Modern.az

Yaşasaydı, yubileyini qeyd edəcəkdi...

Yaşasaydı, yubileyini qeyd edəcəkdi...

28 Oktyabr 2021, 10:30

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin keçmiş kafedra müdiri Seyidəli Məmmədlinin doğum günüdür.

 

Modern.az xəbər verir ki, Seyidəli Həsən oğlu Məmmədli 1951-ci ildə Qax rayonunun Dəymədağlı kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə, Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada əyani təhsil alıb. Pedaqoji fəaliyyətinə Qax rayonun uçqar yaşayış məntəqələrindən olan Sarıbaş kənd orta məktəbində başlayıb. Bir müddət sonra elmi fəaliyyətini davam etdirmək üçün paytaxta gəlib. Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə pedaqoji elmlər namizədliyini müdafiə edib. S.Məmmədlinin elmi rəhbəri pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov idi. Tale elə gətirib ki, 1977-1989-cu illərdə onlar bir yerdə Təhsil Problemləri İnstitutunda işləyiblər.

 

Seyidəli müəllim 1989-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsində çalışıb.

 

2007-ci ildən ömrünün son gününədək Azərbaycan Turizm və Menecment Universitetində, Dillər kafedrasının müdiri vəzifəsində işləyib. Paralel olaraq Slavyan Universitetində rus sektorunda çalışan magistrlərə Azərbaycan dilini tədris edib. Eyni zamanda bir sıra mətbu orqanlarda müəllif yazıları ilə çıxış edib.

 

5 ali təhsilli övlad atası olan Seyidəli müəllimin həyat yoldaşı da müəllimlik fəaliyyəti ilə məşğul olub, hazırda təqaüddədir. Seyidəli Məmmədli 70-dən çox elmi əsərin, dilçiliyə aid bir sıra kitabların müəllifi və həmmüəllifi idi. Nəcib insan, dəyərli pedaqoq yaşasaydı, bu gün, 28 oktyabrda 70 illik yubileyini qeyd edəcəkdi. Amma keçən ilin 9 noyabrında, elə doğum günündə yoluxduğu koronavirus pandemiyası Seyidəli müəllimi də sıralarımızdan aparmaqla ailəsini, onu tanıyan çoxsaylı insanları, birgə çalışdığı kollektivi, tələbə ordusunu dərindən sarsıtdı.

 

Vətənə, millətinə dərindən bağlı olan gözəl ziyalımız Qarabağın azadlığını həsrətlə gözləyirdi. Bəlkə də Uca Yaradan ona bu istəyinə görə möhlət verdi, Şuşamızın azad olunmasından bir gün sonra müalicə olunduğu “Zığ” Modul Tipli Hospitalda dünyasını dəyişdi, Suraxanı rayonundakı “Dədə Qorqud” məzarlığında torpağa tapşırıldı.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər