Modern.az

Qənirə Paşayevadan özbək ziyalılara ÇAĞIRIŞ - VİDEO

Qənirə Paşayevadan özbək ziyalılara ÇAĞIRIŞ - VİDEO

Parlament

29 Oktyabr 2021, 20:39

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Qaraqalpaqstan Respublikası və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukus Gənclər Teatrında təşkil olunan tədbirdə (görüş və konsertdə) çıxış edib.

 

Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva salona toplaşanları salamlayıb, böyük Azərbaycan şairi Məhəmməd Füzulidən ilham alaraq əsərlər yazan Berdakın vətənində olmaqdan məmnunluğunu bildirib.

 

Komitə sədri Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq bağlarından söhbət açıb, əlaqələrin dərinləşdirilməsində Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu minnətdarlıqla vurğulayıb:

 

“Əmin olduğumu bildirmək istərdim ki, bundan sonra Azərbaycanın regionları ilə Özbəkistanın regionları, özəlliklə Qaraqalpaqıstan arasında əlaqələr daha da güclənəcək.

 

Siz əziz qardaş-bacılarımızın diqqətinə çatdırmaq istərdim ki, bir il bundan öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün ərzində azad etdik. Ermənilər şəhər və kəndlərimizi, məscid və ziyarətgahlarımızı dağıdıb, bu torpaqlarda əsl vandallıq siyasəti həyata keçiriblər. Ermənilər bu vandalizmi öz tarixlərinə yazdı.

 

İşğaldan azad olunan şəhərlərimizdən biri Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəridir. Şuşa 2022-ci ildə Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq. Eyni zamanda, Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı olması ilə bağlı da Azərbaycan tərəfinə müraciət daxil olub. Biz sizlərin, bütün soy qardaşlarımızın, din qardaşlarımızın, dünyadakı bütün tərəqqipərvər insanların, özəlliklə mədəniyyət, incəsənət xadimlərinin Şuşanı ziyarətindən şad olacağıq.

 

İndi Qarabağda quruculuq işlərinə başlanıb. Əminəm ki, biz Qarabağda cənnət yaradacağıq. Bununçün ilk növbədə, ərazilər Ermənistan hərbçilərinin basdırdığı onminlərlə minadan təmizlənməli, infrastruktur bərpa edilməli, yeniləri yaradılmalı, əhalinin öz doğma yurd-yuvasına təhlükəsiz və ləyaqətli geri dönüşü təmin edilməlidir.

 

Bunları ona görə deyirəm ki, bizim birimizin ağrımız da, sevincimiz, uğurumuz da hamımızın ağrısı, sevinci, uğurudur. - Fikir adamlarımız, aydınlarımız belə öyrədib. Onların irsinin gənclər arasında daha da yayğınlaşdırılması bu baxımdan da önəmlidir. Nizaminin, Nəvainin, Berdaqın, Türk dünyasının digər mütəfəkkirlərinin irsini öyrənməyimiz, öyrətməyimiz hər birimizin mənəvi borcudur.

 

Bəli, Azərbaycanın Özbəkistanla, o cümlədən Qaraqalpaqıstanla işbirliyinin inkişafı hər birimizin maraqlarına cavab verir. Qaraqalpaqıstanda və qonşu Xarəzm vilayətində düzənlənən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin ən yeni dövr mədəni əlaqələr tariximizdə özünə layiq yer tutacağına inanıram.

 

Artıq qeyd olunduğu kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Xəmsə”si orjinaldan özbək dilinə çevrilərək, nəşr olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi, böyük Özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə dünyada, qardaş ölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar təqdirəlayiqdir.

 

Sizlərin hər birinə yüksək qonaqpərvərliyiniz, Azərbaycan sevginiz üçün könül dolusu təşəkkür edirəm. Var olun”.

 

Tədbirdə Qaraqalpaqıstan Respublikasının yüksək səviyyəli rəsmi şəxsləri, elm, mədəniyyət və incəsənət xadimləri, Nukusda yaşayan azərbaycanlılar, jurnalistlər iştirak edib.

 

Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Nəfəs İB-nin rəhbəri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və bir qrup fəal xanım - Afaq İsmayılzadə, Rəfiqə İsayeva, Canelya Qafarova, Tehran Nağıyeva iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi