Modern.az

Cavanşir Feyziyev: “Gəlirlərimizin mənbəyinin şəffaflığı ilə bağlı heç bir problem yoxdur”

Cavanşir Feyziyev: “Gəlirlərimizin mənbəyinin şəffaflığı ilə bağlı heç bir problem yoxdur”

4 Noyabr 2021, 22:09

İngiltərənin Vestminster məhkəməsində aparılan araşdırmalarla bağlı deputat Cavanşir Feyziyev Modern.az-ın suallarını cavablandırıb.

 

- Cavanşir müəllim, mətbuatda Böyük Britaniyada sizin ailə üzvlərinizin bank hesabları ilə bağlı araşdırma aparılması haqqında xəbərlər dolaşır. Bu məlumatlar doğrudurmu?

 

- Bəli, belə bir məhkəmə araşdırması var və mən artıq bu barədə araşdırma başlayan gün mətbuata açıqlama vermişəm. Söhbət mənim ailə üzvlərimə aid bank hesablarından gedir. Biz bunu normal hal kimi qəbul edirik. Əgər Böyük Britaniya hüquq-mühafizə orqanlarının bizim vəsaitlərimizlə bağlı hər hansı sualı varsa, biz bunun araşdırılmasına hazırıq. Əslində biz də məsələnin araşdırılmasının tərəfdarıyıq.

 

- Sizdən gəlirlərin mənbəyi barədə soruşulsa, bunu açıqlamağa hazırsınızmı?

 

- Əlbəttə. Hər kəs bilir ki, mən Milli Məslisə deputat seçilməmişdən əvvəl 20 ilə yaxın özəl biznes sahəsində çalışmışam və sonra bank hesablarımdakı vəsaitləri ailə üzvlərimə vermişəm. 1990-cı illərin əvvəllərindən başlayaraq məşğul olduğum özəl biznes şirkətlərinə aid bütün sənədləri qoruyub saxlamışam. Həmin sənədlərin doğruluğu və biznes fəaliyyəti nəticəsində qazanılmış vəsaitlərin həcmi müxtəlif illərdə beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb və təsdiq edilib. Yəni gəlirlərimizin mənbəyinin şəffaflığı ilə bağlı heç bir problem yoxdur və ona görə də məhkəmənin obyektiv nəticəyə gəlməsi üçün bizdən istənilən bütün sənədləri təqdim edəcəyik.

 

- Bəs, bu araşdırma nə qədər sürə bilər və nə ilə nəticələnə biləcəyi haqqında nə deyə bilərsiniz?

 

- Bu işi mülki məhkəmə araşdırır və araşdırma əsnasında ortaya çıxa biləcək sübut və dəlillərin təqdim olunması bir prosedurdur və bu, müəyyən vaxt ala bilər. Tələb olunan bütün sənədləri, sübut və dəlilləri təqdim etməyə hazır olduğumuzu bildirmişik və prosedura uyğun olaraq təqdim edirik. Onu deyə bilərəm ki, bu iş bir mərhələdə yekunlaşmaya da bilər. Əgər tərəflərdən hər hansı biri hakimin qərarından razı qalmazsa, işin araşdırılması daha yüksək instansiya məhkəmələrinə də adlaya bilər.

 

O ki qaldı nəticə haqqında proqnoza, Böyük Britaniyada məhkəmə qərarları çox mürəkkəb prosedurların və çoxsaylı hüquqi təhlillərin nəticəsində qəbul olunur. Amma bütövlükdə son qərarın ədalətli olacağına inanırıq. İnamımız fəaliyyətimizin açıq və şəffaf olmasından irəli gəlir.

 

Əminik ki, məhkəmə təqdim edəcəyimiz sənədləri araşdırıb adekvat qiymət verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir