Modern.az

Murovdağ uğrunda əbədiyyətə qovuşan BAŞ ÇAVUŞ

Murovdağ uğrunda əbədiyyətə qovuşan BAŞ ÇAVUŞ

3 Noyabr 2021, 10:35

Xalqımız hər bir şəhidin adını uca tutur, xatirəsinə ehtiram göstərir. Vətənin dar günündə onun müdafiəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə şəhidlik zirvəsinə ucalan bu oğullar öz igidlikləri ilə xalqımız üçün şərəfli bir tarixin bünövrəsini qoyublar. Bu gün məhz şəhid və qazilərimizin fədakarlığına görə qalib dövlət və xalq pilləsinə yüksəlmişik, bizə Xocalı faciəsini yaşatmış düşməndən qisas almışıq, yüz minlərlə soydaşımızın “məcburi köçkün” adlandırılmasına son qoymuşuq, viran qalan yurdlarımızın dirçəldilməsinə başlamışıq, “Qarabağ Azərbaycandır!” şüarını Qarabağın tacı sayılan Şuşada səsləndirmək imkanı əldə etmişik, paytaxtımızda təcavüzkar Ermənistanın hərbi gücünün darmadağın olunmasını əyani göstərən Hərbi Qənimətlər Parkını yaratmışıq.

 

Dövlətçilik və hərb tariximizin unudulmaz səhifəsi olan 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları öz missiyasını rəşadətlə yerinə yetirdi. Müharibənin ilk günündən son gününədək hərbi qulluqçularımız ön cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşaraq erməni işğalçılarını məğlubiyyətə uğradıblar. Döyüşlərdən 66 nəfər hərbi qulluqçumuz öz ailəsinə sağ qayıtmayıb. “Əsgər” qəzetinin redaksiyası artıq 8 aya yaxındır ki, onlar haqqında ailələrindən, silahdaşlarından məlumatlar toplayır və məqalələr hazırlayır.

 

Şəhid hərbi qulluqçularımızın siyahısında baş çavuş Həsənov Tofiq Etibar oğlunun da adı var. O, 21 noyabr 1989-cu ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. Etibar Həsənov və Telli Həsənovanın qurduğu ailənin böyük övladı olan Tofiqin (bir qardaşı və iki bacısı var) babası Səyyad Həsənov İkinci Dünya müharibəsində iştirak edib. Əmisi Əkbər Həsənov isə Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

 

Tofiq doqquz il Cəfərli və iki il Kiçik Qaramurad kəndlərindəki orta məktəblərdə təhsil alıb. Şagird kimi çalışqan olub, tələbə adını qazanmaq onun əsas arzularından biri idi. Qəbul imtahanından uğurla keçsə də, ödənişli qrupa düşdüyündən ali təhsil ala bilməyib. 

 

Hərbi xidmətə qədər kənddə ev təsərrüfatı ilə məşğul olaraq, valideynlərinə öz köməyini əsirgəməyib. Ailə qayğılarına heç vaxt laqeyd qalmayıb. Ədəb-ərkanlı, xeyirxah gənc olaraq həmkəndliləri arasında hörmət qazanıb.

 

2008-ci ilin yanvar ayında Tofiq müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-cu ilin iyul ayınadək Daxili Qoşunların Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin aydan etibarən Tofiqin Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidməti başlayıb. Əvvəlcə qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı taqımın həmlə manqasında atıcı vəzifəsinə təyin olunub. 2010-cu ilin fevral ayından 2018-ci ilin iyun ayınadək Biləcəridəki “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunun yarımqrupunda atıcı, atəş təminatı qrupunda AQS-17 qumbaraatanın komandiri, AQS-17  qumbaraatan yarımqrupunun komandiri vəzifələrində xidmət edib. 2018-ci ilin iyun ayında isə qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinə keçirilərək, xüsusi təyinatlı dəstədə xüsusi həmlə qrupunun yarımqrupunda pulemyotçu vəzifəsi ona həvalə edilib. Tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub.

 

Xüsusi təyinatlı kimi öz məharəti sayəsində “Zoğalı beret” daşıma hüququna sahiblənib. Ümumilikdə, təlimlərdə və məşğələlərdə döyüş hazırlığının yüksəldilməsi üçün əzmkarlıq göstərib. Ona təhkim olunan silahlardan həmişə sərrast atəş açıb. Qarşıya qoyulan xidməti tapşırıqların yerinə yetirilməsi zamanı ayıq-sayıqlığı, çevikliyi ilə fərqlənib.

 

Nümunəvi hərbi xidməti nəzərə alınaraq, dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılıb. III dərəcəli “Qüsursuz xidmətə görə” medalına layiq görülüb.

 

2016-cı ilin aprel döyüşləri zamanı Tofiqin xidmət keçdiyi bölmə də döyüş hazırlığı vəziyyətinə gətirilib, bir neçə gün hərbi hissədə qalıb. O vaxt döyüşlər qısa müddət çəkib, Cəbrayıl və Ağdərə istiqamətlərində bəzi yüksəkliklər ordumuzun nəzarətinə keçib. Məhz həmin dövrdə ordumuz müasir döyüşaparma qabiliyyətini dünyaya nümayiş etdirib. Bu hərbi uğur Silahlı Qüvvələrimizi qələbəyə ruhlandırıb. 

 

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Tofiq kimi Qarabağ münaqişəsinin alovlandığı illərdə və sonrakı dövrdə doğularaq boya-başa çatan gənclərin həyatında ən çətin sınaq oldu. Bu gənc nəsil o çətin sınaq qarşısında büdrəmədi, yenilməzlik nümunəsi göstərdi. 

 

Baş çavuş T.Həsənov qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə müharibənin ilk günündən döyüş əməliyyatlarına cəlb olunub. Bir neçə gün çəkən döyüş yolu Kəlbəcər rayonu istiqamətində, Murovdağ ərazisində keçib. Mürəkkəb relyefə, dəyişkən iqlimə malik Murovun sıldırım qayalarında, sərt aşırımlarında, çətin qalxılan zirvələrində xüsusi təyinatlılarımız düşmənə qarşı rəşadətlə vuruşublar. Burada onların qarşısına qoyulan əsas döyüş tapşırığı düşmənin illərlə möhkəmləndirdiyi postların məhv edilməsi və strateji yüksəkliklərin ələ keçirilməsi olub. Şiddətli döyüşlər zamanı erməni işğalçılarına tutarlı zərbələr vurulub. 

 

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı, “Zəfər” ordenli, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilən mayor Sahib İbrahimov bildirdi ki, Tofiq nizam-intizamlı, funksional vəzifələrinə məsuliyyətlə yanaşan, hərbi kollektivin hörmətini qazanan, təmkinli və iradəli hərbi qulluqçu olub. Xüsusi təyinatlı kimi iştirak etdiyi yarışlarda qalib yerləri tutub. Hərbçi peşəsinə rəğbət bəsləyib, özünü daim Vətənin müdafiəsinə hazırlayıb. Komandir söylədi ki, Tofiq müharibəyə də ruh yüksəkliyi ilə yollanıb, Vətənə məhəbbət, hərbi anda sədaqət, düşmənə nifrət hissi ilə vuruşub. Xüsusi təyinatlı olaraq peşəkar hazırlığı döyüş sınağında onun köməyinə yetib, çətin keçilən ərazidə, atəş altında qətiyyət nümayiş etdirib.

 

“Orta Camış” adlanan yüksəklik ərazisində hücuma keçən qrupun tərkibində olan Tofiq pulemyotçu kimi düşməni canlı qüvvə sarıdan ciddi itkiyə məruz qoyub. Həmçinin, işğalçıların bir neçə atəş nöqtəsini susdurub. 

 

Mayor S.İbrahimov məlumat verdi ki, 2020-ci il sentyabrın 30-da səhər saatlarında hərbi qulluqçularımıza Kəlbəcər rayonu istiqamətindən digər ön cəbhə istiqamətinə hərəkət etmək tapşırığı verilib. Avtomobil karvanı hərəkətə başlayarkən düşmən artilleriyasının şiddətli atəşinə məruz qalıb. Tofiq avtomobildən yerə tullanıb mövqelənmək istədikdə partlayan minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq şəhid olub. Mərhumun nəşi həmin gün döyüş zonasından təxliyyə edilib. 

 

 

Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən Müharibəsi Qəhrəmanı, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan  kapitan Nicad Bədəlov qeyd etdi ki, Tofiqi 2018-ci ildən tanıyıb. Onu vətənpərvər, əsl döyüş ruhlu hərbi qulluqçu kimi xatırladığını dedi. Kəlbəcər istiqamətində döyüşlərdə Tofiqin qorxmazlığı ilə seçildiyini, həmişə öndə getdiyini, ön cəbhə şəraitində çətinlikləri dəf etməyi bacardığını nəzərə çatdırdı. Zabit onu da bildirdi ki, Murovdağ döyüşlərində xüsusi təyinatlılarımızdan gizir Sərxan Abdullayev də şəhidlik zirvəsinə ucalıb.

 

Zaqataladakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində atıcı-radiotelefonçu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqləndiyinə görə”, “Şücaətə görə” medalları ilə təltif edilən çavuş İbrahim Bəşirov da Tofiqin düşmənə qarşı igidliklə vuruşduğunu, Qarabağdan qalib döyüşçü kimi qayıtmağı arzuladığını vurğuladı. O, Vətən müharibəsində hərbi zəfərimizlə bütün şəhidlərin qisasının alındığını söylədi. 

 

Şəhid hərbi qulluqçumuz Gədəbəy rayonu Cəfərli kəndinin qəbiristanlığında dəfn olunub. 

 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Tofiq Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

2021-ci ildə işıq üzü görən, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovun tərtibçisi olduğu “Qələbə şəhidləri” kitabında baş çavuş T.Həsənov haqqında məlumat verilib. 

 

“İctimai” və “Xəzər” televiziya kanallarında, habelə sosial şəbəkələrdə şəhid hərbi qulluqçumuzun döyüş yolu işıqlandırılıb. 

 

Tofiq 2013-cü ilin oktyabr ayının 18-də ailə qurub. Toyunun Dövlət Müstəqilliyi Günündə keçirilməsi onun istəyi olub. Ülviyyə xanımla qurduğu xoşbəxt ailəsində bir qız və bir oğul övladı dünyaya gəlib. Qızının adı Melisa, oğlunun adı isə Tunardır. Qızının gələcəkdə həkim olmasını, oğlunun böyüyüb layiqli şəkildə hərbi xidmət keçməsini arzulayıb.

 

Ülviyyə xanımla söhbət zamanı nəzərə çatdırdı ki, Tofiq valideynlərinə, qaynatası, qaynanasına, qardaşı və bacılarına qayğı ilə yanaşıb, övladlarına mehriban ata olub. O, qohumları və tanışları arasında olan bəzi atasız usaqlara həmişə maddi yardım göstərib. Ümumilikdə, yardımsevər, çətinlikdə olanın köməyinə yetişən insan kimi yadda qalıb. Valideynləri Cəfərli kəndində yaşayırlar, atası da, qaynatası da əlildirlər. Qardaşı Təbriz Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur. Ülviyyə xanımın sözlərinə görə, Tofiq sonuncu dəfə sentyabrın 25-də evdə olub, təlimə gedəcəklərini deyib, ona uşaqlardan muğayat olmağı tapşırıb. Sentyabrın 26-da isə zəng edərək, xəstələnmiş oğlunun səhhəti ilə maraqlanıb. Sonra isə xəbərsizlik içində keçən həyəcanlı günlər və ölüm xəbəri...

 

Ailə tərəfindən şəhidin bəzi əşyaları Milli Tarix Muzeyinə saxlanmaq üçün verilib, orada Vətən müharibəsinə aid ekspozisiya yaradılıb.

 

Şəhidə həsr olunan və qızının dilində çox təsirli səslənən şeirdə belə misralar var:

 

Mənim atam qəhrəmandı, qorxmazdı!   

Nə qədər fəxr etsəm onunla azdı!

Adı Tofiq idi, unudulmazdı!

Murovdağda ayaq izləri qaldı!

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Yalçın Abbasov

DİN-in Daxili Qoşunlarının

 veteranı, tədqiqatçı-jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir