Modern.az

Yeni reallıqlar Zəngəzur dəhlizinin icrasını ŞƏRTLƏNDİRİR

Yeni reallıqlar Zəngəzur dəhlizinin icrasını ŞƏRTLƏNDİRİR

Parlament

31 Oktyabr 2021, 19:50

"Ermənistanın müharibədən dərhal sonra sülh sazişi imzalaması oradakı mövcud şərait baxımından mümkün deyildi. Çünki Paşinyan hökumətinin döyüşdə acı məğlubiyyətə uğraması nəticəsində respublikada ictimai-siyasi böhran daha da dərinləşmiş, müxalif qüvvələrlə hakimiyyət arasında ziddiyyətlər kəskinləşmişdi. Hər an dövlət çevrilişi gözlənilirdi. Belə bir vəziyyətdə sülh sazişi imzalamaq, üçtərəfli birgə bəyanatın müddəalarını yerinə yetirmək qeyri-mümkün idi".

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

 

O qeyd edib ki, məğlubiyyətdən yaranan siyasi böhranın, gözlənilən çaxnaşmanın qarşısının alınması üçün Nikol Paşinyanın parlament seçkilərinə getməkdən başqa bir yolu qalmırdı. 

 

"Ona görə də Paşinyan seçkilərdə qələbə əldə etdikdən sonra prosesin irəliləməsi istiqamətində tədrici addımlar atmağa başladı.  

 

Onu da qeyd edim ki, ordusu darmadağın edilən, iqtisadiyyatı tamamilə çökən Ermənistanda əgər bir vaxtlar Azərbaycanın “bufer zona” adı ilə birlikdə işğal altında saxladığı digər ərazilərini qaytarmaqdan söhbət belə getmirdisə, hazırda orada daha bu məsələ barədə danışılmır. Sadəcə işğalçı ölkədə reallığı başa düşüb erməni mövcudiyyətini qorumaq, Azərbaycandan müəyyən imkan və imtiyazlar əldə etmək barədə düşünürlər. Yaxşı bilirlər ki, Azərbaycanın bundan o tərəfə yol verməsi mümkün deyil. Çünki qalib tərəf Azərbaycandır və Azərbaycana nəyi isə diqtə etdirmək mümükn deyil. Ona görə də indiyədək yuxarıda vurğuladığım səbəblərə görə bu barədə susmağa üstünlük verən Paşinyan hazırda 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasına tərəfdar olduğunu bildirir. Bir neçə gün bundan əvvəl Ermənistan parlamentində “Hökumət saatı”nda çıxış edən Paşinyan kommunikasiyaların açılmasının zəruriliyini diqqətə yönəltməklə bunun iki ölkə arasındakı problemin həllinə- sülh və təhlükəsizliyə müəyyən təminatlar yaratdığını bildirib. Ermənistan hökumətinin başçısı çıxışında hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsinin müzakirə olunduğunu da vurğulayıb", - deyə deputat bildirib.

 

 

Rəşad Mahmudov açıqlamasında deyib: “Paşinyanın kommunikasiyaların açılmasının sülh və təhlükəsizliyə müəyyən təminatlar yaratdığını etiraf etməsi İkinci Qarabağ müharibəsi ilə regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaranmasından irəli gəlir. Başqa sözlə, kommunikasiyaların açılmasını özündə ifadə edən Zəngəzur dəhlizi layihəsinin meydana gəlməsi ilə bölgədə əlverişli əməkdaşlıq mühitinin bərqərar olacağı heç kəsə, o cümlədən də Paşinyana sirr deyil.

 

Bu infrastrukturun önəmi onunla bağlıdır ki, layihə həm Ermənistanın, həm də Azərbaycanın, eləcə də bütün region dövlətlərinin mənafeyinə xidmət edəcək, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə qovuşmaqla beynəlxalq infrastruktura inteqrasiya olunacaq, böyük həcmdə yük və sərnişindaşıma imkanlarını gerçəkləşdirəcək. Ən başlıcası isə işğalçı ölkənin üzləşdiyi dərin sosial-iqtisadi böhrandan çıxmasını şərtləndirəcək”.

 

Rəşad Mahmudovun sözlərinə görə, bu gün Ermənistan və havadarları müharibədən qalib çıxan Azərbaycanın bölgədə söz sahibi olduğunu, vədi ilə əməlinə daim sahib çıxdığını yaxşı başa düşür:

 

"Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də bunu deməyə əsas verir. Beynəlxalq aləm də Azərbaycanın sərhədlərin ədalətli şəkildə müəyyənləşdirilməsi prinsipinə tərəfdar olduğunu bilir. Ona görə də Azərbaycan sülh sazişini beynəlxalq hüquqda nəzərdə tutulan maraqları çərçivəsində imzalanmasına maraqlıdır.

 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da, əslində, bu məsələnin əvvəlcədən düşünülən strateji istiqamət olduğunu göstərir. Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanılması, beləliklə, işğaldan azad edilən bölgəmizdə müasir yol-nəqliyyat infrastrukturunun sürətli şəkildə yaradılması da bunun bariz ifadəsidir. Ümumiyyətlə, bütün bu proseslər bir tərəfdən erməni faşizminin xarabalığa çevirdiyi Qarabağ bölgəsinin sürətli bərpasını, yenidən tikilib-qurulmasını şərtləndirir, digər tərəfdən də Zəngəzur dəhlizinin reallığının dönməz xarakter aldığından xəbər verir”.  

 

Rəşad Mahmudov bildirib ki, Ermənistanda müharibədən sonra revanşist qüvvələr havadarlarının təsiri ilə bu məsələyə qarşı çıxış etsələr də, Paşinyan hökuməti dəhlizin önəmini qiymətləndirir və ancaq bu vəziyyətdə ağır durumda yaşayan ölkəyə “nəfəsliyin” açılmasının mümkünlüyünü anlayır. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyanın mətbuata fikirlərində bu, aydın ifadə olunur. O, Azərbaycanı nəzərdə tutaraq “Biz bunu “yol” adlandırırıq, onlar buna “dəhliz” deyirlər. Biz Qarabağa necə gedib-gəlirik? Onlar da eyni məsələni etmək imkanına sahib olmalıdırlar, onların da Azərbaycan-Naxçıvan yolu olmalıdır. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da Naxçıvana sərbəst gedib-gəlməlidirlər. Bu, belə də olmalıdır, yolların açılmasına getməliyik...”, – deyə o bildirib.

 

Rəşad Mahmudov açıqlamasının sonunda deyib: “Bütün bu məsələlərə Rusiyanın da müsbət yanaşması qeyd olunmalıdır. Çünki etiraf edək ki, Rusiya tərəfindən müharibənin ilk günündən sonunadək və sonrakı mərhələlərdə Ermənistan-Azərbaycan arasındakı savaşa ədalətli mövqe sərgilənib. Bu ölkə Azərbaycanın əks-həmlə əməliyyatlarına müdaxilə etməyib. Eyni zamanda, Rusiyanın dəstəyi ilə üçtərəfli birgə bəyanat imzalanıb. Bir sözlə, Rusiya iki dövlət arasında müharibə başa çatandan sonra sülh yaratma missiyasını öz üzərinə götürüb, bu məqsədlə də bölgədə sülhməramlı qüvvələri yerləşdirib. Təbii ki, bütün bunlardan sonra Rusiya belə bir missiyanı bundan sonra da davam etdirmək üçün müəyyən təşəbbüslərlə çıxış edir və vəziyyətin gərginləşməsinə imkan yaratmır. Bu isə istər sülh sazişinin imzalanmasında, istərsə də Zəngəzur dəhlizinin açılmasında Rusiyanın maraqlı olmasından xəbər verir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır