Modern.az

Məktəblər Zəfər Gününü belə qeyd etdi... - FOTOLAR

Məktəblər Zəfər Gününü belə qeyd etdi... - FOTOLAR

Təhsil

8 Noyabr 2021, 11:23

Azərbaycanın II Qarabağ Müharibəsində  qazandığı Zəfərlə əlaqədar bu gün bir sıra tədbirlər keçirilir.


Zəfər Günü Azərbaycan məktəblərində də təntənəli şəkildə qeyd olunur.

Modern.az saytının məlumatına görə, Şuşa şəhər 1 nömrəli məktəbin şəhid Fərid Əhmədov adına 4b sinfinin şagirdləri Zəfər Gününü hərbi geyimdə, Vətənə aid şeirlər səsləndirməklə qeyd ediblər.

 

İmişli şəhəri şəhid Eldar İbrahimov adına 4 saylı tam orta məktəbin şagirdləri 8 Noyabr günü ilə əlaqədar tədbir keçiriblər. Tədbiri himn ilə açıb, daha sonra vətənə aid şeirlər, mahnılarla davam etdiriblər. Tədbirə məktəbin məzun qaziləri və şəhid anaları dəvət olunub.

 

Bakı şəhəri 193 saylı tam orta məktəbdə Zəfər bayramı münasibətilə “BÖYÜK QAYIDIŞ” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, elm adamları iştirak ediblər. Zəfər sevincini qonaqlara çatdıran şagirdlər mahnılar, rəqs, səhnəciklər ifa edərək, qonaqları sevindiriblər.

Qeyd edək ki, tədbirdə çıxış edən şagirdlər dünya telekanallarının spikerləri rolunda çıxış edərək müxtəlif dillərdə “QARABAĞ AZƏRBAYCANDIR” deyiblər.

 

Bakıdakı Atatürk Liseyinin şagirdləri hərbi formada şəhidlərimizi anıblar. Tədbirdə şagirdlər hərbi yürüş ediblər.

Müəllim heyəti şagirdlərə 44 günlük Vətən müharibəsi barədə məlumat verib, Vətənə, torpağa sevgi aşılayıblar.


Sumqayıt şəhəri Polad Həşimov adına 28 nömrəli məktəbdə Zəfər Günü digərlərindən fərqli şəkildə qeyd olunub. Generalın adını daşıyan məktəbdə hər sinif 8 Noyabra aid şeirlər səsləndirib, mahnılar oxuyub.

Şagirdlər Şəhidlər Xiyabanını ziyarət edib, qazilərimizlə görüşlər keçirib, Hərbi Qənimətlər Parkını gəziblər.

Məktəblərdə keçirilən tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar