Modern.az

“Azərbaycan əsgəri müharibələrdə görülməmiş igidlik göstərdi” - Yaralıları xilas edən həkimlə MÜSAHİBƏ

“Azərbaycan əsgəri müharibələrdə görülməmiş igidlik göstərdi” - Yaralıları xilas edən həkimlə MÜSAHİBƏ

Müsahibə

3 Noyabr 2021, 08:29

“Müharibəyə yola düşəndə iş yoldaşlarım əlimə xına yaxdılar”

Əslən Laçın rayonundan olan həkim Fəxri Cəbrayılov 1999-cu ildən Türkiyədə yaşayır. O, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana gələrək, reanimatoloq-anestezioloq həkim kimi könüllü şəkildə cəbhə bölgəsinə yollanıb.


Fəxri Cəbrayılov müharibədə yaralanmış neçə-neçə hərbçimizi ölümün pəncəsindən xilas edib. Türkiyədə yaşayan azərbaycanlı həkim Modern.az-a müsahibə verib:

- Fəxri doktor, əvvəlcə ötən ilin bu günlərinə qayıdaq. Necə oldu ki, Azərbaycana gəlmək qərarı verdiniz?


- Mən illərdir kəndimizin, elimizin-obamızın, Laçının həsrəti ilə yaşayırdım. Dədə-baba torpaqlarımızı yağıların işğalında qoyub gəldiyimizə görə həmişə vicdan əzabı çəkmişəm. Başqa bir millətin yanında özümü üzüqara hesab edir, utanc hissi yaşıyırdım. Azərbaycana gəlmək üçün çox yerə - konsulluğa, səfirliyə müraciət etdim, ancaq imkansız olduğunu söyləyirdilər. Əlimdən gələn hər şeyi etməyə hazır idim.
Birinci Qarabağ müharibəsində də Qubadlı-Ağdam cəbhəsində olmuşam.
İkinci Qarabağ Müharibəsi zamanı TƏBİB-in yaratdığı bir imkanla Azərbaycana gəlmək, cəbhəyə getmək qismət oldu. İnanın, o vaxt sevincdən nə edəcəyimi bilmirdim.



- Qızğın döyüşlər gedirdi, yaralı və şəhid həkimlərimiz var idi. Siz də ölümü gözə aldınız. Ailəniz bu qərarı necə qarşıladı?

 - Nəinki gözə almaq, şəhid olmaq üçün əlimdən gələnin artığını edərdim. Bu böyük bir qürurdur. Şəhid olmasam da, gedib cəbhə xəttində xidmət etmək mənə də qismət oldu. O zaman məndə qorxu deyilən bir hiss yox idi, cəbhəyə getməyə can atırdım. Türklərin bir adəti var: əsgərə, müharibəyə gedənlərin əlinə xına qoyulur. Şəkillərimdə var, iş yoldaşlarım əlimə xına yaxdılar. Ailəm də qərarımı müsbət qarşıladı, hətta mənimlə bərabər onlar da bura gəlmək istəyirdi. Həmişə işimlə əlaqədar xaricə gedəndə narahat olan anam isə mənə belə dedi: “Get oğul!”.


- Cəbhənin daha çox hansı istiqamətlərində oldunuz?


- Məni öncə cəhbəyə yox, Gəncəyə aparmaq istədilər. Həkimləri yerləşdirən bir adam var idi,  ondan xahiş etdim ki, mən cəbhə xəttində də olmaq istəyirəm. Həmin vaxt qızğın döyüşlər Füzuli istiqamətində gedirdi, mən də öncə ora getdim. Təxminən 12-13 gün orada qaldım. Daha sonra Cəbrayıl işğaldan azad olundu və mən də o istiqamətə göndərildim. Bir neçə gün də orada qaldım. Son olduğum yer Qubadlı idi. Noyabrın 8-dən sonra Tükiyəyə qayıtmalı idim, çünki icazə müddətim bitirdi.


- Yəqin ki, yaralılara tibbi yardım göstərərkən əsgərlərimizin mətinliyinə şahid olurdunuz.

- Əsgərlərimiz ağır yaralanmış döyüş yoldaşlarını atəş xəttindən çıxarırdılar. Elə hərbçilərimiz vardı ki, ağır yaralansalar belə döyüşə can atırdılar. Onların cəsarəti adamı qürurlandırırdı. Həmin günləri heç vaxt unutmaram. İlkin tibbi yardım alan yaralılar ön cəbhəyə can atırdılar ki, nəsə etsinlər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.



- Fəxri doktor, Azərbaycan əsgərinin xarakterini necə təsvir edərsiz?


- Azərbaycan əsgəri qorxu, ürkü bilməz igidlərdir. Bu günə kimi dünya ölkələrindəki müharibələrdə göstərilməyən igidliyi Azərbaycan əsgəri göstərdi, tarix yazdı. Bunu tək mən demirəm, dünya gördü, dünya deyir. Bizim igidlərimiz ölümün gözünə dik baxırlar.


- Hər hansı bir mükafatla təltif olunduz
?

- Mən Vətənə öz borcumu verdim, peşəmi yerinə yetirdim. Təltif və ya mükafat istəmirdim, buna görə gəlməmişdim.  Heydər Əliyev Fondu və TƏBİB-dən təşəkkürnamə aldım. Müəyyən məbləğdə mənə ödəniş də edildi, ancaq Azərbaycana növbəti gəlişimdə onu geri qaytaracam. Çünki mən cəbhəyə pul üçün getməmişdim, Vətənə borcumu ödəməliydim.


- Laçın azad olunduqdan sonra doğma rayonu ziyarət edə bilmisiniz?

- Təəssüf  ki, gedə bilməmişəm. Türkiyəyə qayıtdıqdan sonra işlərim çoxaldı. Laçın üçün inanın ki, burnumun ucu göynəyir. Təzəlikcə getməli idim, ancaq anam xəstə olduğundan onu qoyub çıxa bilmədim. İnşallah Laçına gedəcəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir