Modern.az

Allahla anlaşa bilmədiyim gün – İlham Cəmiloğlu yazır

Allahla anlaşa bilmədiyim gün – İlham Cəmiloğlu yazır

Ədəbi̇yyat

30 Oktyabr 2021, 10:40

Mənə kömək ol, ANA,

Heç nə, heç nə istəmirəm,

Bu yazını yazanacan

Gəl gözümün qabağına,

Əlim əsir, qələm susur...


Məmməd İsmayıl

 

Haqq və mütləq olan qaçılmazdır. Onun adı ölümdür. Çox vaxt “yumşaltmaq” üçün “vəfat etdi”, “dünyasını dəyişdi”, “haqq dünyasına qovuşdu” kimi ifadə etdiyimiz ölüm. İstər bioloji, istərsə də mənəvi baxımdan ölüm ən dəhşətli hadisədir, hamının qapısını döyəcək qara bir əldir. Ölüm itirdiyin insanı bir daha görməməkdir, səsini eşitməməkdir, nəfəsini duymamaqdır. Tez-tez işlədilən “o, bizim üçün həmişə yaşayacaq” ifadəsi də təsirini itirmiş adi bir təsəllidir. Çünki “O” yaşamır, sadəcə xatırlanır. Hər gün, hər dəqiqə xatırlansa belə, bir saniyəlik varlığını əvəz etmir. Bunlar danılmaz həqiqətlərdir...


Özümü dərk edəndən içimdə dəhşətli bir qorxu hiss etmişəm. Anamı itirmək qorxusu. Hələ uşaqkən atamı itirdiyimdən bu qorxu mənim üçün daha üzücü olub. Bir il öncə isə o qorxu məni tərk etdi, anamla birgə. Qayğıkeş anam son nəfəsində məni bu qorxudan qurtardı.


31 oktyabr, saat 16-37...


Anamın bir əli mənim əlimdə, bir əli onu aparmağa gələn mələklərin ixtiyarında. Son nəfəs və bu nəfəslər arasındakı artan saniyələr, 5 saniyə, 10 saniyə, 15 saniyə, sonra 20 saniyə, daha sonra... Sonrası yoxdur, bitdi, bir ömür sona çatdı, saniyələr anamı əllərimdən qoparıb apardı...



Sonrasını xatırlamaq çətindir, bütün hərəkətlərin sanki kənardan idarə olunur. Baş verən hadisəni hələ tam anlaya bilmirsən. Məscidə gedən 15-20 dəqiqəlik yolu sanki bir neçə saata gedirsən, daha sonra imarət bünövrəsi qazan kimi həvəslə işləyən qəbirqazanların heç bir hissi ifadə etməyən üzləri, qəbir satanın sənə müştəri gözü ilə baxan tamahkar baxışları, molla səsi, bel səsi, beton səsi, daş səsi, qəbirstanlığa gəlib-gedən maşınların səsi hamsı qarışır bir-birinə, içində hönkürtün buzlaşır, gözündə göz yaşların donur və sonda qoluna kimsə girib səni qəbirdən uzaqlaşdırır...


Ağrılar sonra baş qaldırır, əl-ayaq çəkildikdən sonra. Tək qalırsan. Xatirələr səni uzaqlara aparır. O illərə ki, səsini 30 il Dağlıq Qarabağın radiosunda eşitmisən, o illərə ki, vilayət təhsilinə rəhbərlik edəndə çox çətin olan vəzifəsinin  öhdəsindən necə gəldiyinin şahidi olmusan, o illərə ki, hər dəqiqə üstündə qayğısını hiss etmisən...


Sonra gücün şəkillərə çatır, cansız kağız parçalarından canlı insan umursan...


Sonra hönkürürsən...


Sonra hər şeyi unutmaq üçün gözlərini qapayıb dərin yuxuya getmək istəyirsən. Tanrı yuxuna “O”nu qonaq gətirəndə yuxulu çöhrəndə xoşbəxt cizgilər görünür...


Sonra yenə də həmin məkana tələsirsən, qara daşın qarşısında dayanırsan. Yenə də daşın üstünə həkk olumuş şəkildən boylanan qayğılı baxışlar və altındakı inanmaq istəmədiyin ad: Xudiyeva Şura Məhəmməd qızı...


Sevmirəm bu qara daşları. Müxtəlif ölçülərdə, fərqli biçimlərdə olan bu daşların qarşısında dayanmaq ən maraqsız “məşğuliyyətdir”. Bu rəngdə olan daşlar sənə qulaq asa bilməz, səni anlamaz. Onlar ağır yükdən başqa bir şey deyil. Həm də ona görə sevmirəm ki, elə bu daşlardır səninlə “O”nun arasında keçilməz sədd yaradan... 


Sonra hər şeylə barışırsan, hamı kimi...


Mən də barışdım, amma həmin gün Allahla anlaşa bilmədim. Yox, Tanrıya üsyan etmirdim. Sadəcə soruşmaq istəyirdim, niyə 7 gün möhlət vermədin? Niyə möhlət vermədin ki, Şuşada anadan olan, Şuşanı canı qədər sevən anam 28 illik Şuşa niskilini bu dünyada qoyub getsin? Bu yükü anama necə qıydın, Tanrım?


...Və elə bu anlaşılan, anlaşılmaz sonralarla həyatın davam edir, amma anasız, bir az miskin, bir az kövrək, bir az da boğazında ilişib qalan qəhərlə...


Ruhun qarşısında baş əyirəm, əziz ANA, yerin behişt olsun...

İlham Cəmiloğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq