Modern.az

Prezident təqaüdçüləri: “Sosial şəbəkələrdən bir məqsədlə istifadə edirdim” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Sosial şəbəkələrdən bir məqsədlə istifadə edirdim” - MÜSAHİBƏ

29 Oktyabr 2021, 16:20

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

İsa Yusif oğlu Məhərrəmli Kəlbəcər rayon 98 saylı tam orta məktəbi bitirib.

Qəbul imtahanları zamanı 680,2 bal toplayaraq Azərbaycan Tibb Universitetinin daxil olub. İsa uğur yolu barədə Modern.az-a danışıb:

- İsa, özünü nə vaxt həkim olaraq görmək istəmisən? Necə oldu ki, mən həkim olacam dedin?

- Uşaq vaxtlarımdan həkim olmağı arzulamışam. Yanına getdiyim bir həkim məndə bu sahəyə maraq oyatdı. O həkimin xəstələrə olan münasibəti, nəvazişi bir uşaq olaraq mənə çox müsbət təsir etmişdi. Ondan sonra həkim olacam dedim.

- Ali məktəbə necə hazırlaşırdın? Valideynlərin dərs oxumağını tələb edirdi, yoxsa özün məsuliyyətli olmusan?

- Ali məktəbə hazırlaşarkən hazırlıq kursuna getmişəm. Valideynlərim həmişə mənə dəstək olub, ancaq mənə nə vaxtsa “dərsini oxu” deməyiblər. Öz istəyimlə bu sahəyə marağım olduğuna görə həmişə məsuliyyətlə çalışmışam.

- Asudə vaxtını necə keçirirdin? Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirdin?

- Boş vaxtlarımda futbolla məşğul olmağı sevirdim. Sosial şəbəkələrdən dəyərli məlumatlar əldə etmək üçün istifadə edirdim.

- İsa, əksər gənclər özlərini rahat hiss etmələri üçün idman tərzindəki geyimə üstünlük verirlər. Bəs sən necə, hansı tərzdə geyinməyi sevirsən?

- Tərzim məkana görə dəyişir. Həm idman, həm də klassik üsluba üstünlük verirəm. Bəzən yarımklassik də geyindiyim olur.

- Xəyalının gerçək olması necə bir hissdir?

- Xəyalımın gerçək olduğu anları təsvir edə bilmərəm. Arzum gerçək olduqdan sonra necə deyərlər, bir “oh bəə!” dedim. Qazandığım uğuru məhsuldar çalışmağa borcluyam.

- Bəzən yaxşı və ya pis hadisələri öncədən hiss edə bilirik? Sən necə, Prezident təqaüdünə layiq görüləcəyini hiss etmişdin?

- Prezident təqaüdünə layiq görüləcəyimi az-çox hiss edirdim, çünki sınaqlarda da yüksək nəticələrim çox olub.

- İmtahana hazırlaşan abituriyentlərə nə demək istərdin?

- Gələcək illərdə imtahan verəcək abituriyentlərə məsləhətim o olardı ki, məqsədə çatmaq üçün məhsuldar çalışmaq lazımdır…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir