Modern.az

“Zəfər”in filmləri - Vətən müharibəsindən ÖZƏL KADRLAR

“Zəfər”in filmləri - Vətən müharibəsindən ÖZƏL KADRLAR

6 Noyabr 2021, 09:13

Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası bir il ərzində Azərbaycan ordusunun qələbəsindən bəhs edən bir neçə filmin çəkilişlərini tamamlayıb. 

 

Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, bir il ərzində 6 bədii və sənədli filmlər çəkilib:

 

“30 dəqiqəlik xronometrajı əhatə edən “Biz” sənədli filminin ssenari müəllifi və rejissoru Orman Əliyevdir. Filmdə 44 günlük Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib.

 

Rejissorları Seyran Bədəlov, Ayşad Səfərəliyev, Bəhruz Qədirov olan “Görünməyən qəhrəmanlar” filmi sənədli-salnamə janrında çəkilib. Hər biri 44 dəqiqə olmaqla 5 film müxtəlif qoşun növlərimizin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsi müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edilir.

 

“Görünməyən qəhrəmanlar” filminin “27 Sentyabr”, “Hərbi Hava Qüvvələri”, “Dəniz pişikləri” və “Artilleriya” bölümləri hazırdır. Sonuncu bölümün çəkilişləri davam edir.

 

 

62 dəqiqədən ibarət olan və sənədli janrda olan “Fulya” filmi Türkiyənin “Dada Yapım” şirkətinin birgə dəstəyilə çəkilib. Ssenari müəllifi və rejissorları Aykut Taşkın, Tahir Əliyev olan film film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini ilk səsdən dünyaya çatdıran, həmin dövr etibarı ilə “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edir. “Fulya” hazırda ölkəmizdə və Türkiyədə kinoteatrlarda nümayiş olunur.

 

Leylaxanım Qənbərlinin ssenari və rejissorluğu ilə çəkilən “Müharibə uşaqları” adlı sənədli film müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində travma almış uşaqların post-müharibə dövründə psixoloji reabilitasiyası üçün Kukla Teatrının həmin bölgələrə qastrola çıxması ilə ilham və ümidverici bir filmdir. Xronometrajı 25 dəqiqə olan filmin istehsalı davam edir”. 

 

“5 hissəli bədii televiziya filmi olan “Köşk”ün ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, rejissoru Mirsadıq Ağazadədir. Filmdə yaşayıb işlədiyi köşkün içində yatmış qaçqın Qafarı işbazlar səhvən götürüb Gürcüstana göndərirlər və o burda köşkünü qaytarmağa çalışdığı zaman özü kimi qaçqın, evsiz-eşiksiz gürcü qızı Leyla ilə tanış olur.

 

“Köşk” filmində tarixi zəfərdən sonra qayıdış motivi də əks olunub. Bədii film 19, 20, 21 və 25-26 oktyabr tarixlərində İTV-nin efirində yayımlanıb.

 

Ssenari müəllifi və rejissoru Vaqif Mustafayev olan “Həyat, deyəsən gözəldir – Fəryad 2” bədii, müharibə-dram janrındadır. 90 dəqiqəni əhatə edən filmin çəkilişləri yekunlaşıb və hazırda istehsal sonrası mərhələ olan “post-production”dadır.

 

Film, erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək, talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. Azərbaycan ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir”, - deyə kinostudiyadan verilən məlumatda bildirilib.

 

Nigar ADİL

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər