Modern.az

Təhsil kreditlərinin verilmə QAYDALARI

Təhsil kreditlərinin verilmə QAYDALARI

Təhsil

29 Oktyabr 2021, 14:14

Tələbələr üçün təhsil kreditlərinin verilməsi qaydaları müəyyənləşib. Modern.az xəbər verir ki, bu barədə "Ali təhsil haqqında" Qanun layihəsində nəzərdə tutulub.

 

Qanuna əsasən tədris ilinin başlamasından 1 (bir) aydan gec olmayaraq təhsil krediti verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurum tərəfindən müsabiqə elan edilir. Təhsil-tələbə krediti almaq üçün tələbələrin müraciəti 5 (beş) iş günündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilərək ekspertizadan keçirilir. Kreditin verilib-verilməməsi barədə qərar və müvəkkil bankların siyahısı yazılı formada müraciət etmiş tələbəyə bildirilir və həmin qərar rəsmi saytda yerləşdirilir.

 

Müvafiq icra hakimiyyəti orqanı təhsil kreditlərinin verilməsinin meyar və tələblərini müəyyən edir. Təhsil-tələbə kreditlərinin verilməsinin qeydiyyatını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir və bununla bağlı hesabatı ictimaiyyət üçün açıq edir.

 

Tələbələrə təhsil-tələbə kreditinin istifadəsi və qaytarılması ilə bağlı hüquq və vəzifələri tənzimləyən təhsil krediti müqaviləsi bağlanılır. Tələbə təhsil-tələbə kreditinə  hesablanan faizi təhsil-tələbə krediti müqaviləsində göstərilmiş faizlə ödəyir.

 

Təhsil-tələbə kreditinin onun istifadə müddətinin iki dəfəsindən az müddətdə qaytarılması tələb edilə bilməz. Tələbə təhsil-tələbə kreditini müəyyən edilmiş müddətdən əvvəl qaytara bilər və bu halda kreditin qaytarıldığı gündən sonrakı dövrə hesablanmış faizlər ödənilmir.

 

Təhsil-tələbə krediti tələbə və ya onu təmsil edən fiziki və ya hüquqi şəxslə müvəkkil bank arasında bağlanmış müqavilə əsasında onun təhsil aldığı müəssisəyə ödənilir. Təhsilini başa vuran və 6 (altı) ay müddətindən gec olmayaraq işə başlamaq üçün əmək müqaviləsi bağlayan məzuna onun müraciəti əsasında təhsil kreditinin qaytarılması üçün əlavə güzəşt tətbiq edilə bilər. 

 

Təhsil-tələbə krediti istifadəçisinin, təhsil-tələbə kreditinin verilməsi haqqında qaydalarda göstərilən hallar istisna olmaqla, krediti ödəmək öhdəliyi qanunvericiliklə müəyyən edilən müddətə təxirə salına bilər.

 

Təhsil-tələbə krediti almış tələbəyə həqiqi hərbi xidmətdə, sosial məzuniyyətdə olduğu, əmək qabiliyyətini tam və ya müvəqqəti itirdiyi müddətdə, fövqəladə hallarda və ya müharibə şəraitində kreditin ödənilməsində əlavə möhlət verilir.

 

Bu Qanuna uyğun olaraq, tələbə ali təhsilin hər bir səviyyəsi üzrə yalnız bir dəfə təhsil-tələbə krediti almaq hüququndan istifadə edə bilər.

 

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Qanunun işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü