Modern.az

Müxalifət Paşinyana yeni rəqib TAPDI - O, baş nazirliyə namizəd olacaq

Müxalifət Paşinyana yeni rəqib TAPDI - O, baş nazirliyə namizəd olacaq

28 Oktyabr 2021, 12:04

Ermənistandakı bəzi siyasi partiyalar hazırkı Ombudsman - səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatacaq Arman Tatoyanı öz sıralarına cəlb etmək üçün mübarizəyə başlayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında bildirilib.

Məlumata görə, Arman Tatoyanı öz sıralarında görmək istəyən siyasi təşkilatlar arasında “Həyat ölkəsi” partiyası xüsusilə canfəşanlıq edir. Bu partiyanı Rusiyanın erməni iş adamı Ruben Vardanyan maliyyələşdirir.

Qeyd edilir ki, erməni milyonçu növbəti seçkilərdə Arman Tatoyanı baş nazir postuna namizəd olaraq Nikol Paşinyanın önünə çıxarmaq istəyir. Onun artıq Ombudsmana gizli təklif göndərdiyi barədə də informasiya sızdırılıb.

Ombudsman Aparatı isə Arman Tatoyanla bağlı informasiyaları təkzib edib. Bildirilib ki, Tatoyan heç bir siyasi təklif almayıb: “Ombudsman insan hüquqlarının müdafiəsi missiyasını rəhbər tutaraq, siyasətdən kənarda öz səlahiyyətlərini həyata keçirməkdə davam edir”, - deyə Tatoyanın mətbuat xidməti məlumat yayıb.

Ombudsman Arman Tatoyan bu gün Ermənistanda ən yüksək reytinqə malik fiqurlardan biri hesab olunur. Hətta onun asanlıqla baş nazir postuna namizəd ola biləcəyi də vurğulanır.

 

Yayılan məlumatlara görə, “Həyat ölkəsi” partiyasının sponsoru Ruben Vardanyan nəyin bahasına olursa olsun Tatoyanı yanında görməkdə israrlıdır. 

Partiyanın üzvü Movses Arakelyan mətbuata Tatoyanla bağlı suala konkret cavab verməkdən və informasiyanı təkzib etməkdən yayınıb.

Arman Tatoyan İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı ən sərt və barışmaz mövqedə dayanan fiqurlardan biridir. O, mütəmadi olaraq Azərbaycan əleyhinə sərt çıxışlar edir, açıqlamalar verir, beynəlxalq təşkilatlara mürüciətlər ünvanlayır.

Tatoyan tez-tez Zəngəzura səfər edir, sərhəddə yaşayan ermənilərin durumu ilə maraqlanır, onların şikayətlərini qeydə alaraq Paşinyan hökumətinə etirazlarını bildirir.

Ombudsman Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini heç cür həzm edə bilmir… O, Qarabağdakı silahlı erməni separatçılarının oradan çıxarılmasının qəti əleyhdarıdır.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi