Modern.az

UNEC-də beynəlxalq konfrans

UNEC-də beynəlxalq konfrans

Aktual

28 Oktyabr 2021, 15:58

UNEC-də “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans işə başlayıb.

 

Modern.az xəbər verir ki, UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı və Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin elm və təhsil sahəsi üzrə nümayəndələri, tanınmış alimlər iştirak ediblər.

 

Konfransın açılışında Türkiyənin Bilkent Universitetinin professoru Tanses Gürsoy iştirakçıları salamlayaraq, konfransın Bakıda, UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. Prof.T.Gürsoy beynəlxalq konfrans barədə ətraflı məlumat verərək, konfransın şəbəkəsinin ildən-ilə genişləndiyini, dünyanın bir çox nüfuzlu jurnalları tərəfindən dəstəkləndiyini deyib.

 

UNEC-in prorektoru professor Sakit Yaqubov konfrans iştirakçılarına rektor professor Ədalət Muradovun salamlarını çatdıraraq, konfransın işinə uğurlar arzulayıb. Qlobal dünyanın texnologiyalar və sosial kommunikasiyalardakı böyük çağırışlarla üz-üzə dayandığını deyən prorektor, qloballaşma nəticəsində ölkələrdə maddi və virtual dünya arasında qarşılıqlı asılılığın daha da artdığını, informasiya və biliklərin mübadiləsinin qlobal sisteminin formalaşdığını deyib. O, cəmiyyətlərin strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq, rəqəmsal iqtisadiyyatın önə çıxdığını diqqətə çatdırıb. Prof.S.Yaqubov çıxışında UNEC-in elmi və beynəlxalq reytinqdə əldə etdiyi nailiyyətlərdən də danışıb.

 

Sonra Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın sədri professor Lütfihak Alpkan çıxış edib. Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran məruzəçi, dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssislərinin apardığı müzakirələrdən əldə olunacaq nəticələrin konfransa böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.

 

Konfransın həmsədri, Gebze Universitetinin professoru Oya Erdil beynəlxalq konfransa 15 ölkədən 63-ə yaxın məruzənin təqdim olunduğunu, onlardan 33-nün təqdiqləndiyini deyib. Məruzələrin müxtəlif sahələr üzrə aktual mövzulara həsr olunduğunu vurğulayan prof. O.Erdil konfransın müzakirə üçün önəmli platforma rolunu oynadığını bildirib.

 

Konfrans Yıldız Texniki Universitetinin professoru, konfransın həmsədri Cemal Zehirin çıxışı ilə davam edib. Ölkələrin iqtisadi-sosial dayanıqlığının təmin olunmasında innovasiyaların tətbiqinin zəruriliyindən danışan həmsədr, IV sənaye inqilabı, kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellekt və 5.0 konsepsiyasının mahiyyəti barədə məlumat verib. Prof.Cemal Zehir Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi qələbədən də söz açaraq, bu şanlı zəfərdən qürur duyduğunu ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanlara allahdan rəhmət diləyib.

 

Beynəlxalq konfransa Yaponiyadan qoşulan dünyanın tanınmış alimi, Tokionın Texnologiya İnstitutunun professoru Çihiro Vatanabi sosial, iqtisadi və ekoloji problemlər üçün yeni idarəetmə perspektivi və davamlı inkişaf məqsədləri üçün maraqlı tərəflərin kapitallaşdırılmasından əldə olunan təcrübələr barədə geniş təqdimatla çıxış edib. Alim risklərin transformasiyasının innovasiyalarla bağlılığını, risklərin idarəedilməsini, tədqiqat və inkişaf şirkətlərinin transformasiyalara təsirini, dayanıqlı inkişaf məqsədlərini təhlil edib. Həmçinin qlobal şirkətlərin nümunəsində risklərin brendin dəyərinə, eləcə də inkşaf dinamikasına, maliyyə strukturuna təsirini analiz edib.

 

Maraqla qarşılanan təqdimatdan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

 

XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans oktyabrın 30-dək strateji idarəetmə, davamlılıq və sosial məsuliyyətlər, qeyri-hökümət təşkilatlarında, dövlət idarəçiliyində, xidmət sektorunda strateji idarəetmə, strateji nəzarət və audit, korporativ strategiya, logistika və təchizat zəncirinin idarəedilməsi və digər aktual mövzulara həsr olunan bölmə iclasları ilə davam edəcək.

 

Konfrans UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir