Modern.az

ƏDV ləğv olunur, kitab ucuzlaşır – “Oxuyanlar çoxalacaq”

ƏDV ləğv olunur, kitab ucuzlaşır – “Oxuyanlar çoxalacaq”

4 Noyabr 2021, 16:41

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində kitab, kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması barədə Vergilər Məcəlləsinə dəyişiliklər edilməsi ilə bağlı müzakirələr aparıldı.

 

Müzakirələrdə kitab idxalında və satışında istifadə olunan materialların ƏDV-dən azad olunması təklif edildi.

 

Modern.az bu qərarın gələcəkdə kitab sektorunda hansı dəyişikliklərə səbəb olacağı ilə bağlı yazıçı və naşirlərə sual ünvanlayıb. Onların cavablarını təqdim edirik:

 

 

Xarici nəşriyyatlarla Azərbaycan nəşriyyatları arasında rəqabət

 

 

“Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca ƏDV-nin ləğv olunmasını müsbət hadisə adlandırıb:

 

“Hətta ümumi rəy belədir ki, bu gecikmiş, çoxdan verilməli qərar idi. Kitab sektorunda çalışan adamlar ƏDV - nin ləğv olunmasını çoxdan gözləyirdi.

Bildiyiniz kimi kağız məhsulları xaricdən alınır, Azərbaycanda istehsal olunmur. Xaricdə çap olunub bura gətirilən, Azərbaycan dilində və xarici dildəki ədəbiyyatlar ƏDV-nin ləğv olunması nəticəsində ucuzlaşacaq. Bu da kitab sektorunun canlanmasına səbəb olacaq”.

Rasim Qaraca naşirlər arasında ana dilinin sıxışdırılması ilə bağlı bir nüansı bildirib:

“Belə bir fikir ayrılığı var ki, əgər Türkiyədən, Rusiyadan kitablar gələrsə, bu ana dilinin sıxışdırılmasına səbəb olacaq. Xarici nəşriyyatlarla Azərbaycan nəşriyyatları arasında rəqabətə səbəb olacaq. Yəni Azərbaycan nəşriyyatları daha mobil hərəkət edib belə kitabların ucuz başagəlməsinin yollarını axtarmalıdılar. Kitab sektorunda rəqabətin olması işin keyfiyyətinə təsir göstərəcək. Hər kəs yaxşı məhsul istehsal etməyə çalışacaq”.

 

 

 

ƏDV-nin ləğvi kitab nəşrində yeni dövrün başlanğıcıdır

 

Yazıçı Şərif Ağayar hər fürsətdə Azərbaycanda kitab industriyasının çağdaş prinsiplərə uyğun qurulması məsələsini qaldırdığını bildirib:

“Biz bunu gec-tez etməliyik və mənə görə bu məsələ də Qarabağ kimi tale yüklüdür. Ona görə nə qədər tez etsək, o qədər yaxşıdır. ƏDV-nin ləğvi həmin geniş şəbəkənin yaradılmasına doğru atılan ən ciddi addımlardan biridir. Azərbaycan kitabı üç mərhələdə - həm kağız, həm mətbəə, həm satış mərhələsində hər dəfə 20 faiz qazanacaq və bu vəsait daha keyfiyyətli işlərin görülməsinə xərclənəcək. Kitab bazarında məhsul çoxalacaq, qiymətlər azalacaq, tirajlar qalxacaq. Yeni müstəqil nəşriyyatlar yaranacaq və sağlam rəqabət mühiti formalaşacaq. Bu da əsl yenilik deməkdir. Mən ƏDV-nin ləğvini kitab nəşri işində yeni dövrün başlanğıcı sayıram”.

 

 

 

Kitabın qiyməti 18 faiz azalacaq

 

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ƏDV ləğv olunan ölkələrdə kitab satışının adətən 15-20 faiz artdığını bildirib:

“Ümid edirəm bizdə də eyni təsir olacaq. Əlbəttə ki, kitabın qiyməti 18 faiz azalacaq. Eyni zamanda kağızdan da ƏDV götürüləcək. Bu vaxta qədər kağız gətirən firmaların sayı az idisə, bundan sonra artacaq. Nəşriyyatların, kitab çeşidlərinin və tirajların sayının da artacağı gözlənilir. Əgər ortalama illik tiraj 700 ədəd idisə, məncə, indi min olacaq”.

Şahbaz Xuduoğlu qeyd edib ki, ƏDV vergisi ümumən kitaba təsir edən çox ciddi məhdudlaşdırıcı vergi idi:

 

“ƏDV vergisi götürüləndən sonra Azərbaycan cəmiyyətində kitab sektorundakı vəziyyət xeyli yaxşılaşacaq. Oxucuların da sayının artacağı gözlənilir”.

 

Nigar ADİL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir