud da mədəniyyətə düşüncə ilə yanaşanda, o zaman maraqsız, cazibədar olmayan  mədəniyyət gündəmə gəlir. Əsl mədəniyyət vəhdət yaradır. Dərin fikirlə ali hiss xarı bülbülü yaradır, Üzeyir Hacıbəyovu yaradır. Üzeyir Hacıbəyov alimdir, mütəfəkkirdir, ancaq yaradıcı şəxsdir. Onun hər bir musiqisində, hər bir sözündə həm fəlsəfə, həm də hiss var. Bunları bir-birindən ayırmaq olmaz. Mədəniyyəti isə formalaşdırmağın bir yolu var. O da təhsildir. Həm özünü, həm də ətrafı təhsillə bağlı mühitə gətirib çıxartmalısan. Bu çox vacibdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv