Modern.az

Ordumuzun ermənilərə tutduğu “toy” - Şuşa əməliyyatının adı nə idi…

Ordumuzun ermənilərə tutduğu “toy” - Şuşa əməliyyatının adı nə idi…

8 Noyabr 2021, 15:57

Şuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar.


Yəhudi jurnalist Pyotr Lyukimson yazırdı: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.


Mənim üçün indi ən çox maraqlı olan Şuşanın azad olunması əməliyyatının adıdır. Ermənistan 28 il öncə Qarabağ incisinin işğalına “Dağlarda toy” adını vermişdi. 28 il ərzində bu əməliyyatın adını eşidəndə “Fəryad” filmindəki fraqmenti, erməni komandirin “Şuşa şəhərini ələ keçirdik” deməsindən sonra ermənilərin arvadlı-uşaqlı qol götürüb oynaması yadıma düşürdü nədənsə...


28 il sonra Azərbaycan ordusu ermənilərə Şuşa dağlarında gerçəkdən toy tutdu, amma bu əməliyyatın adı nə idi axı?


Bunun hərbi sirr olduğunu, ən azı hələlik belə olduğunu bilirik, Xüsusi Təyinatlı Qüvvələrin şəhərə hansı yolla və necə daxil olduğu kimi...


Amma gəlin Şuşanın azad olunmasına şərti olaraq “Xarıbülbül” adını verək, şəhidlərimizin ruhuna ithafən.


Və biz Şuşanın azad olunması ilə bağlı əfsanəvi əməliyyat haqqında ilk dəfə “le Monde” nəşrinin sətirlərində rast gəlirik.


Fransız reportyorun məqsədi əməliyyat haqqında yox, Xankəndiyə gətirilən yaralılar barəsində yazmaq idi.


“Xankəndinə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi”, - nəşr yazırdı.


“Tapança və bıçaq yarası...”. Bu sözlər Şuşa əməliyyatı ilə bağlı ilkin təsəvvür yaranmasına kömək etdi.


“le Monde”: “Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar.

Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. “Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir” yaralı erməni əsgər deyir. Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir”.


Bu məqalə yayımlananda Şuşanın azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi...


Sonrada ortaya çıxan təffərrüatlar, döyüş iştirakçılarının danışdıqları əməliyyatla bağlı təsəvvürləri bir qədər genişləndirdi:


Məlum oldu ki, Azərbaycan əsgəri:


- Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;


- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;


- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüşə-döyüşə sıldırım qayalarla şəhərə qalxıb;


- Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;


- Əməliyyatın müəllifi və rəhbərlik edən XTQ komandanı Hikmət Mirzəyev hücum zamanı ən incə detalı belə nəzərə alıb.


Əməliyyat tarixi Aypara (Qurd Qapanı da deyilir) taktikasına da bənzəyir. Hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu.


Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Şahidlərin dedikləri Şuşa döyüşündə məhz bu taktikadan istifadə edildiyi fikrini də gücləndirir: şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığılıb və ermənilər hücumun oradan olacağını gözləyiblər; əsas qüvvələr sıldırım qayaları dırmaşaraq, şəhərə daxil olub və üzbəüz döyüşə girib;

 
Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?