Modern.az

“DİM-in informatikaya aid test bazası yoxdur” - I qrupun PROBLEMİ

“DİM-in informatikaya aid test bazası yoxdur” - I qrupun PROBLEMİ

Təhsil

1 Noyabr 2021, 14:05

“İformatikaya aid test bazası yoxdur. Dövlət qulluğuna, magistratura pilləsinə qəbul imtahanları zamanı hazırlıq kurslarının informatika materiallarından istifadə edilir. Dövlət İmtahan Mərkəzinin hələ ki informatika fənninə aid test bazası yoxdur”.


Bu sözləri təhsil eksperti Kamran Əsədov Modern.az-a qəbul sistemində edilən dəyişikliklər barədə danışarkən bildirib.

Onun fikrincə, 1-ci və 3-cü qrupa müvafiq olaraq informatika və coğrafiyanın əlavə edilməsi ixtisaslar üzrə fənlərin artmasına gətirib çıxarmayacaq:


“İlk növbədə qeyd edim ki, qəbul sisteminə dəyişikliklər və bu sahəyə aid islahatlar tədris ili başlayandan sonra edilməli deyil. Çünki artıq oktyabr ayı başa çatıb, abituriyentlər növbəti il üçün hazırlıqlara başlayıblar.

Etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri deyil. Uşaqlar yaxşı nəticə göstərmək üçün hazırlıq kursları, repititor yanına gedirlər.

Təbii ki, 3-cü ixtisas qrupunda dəyişikliyin edilməsi gözlənilirdi. Çünki 2020-ci ildə Nazirlər Kabinetinin bununla bağlı qərarı var idi ki, Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları 3-cü qrupa keçirilsin. Burada Coğrafiya fənninin əlavə edilməsi müzakirə predimeti idi, amma qərar yox idi.

Bu dəyişiklik 3-cü qrup üçün müsbət haldır. Çünki 3-cü qrupa əlavə ixtisasların daxil olması plan yerlərini artıracaq. Qəbul edilmiş dəyişiklik 3-cü qrup üzrə imtahan verən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olma şansını da artıracaq. Əsas onu qeyd etmək lazımdır ki, bu qərar ixtisaslar üzrə fənlərin artmasına gətirib çıxarmayacaq”.



Ekspertin sözlərinə görə, əsas problem 1-ci ixtisas qruplarına hazırlaşanlarla bağlı yaranacaq:


“1-ci ixtisas qrupunda vəziyyət bir az fərqlidir. Ona görə ki, 1-ci ixtisas qrupu üzrə abituriyentlər artıq 7-8-ci siniflərdən kimya fənni üzrə hazırlaşmağa başlayırlar. Çünki kimya digərləri ilə müqayisədə bir az çətin fənn hesab edilir. Bu qərar əvvəlcədən Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərin arzularının üstündən xətt çəkə bilər. İndi DİM təklif edir ki, bu ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər informatika fənnindən də əlavə imtahan versinlər”.


K.Əsədov qeyd edib ki, informatika üzrə test bazası olmadığından yaxın iki ildə bu qərarı icra etmək çətinlik yaradacaq:


“Prinsip etibarilə bu da doğru qərardır. Amma onu da qeyd etməliyik ki, hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı informatika fənnindəndir. Baxmayaraq ki, informatika fənni əsas fənlər kimi 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur.

Bir də digər fənlər nəzəri, informatika isə praktiki elmdir. Birincisi, hazırda mövcud dərsliklərimiz test tapşırığı hazırlamağa uyğun deyil. İkincisi, informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyifyyətli tədris edilmir. Üçüncüsü, bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Yəni biz birdən-birə nümunə testini hazırlayıb, vəziyyətdən çıxa bilmərik.

Düşünürəm ki, biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin hazırda imtahana əlavə edilib, tətbiqinə başlanılması yeniliyə uyğun olmayacaq. Bunu düzgün qiymətləndirmirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır