Modern.az

“Çinin güclənməsi Türk dünyasının xeyrinədir” - Şanxayda yaşayan jurnalistlə MÜSAHİBƏ

“Çinin güclənməsi Türk dünyasının xeyrinədir” - Şanxayda yaşayan jurnalistlə MÜSAHİBƏ

Müsahibə

29 Oktyabr 2021, 10:20

Türk-Çin Biznesin İnkişafı və Dostluq Assosiasiyasının prezidenti, jurnalist Adnan Akfırat Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Adnan bəy, artıq bir neçə ildir ki, Çində yaşayırsınız. Müşahidənizə görə, Çin xalqının Amerikaya, Qərbə, Türk dünyasına münasibəti necədir?

- Əvvəllər - 1992-2002-ci illər arasında Çində Amerikaya qarşı bir heyranlıq vardı. Məsələn, gənclər amerikalılara bənzəməyə çalışırdı, onlar kimi hərəkət edirdilər. Amma 2002-ci ildə Amerikanın Əfqanıstana hücumundan sonra  Çin xalqı Amerika mövzusunda oyandı. Bu gün Çin xalqı Amerikanı bir təhlükə olaraq görür. Çində “Amerika Çinin düşmənidir” mövzusundakı bir sorğunun nəticəsinə görə, demək olar ki, hər kəs həmfikirdir. Əvvəllər amerikalılar Çində rahat şəkildə hər yerə gedə bilirdi. Universitetlərdə dərs deyən müəllimləri, partiyalarda öz adamları vardı. İndi isə Çin dövləti bir intizam yaradıb. Amerikalıların dövlət qurumlarına, təhsil sahələrinə rahatlıqla girməsinin və manipulyasiya etməsinin qarşısını alıblar. Ən vacibi də bununla bağlı xalqı düzgün istiqamətləndirə biliblər. İndi burada avropalılar və amerikalılar kimi yaşamağa yanlış baxırlar, tutumlu olmağı, sadə yaşamaq kimi dəyərləri insanlara öyrədirlər.  
Çini Türkiyə və Azərbaycana qarşı bir təhdid olaraq göstərmək həqiqətə söykənə bilməz. Çinin güclənməsi Türk dünyasındakı ölkələrin daha da inkşafını sürətləndirəcək. Çünki bizlərə qarşı ən çox basqı Amerika, İngiltərə, İsrail kimi ölkələrdən gəlir. Türkiyə NATO-ya girdikdən sonra iqtisadi və siyasi müstəqilliyini demək olar ki, itirdi. Ona görə də müstəqil siyasət üçün özünə yeni müttəfiqlər tapmalıdır. Azərbaycan və ya Türkiyənin Çindən qorxmasına gərək yoxdur. Çinin güclənməsi bizim güclənməyimizə də xidmət edir.

 

- Çində xalq hakimiyyət qarşısında azad fikirlərini ifadə edə bilirmi, bunun üçün hansısa məhdudiyyətlər var?

 

- Mən on ildir ki, Çində yaşayıram. Çinin yarısından çoxunu gəzmişəm. Getmədiyim sadəcə dörd əyalət qalıb. Çində xalq hakimiyyətə qarışa, öz fikirlərini azad şəkildə ifadə bilir. Amma Qərb mediasında belə bir fikir var ki, Çin xalqının fikri sıxışdırılır, onları hakimiyyət dinləmir. Bu, tamamilə yanlışdır. Çində xalq təşkilatlanmış şəkildədir. Bu təşkilatlanma da seçimlə müəyyənləşir. Mən burada yeddi bloku olan məhəllədə qalıram, hər bir blokun öz nəzarətçisi var. Bunu da məhəllə sakinləri seçir. Bu idarəetmələr sayəsində Çin hazırki vəziyyətdədir, pandemiyanın qarşısını ala bildi. Çində səkkiz partiya var, amma Çin Kommunist Partiyası ən böyük partiyadır və iqtidarın əsas sahibidir. Burada ildə bir dəfə toplanma olur, qanun təklifləri verilir. Sovetlər zamanı istifadə olunan şura modeli tətbiq edilir. Amma Sovetlərdən fərqli olaraq bu şuralar canlıdır. İnsanlar gedib orada dərdlərini deyə bilirlər. Danışarsan deyə, səni həbsə atmaq kimi bir şey yoxdur. Düzdür, dövlət buna nəzarət edir, amma insanlar dövlət başçısının yanlışlıqlarını rahatlıqla deyə bilir. Bununla birlikdə Çin dövləti də sizi dinləyir. Hər hansısa bir vətəndaş doğru bir şey deyərsə, siyasi fikirlərinə baxmayaraq, dedikləri nəzərə alınır.

 

- Bəs Çində jurnalistika üçün hansı əngəllər var, jurnalistika xalqın təmsilçisi ola bilirmi?

 

- Hazırda Çində jurnalistika üçün bəzi əngəllər var. Bütün media demək olar ki, dövlətin nəzarəti altındadır, özəl jurnalistika Çində yoxdur. Qaynağı da çox çeşidli deyil, amma fikirlərini yaza bilirlər. Çin Kommunist Partiyası da çox canlı bir partiyadır, amma “bütün Çini parçalayaq, Çini sosializmdən kapitalizmə keçirək, Çin faşist olsun” kimi fikirləri yaza bilmirsiniz, bunlar qadağandır. Çin dövlət başçısını tənqid etmək, parçalanmasını müdafiə etmək də olmaz.

 

- Dünyada böyük qüvvələr Çinə qarşı birlik nümayiş etdirir. Avropa və Amerika Çinə qarşı birləşir. Biz deyə bilərikmi ki, gələcəkdə Amerikanın yerini Çin tutacaq?

 

- Amerika hazırda dünyanın “yaramazıdır”. Heç bir şey istehsal etmədən, dollar basaraq, qarşılığında dünyadan hörmət gözləyir.  Hamımız bu mövzuda Amerikaya xidmət edirik. Çinin güclənməsi ilə bərabər, Amerikanın dollar layihəsi də iflasa uğrayır. Çin beynəlxalq əlaqələrdə dolları istifadə etmir, öz bazarına buraxmır. Belə bir davranışı Rusiya da etməyə çalışır. Əslində Amerikanın qorxusunun səbəbi budur. Öz ağalığını davam etdirə bilməyəcək deyə, təzyiqlərə əl atır. Hazırkı  vəziyyətdə Amerika və Avropanın sistemi çökmək astanasındadır. Onların sistemi artıq gələcəyə bir ümid  daşımır, istehsal yox, insanlar narkotik, şiddət içindədir. Bu gün kapitalizm arxa-arxaya riskləri qarşılayır. Dünyaya qarşı etdikləri müharibələrin pulunu insanları aldadaraq, çıxarmağa çalışırlar. Bu sistem iflas etməkdədir. Ona görə də Çinlə yarışmağa çalışırlar. Ən son NATO Çinə qarşı birləşmişdi, amma düşünürəm ki, bunu tətbiq edəcək bir imkanı yoxdur. NATO həqiqətən də Fransa dövlət başçısı Makronun dediyi kimi “beyin ölümünü” gerçəkləşdirməyə çalışır. Hazırda ən böyük müttəfiqi olduğunu iddia etdiyi Türkiyəyə qarşı iddialar irəli sürür, PKK-ya silah verir. Belə anlaya bilərik, NATO-nun özünə bir dərmanı yoxdur ki, Çinə qarşı da nəsə etsin. Dünyanın azad, iqtisadi sahədə inkşaf etməsi üçün Amerika və İsraildən qurtulması lazımdır. Çin də bizə bu qurtulmanı həyata keçirmək üçün imkan yaradır.

 

- Sizcə gələcək sağlam dünya üçün ölkələr hansı sistemi tətbiq etməlidir?

 

- Hazırda sosializm Çinə aid bir sistemdir. Hər ölkə öz idarəetmə quruluşuna uyğun bir sistem yaratmalıdır. Birinin başqasını kopya etməsinin bir mənası yoxdur. Amma baxaq ki, hazırda kapitalizm insanları necə məhv edir.  Kapitalizmin əsası özəl mülkiyyətin müqəddəsləşdirilməsidir və insanlar şəxsi mənafeələri üçün hərəkət edirlər. Şəxsi maraqların cəmiyyəti bitirdiyini ən son virus mövzusunda gördük. Dünyada virusdan ən çox insan təlafatının olduğu ölkə Amerika və Avropa ölkələridir. Çində kollektiv bir sistem olduğu üçün çox böyük nəticələr əldə etdilər. Buna görə də gələcəkdə xalqı, insanı mərkəzə alan idarəetmə sistemləri olacaq. Özəl cəhdləri qadağan etmək doğru deyil, bu, rəqabəti azalda bilər. Amma planlı, xalqın ehtiyaclarını təməl alan sistem olacaq. Çünki bunu etməzsək, ölkələrin gələcəyi olmayacaq. O zaman dünyanın iqlim dəyişikliyi bütün dünyanı alt-üst edər. Ancaq belə bir anlayış içində öz maraqlarını yox, dünyanı, insanlığı, təbiəti düşünən sistemlər qurmalıyıq. Həyat bizi buna məcbur edəcək.

 

- Son prosesləri izləsək, görərik ki, NATO Türkiyəni hədəf alıb. Bundan sonra Türkiyə nə etməlidir, Çin kimi bir güclə birləşə bilərmi?

- Amerika hazırda Türkiyəni silahla təhdid edir. Türkiyənin bu təhdidləri aradan qaldıra bilməsi üçün bəzi ölkələrlə işbirliyi içində olması lazımdır. Amma bunu da bilməliyik ki, qarşımızdakı düşmənlər də böyükdür. Buna görə də Türkiyənin onların gücləri ilə mübarizə apara biləcək birlik yaratması lazımdır. Bunlar isə Rusiya və Çindir. Buna görə də həmin ölkələrlə əməkdaşlıq etməlidir. Çünki Türkiyə zərər görərsə, həmin ölkələr də bundan ziyan ala bilər. Burada təbii ki, Azərbaycan da pis nəticələr əldə edə bilər. Türkiyə əslində indi Şanxay Əməkdaşlıq Təşkilatına qoşula da bilər. Bu da Türkiyənin Hindistanı, Asiyanın digər ölkələrini yanına çəkməsinə yardımçı olacaq. Hazırda Türkiyə NATO-da olan siyasi hadisələri izləyir, orada qərarlar səs çoxluğu ilə verilir.  Mənim gördüyüm NATO toplanıb, sonda Türkiyəni qrupdan atacaq. Onların siyasətlərinin birləşməsi bundan sonra mümkün deyil. Bizim hansı silahı alacağımıza NATO qərar verir, düşmənimizə silah verir, Yunanıstanı Türkiyəyə qarşı edir. Türkiyə bu vəziyyətdə azad siyasət yeritmək üçün Çin, İran və Rusiya ilə birləşməlidir.


- Çində yaşayan Uyğur türklərini ziyarət etmisinizmi, vəziyyət Qərb mediasında canlandırılan kimidir?

 

- Mən həmin bölgəyə ilk dəfə 2004-ci ildə getmişəm. İndiyə qədər isə 21 dəfə ziyarətim olub. Bunu deyə bilərəm ki, bu bölgələr Çinin ən böyük əyalətidir, amma böyük bir hissəsi dağlar və çöldür. Bir tərəfində Əfqanıstan, bir tərəfində isə Qırğızıstan, Qazaxıstan var. Qırğızıstanda da uyğurlar yaşayır. Biz ilk gedib Qırğızıstandakı uyğurları, sonra Çində yaşayan uyğurları ziyarət etsək, görərik ki, arada yüz il fərq var. Buna həm iqtisadi, həm də insani dəyişiklik daxildir. Çin çox irəlidədir. On il əvvəl mən həmin yerlərə gedəndə yoxsul bir bölgə idi, şəhərlər kirli idi. İndi isə başqa bir şəhərlə qarşılaşdım, insanların yaşayış səviyyəsi artıb. Çində yoxsulluğu bitiriblər, yoxsul əhali artıq yoxdur. Gəzdiyimiz bir neçə yerdə də onlar üçün ayı-seçkilik yoxdur. Çinin Milli Bankının adını belə iki dildə yazıblar. Metroya minirsən, həm uyğur, həm də Çin dilində anonslar verilir. Amma insanlar təqib edilir. Bunun da səbəbi Çin hökümətinin terror təşkilatlarına qarşı çox ciddi izlənmə başlatmasıdır.  Həmin bölgədə yeddi dildə televiziya yayımı verilir, məscidlər açıqdır. Onlar barədə deyilən xəbərlərin çoxusu yalandır.

 

- Dünyada belə bir fikir formalaşıb ki, Çin bilərəkdən koronavirusu yayıb, Çin xalqı bu barədə nə düşünür?

-
Çində virusa ilk yoluxma Vuhan əyalətində qeydə alınmışdı. Əslində Çində bütün araşdırmalar göstərdi ki, Vuhan əyalətinə virusu amerikalı əsgərlər gətirib. 2019-cu ildə keçirilən hərbi tədbirlərlər zamanı oraya gələn amerikalı əsgərin müalicə olunduğu dövlət tərəfindən rəsmi qeydə alınıb. Bu virusun Çinin yaydığı xəbərləri tamamilə yalandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı