Modern.az

Yurd keşikçilərinə məhəbbət nümunəsi

Yurd keşikçilərinə məhəbbət nümunəsi

Ədəbi̇yyat

28 Oktyabr 2021, 12:00

Akif Cabbarlı


Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəlmişdik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab elədiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında da fikir mübadiləsi etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə yenicə çapdan çıxmış “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.


Əvvəlcədən deyim ki, ədəbiyyat tənqidçisi olmadığım üçün oxucular yəqin ki, məndən hansısa analitik təhlil, dərin ədəbi düşüncələrlə süslənmiş fikirlər gözləmirlər və bu qısa qeydlərimdə Tapdıq müəllimin qələmə aldığı misralardan aldığım zövqü və ləzzəti oxucularla bölüşmək və müəllifə də ünvanlamaq istədim.


Adından da göründüyü kimi kitabda bütövlükdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəlik bacarığı ilə Azərbaycan ordusunun bir il əvvəl cəmi 44 gün ərzində mənfur düşmənin başıpozuq, lakin uzun müddət mifləşdirilmiş  hərbi hissələrini darmadağın etməsini, 30 illik işğala son qoymasını duyğusal şair sevgisi və əsl vətənpərvərlik hissi ilə qələmə alınmış poetik nümunələr toplanıb. “Qələbəm – qəlp qəlbə qəlpə” kimi olduqca maraqlı ad daşıyan şeirdə Tapdıq Əlibəyli yazır:

 

Üzümdən-gözümdən işıq ələnir,

Qələbəm – qəlp qəlbə qəlpə kimidir...

Üçrəngli Bayrağım nura bələnir,

Sevincə yas tutan bəlidir kimdir...

 

Şaddır Şəhidlərin Zəfərlə ruhu,

Düşməndən qisasın alındı, Vətən!

Ovunur qovrulan torpağın ahı,

Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!

 

Tapdıq Əlibəyli bu kitabında Vətənin azadlığı və istiqlaliyyəti uğrunda qəhrəmanlıq göstərərək canından keçmiş igid oğulları barədə səmimi duyğularını oxucuları ilə bölüşür, Milli Qəhrəman, general-mayor Polad Həşimov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, igid döyüşçülər Əsəd Əsədli, Xaliq Hüseynov və başqaları haqqında hər kəsin ürəyində ülvi duyğular yaradan misralarla Vətən uğrunda qurban getmiş igid soydaşlarımızın xatirəsinə dərin hörmətini və ehtiramını ortaya qoyur.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyirdi ki, “torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”.

 

Düşmən üstə hərb yürüşü –

Yurd uğrunda haqq döyüşü!

Zəfər yazsın qoy dönüşü

Azərbaycan əsgərinin!

 

Tapdıq Əlibəyli Türk qüdrətini, Türkiyənin Azərbaycana, Azərbaycan əsgərinə sevgisini dərindən duyan və qiymətləndirən söz adamı kimi yazır:

 

Tarix səhnəsində ərlər-ərənlər

Yazıb salnaməsin ox-nizəsilə.

Bu torpaq yetirən gör neçə öndər

Adın təsdiqləyib Türk imzasıyla.

 

Ulu Odlar yurdum – Azərbaycanım,

Bu gün göstərməklə ər qüvvətini!

Eşit, zərrə qədər yox həyəcanım,

Yağılar görməkdə Türk qüdrətimi!

 

Azərbaycanın ərazi btüövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini əziz tutan, Azərbaycan əsgərinin uğurlarına tükənməz məhəbbət bəsləyən şairin bu misraları da onun uğurlu poetik düşüncələri sırasında lap ucalarda boy göstərir.

 

Torpaq vətənləşər Şəhid qanıyla,

Vətən bütövləşər Şəhid qanıyla.

Torpağın bətnində adı-sanıyla

Vəhdət məqbərəsi – Şəhid məzarı.

 

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının və mənim də təmsil olunduğum Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisi, istedadlı qələm sahibi Tapdıq Əlibəylini təzəcə işıq üzü görmüş kitabı münasibəti ilə təbrik edir, qələm dostumuza yeni yaradıcılıq uğurları, Yardımlı dağları kimi ucalıq, o yerlərdə çağlayan bulaqların suyu kimi saflıq arzulayıram.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü