Modern.az

Yaddan çıxmış sənətkarlar: “Əhməd haradadır?”  filminin Leylası - Ərini erkən itirən müəllim - FOTOLAR

Yaddan çıxmış sənətkarlar: “Əhməd haradadır?”  filminin Leylası - Ərini erkən itirən müəllim - FOTOLAR

10 Noyabr 2021, 12:00

O, aktrisa kimi cəmi iki filmdə çəkilb və hər iki ekran əsərində də yaddaqalan obrazlar  yaradıb: "Qızmar günəş altında" filmində Nərminə və "Əhməd haradadır?"da Leyla rolları…

Yəqin ki, yaşlı və orta nəsildən olanlar bu aktrisanı yaddan çıxarmayıblar - Töhfə Əzimovanı deyirik...


Modern.az
 saytı bu dəfə “Yaddan çıxmış sənətkarlar” layihəsində Töhfə Əzimovanın həyat heyakəsini təqdim edir.

İnternet resurslarında onun haqqında geniş məlumat tapmaq mümkün deyil. Haqqında heç bir məqalə yazılmayıb. Bunun da əsas səbəbi Töhfə Əzimovanın əsl sənətinin aktrisa deyil, fortepiano müəllimi olması ilə bağlıdı.

1950-ci illərin sonları, 60-cı illərin əvvələrində cəmi iki filmdə çəkilən Töhfə Əzimova sonradan daha kamera önünə çıxmayaraq, əsl sənətilə məşğul olmağa üstünlük verib. Və nəticədə də mətbuatın diqqətindən kənarda qalıb, unudulub.
 

Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova (Ələsgərova) 6 fevral 1938-ci ildə Bakı şəhərində doğulub. Əsl peşəsi fortepiano müəllimliyi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub.

Bu izdivacdan onların bir oğlu dünyaya gəlib - Elman Əzimov.

Təəssüf ki, Əzimovlar ailəsinin xoşbəxtliyi uzun müddət davam etməyib. 1969-cu ildə 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtomabil qəzasına düşüb və həlak olub.

Ərinin vaxtsız ölümündən sarsılan Töhfə Əzimova daha sonra heç bir filmdə çəkilməyib, oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

Töhfə Əzimova 4 fevral 2003-cü ildə 64 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında dəfn edilb.


Töhfə xanımın aktrisa sənətinə ilk gəlişi 1957-ci ilə təsadüf edir. O zaman onun 19 yaşı varmış...

Həmin il görkəmli rejissor Lətif Səfərov “Qızmar günəş altında” filmi üçün gənc xanım ifaçılar seçərkən, o zaman ali musiqi təhsil alan tələbə Töhfə Ələsgərova da onun diqqətini cəlb etmiş və bu qızı da ekran əsərinin çəkilişlərinə çağırmışdı...


Filmə çəkilmək Töhfə Əzimovanın həyatını büsbütün dəyişir. Belə ki, çəkilişlər zamanı “Qızmar günəş altında” filminin rəssamı Cəbrayıl Əzimovla tanış olan gənc aktrisa həyatını onunla birləşdirməyə qərar verir və onlar bir ildən sonra ailə qururlar.

O zaman artıq 32 yaşılı Cəbrayıl Əzimov Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), Moskvada isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini (1953) bitirmişdi, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyirdi.

Yeri gəlmişkən, Cəbrayıl Əzimov tanınmış aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi oğlu idi və onun sənətə gəlişində də böyük rolu olmuşdu.

Töhfə Əzimovanın aktrisa kimi ikinci dəfə ekran qarşısına çıxmağı 1963-cü ildə çəkilən “Əhməd haradadır?” filmində gerçəkləşib. O zaman filmin çəkilişi zamanı gənc xanım rolları üçün ifaçılar tapmaqla bağlı çətinlik varmış. Baş rollardan biri – Leylanı oynayacaq aktrisa ilə bağlı mübahisəli vəziyyət yaranıbmış.

Belə ki, Leyla obrazını oynamaq üçün Töhfə Əzimovadan əvvəl onlarla qız sınağa çağırılır və nəhayət biri seçilir. Bu qız bir neçə dəfə sınaq çəkilişlərində də iştirak edir. Sonradan həmin şəxsin erməni qızı olduğunu bilən rejissor Adil İsgəndərov ondan imtina edir.

Bu məsələdə rejissor Adil isgəndərovun köməyinə filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov çatır. O, Adil İsgəndərovun xahişini yerə salmayaraq, həyat yoldaşı Töhfə xanımın “Əhməd haradadır?” filminə çəkilməyinə razılıq verir.


Həmin hadisələrlə bağlı xatirələrini Modern.az-la bölüşən bu məşhur filmin “Uzundraz Oqtay”ını oynamış Novruz Axundovun söylədikləri:

“İndiyə baxmayın. O vaxt çox çətin idi. Leyla rolu üçün bəlkə də 100-dən çox qız sınaq çəkilişlərində iştirak etdi. Onların aktrisa olub-olmadığı nəzərə alınmırdı.

Nəhayət qızlardan birini çəkiliş üçün təsdiq etdilər. Ancaq az sonra məlum oldu ki, o, milləycə ermənidir.

Filim quruluşçu rejissoru, görkəmli sənətkarımız Adil İsgəndərov biləndə ki, həmin qız “uzdəniraq qonşularımız”dandır, hirsləndi. O qızı çəkilişdən uzaqlaşdırdı və dedi ki, “öz filmimizdə erməni qızını baş rola çəkmək istəmirəm”.

Sonra Leyla roluna daha əvvəl “Qızmar günəş altında” filmində rol almış Töhfə Əzimova təsdiq olundu. O peşəkar aktrisa deyildi. İxtisasca fortopiano müəlliməsi olan Töhfə xanımın həyat yoldaşı – Cəbrayıl müəllim kinostudiyada rəssam işləyirdi. Adil müəllim ondan həyat yoldaşını sınaq çəkilişinə gətirməyi xahiş etdi. Və beləcə, əri Töhfə Əzimovaya filmdə çəkilməyə icazə verdi. Töhfə xanım peşəkar aktrisa olmasa da, rolunun öhdəsindən yaxşı gəldi”.  


Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin xatirələrində Töhfə və Cəbrayıl Əzimovlarla bağlı qeydlər var. A.Kazımzadə yazır ki, Töhfə və Cəbaryıl Əzimovlar sənət adamlarının yaddaşında nümunəvi ailə kimi qalıblar:


“Cəbrayıl Əzimov vəfat edərkən cəmi 43 yaşı vardı. Onun xoşbəxt ailəsi vardı. Musiqi müəlliməsi, "Qızmar günəş altında" və "Əhməd haradadır?" filmlərində Nərminə və Leyla rollarının gözəl ifaçısı Töhfə Ələsgərova ilə xoşbəxt cütlük idi. Təəssüf ki, faciəli ölüm yaradıcılığının coşqun çağında olan Cəbrayıl Əzimovu həyatdan erkən apardı. Ondan bizə yadigar qalan isə bu gün kino lentlərində yaşayan bir-birindən maraqlı yaradıcılıq işləri, təsviri sənət nümunələridir”.


A.Kazımzadənin sözlərinə görə, mərhum Cəbrayıl Əzimovun rəssam kimi quruluş verdiyi, bədii tərtibatı üzərində işlədiyi filmlər Azərbaycan kino tarixinə öz möhürünü vurmuş ekran əsərlərdir:

“Cəbrayıl Əzimov kinostudiyada müxtəlif rejissorlarla, o cümlədən Həsən Seyidzadə, Tofiq Tağızadə, Lətif Səfərov, Əlisəttar Atakişiyev, Kamil Rüstəmbəyov, Arif Babayevlə işləyib, 10-dan artıq bədii filmin quruluşçu rəssamı olub. "Görüş", "Bəxtiyar", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Qəribə əhvalat", "Leyli və Məcnun", "Sehrli xalat", "Zəncirlənmiş adam", "İnsan məskən salır", "Qanun naminə" filmlərinə bədii tərtibat verib. Bundan başqa o, Türkmənistanda "Şahsənəm və Qərib" filminin də quruluşçu rəssamı olub.

Aydın Kazımzadə deyir ki, Cəbrayıl Əzimov bu filmlərin uğurlu alınması üçün çox iş görüb.

“Cəbrayıl Əzimovun müxtəlif filmlərə çəkdiyi eskizlərdə, yaratdığı dekorasiyalarda onun peşəkar kino rəssamı olduğu dərhal nəzərə çarpır.
Bir rəssam olaraq, dövrlə bağlı səhnələrdə hadisələrin təbii və inandırıcı çıxması üçün xeyli axtarış aparıb, tamaşaçıda zamanın reallıqları, insanların həyat tərzi barədə inandırıcı və maraqlı təsəvvür yaradıb. Və təsadüfi deyil ki, 1964-cü ildə ona “Əməkdar  rəssam” fəxri adı verilib”.


Mərhum Cəbrayıl Əzimovun əmisi oğlu, Xalq artisti Rafiq Əzimov:

“Töhfə xanım mənim əmim oğlunun həyat yoldaşı olub. Tez-tez görüşməsək də, onunla bağlı bir neçə yaddaqalan xatirələrim var.

Onlardan biri də Töhfə xanımla Cəbrayılın nişan mərasimilə bağlıdır.

Cəbrayılgilin nişan mərasimində idik. Artıq zaman yetişsə də, məclis başlamırdı. Cəbrayıla yaxınlaşıb niyə başlamadığını soruşdum. O, “Şövkət Ələkbərovanın həyat yoldaşı Lətif Səfərovu gözləyirəm” dedi. Həmin vaxt da  da Şövkət Ələkbərova övlad dünyaya gətirmək üçün xəstəxanada idi.


Bir xeyli keçdikdən sonra Lətif Səfərov əlində şampan şərabı şadlıq sarayına daxil oldu. Əlindəki şampanı partladaraq “Oğlum oldu!” deyə qışqırdı. Və onun gəlişi ilə əmim oğlu məclisi başlatdı.


Bir gün Daxili İşlər Nazirliyinin yanında Cəbrayılla rastlaşdım. Rəngi solmuşdu, vəziyyəti heç xoşuma gəlmədi. Yaxınlaşıb niyə belə olduğunu soruşdum. O da mənə “nəsə ürəyim sancır” dedi. Dərhal onu taksiyə mindirib evlərinə apardım. Həyətlərində mənimlə bir az söhbət etdi.


Bu görüş bizim vida görüşümüz oldu.


Mənim aktyor kimi sənətə gəlməyimdə Cəbrayılın rolu böyük olub. Atam bu sahədə olmağımı istəmirdi. Cəbrayıl atama dedi ki, Rafiq haranı istəyirsə, qoy ora getsin. Mən Cəbrayılın o sözündən sonra sənətə gəlmişəm.


Tale Cəbrayılla Töhfə xanıma uzun illər bir yerdə yaşamağı iqsmət etmədi. Əmim oğlunun vaxtsız ölümü onları tez ayırdı.
Onların haqqında məndə ancaq xoş xatirələr qalır. Töhfə xanım mülayim xasiyyətli, ədəb-ərkanlı xanım, çox yaxşı  insan idi”.



Modern.az saytı Töhfə və Cəbrayıl Əzimovların yeganə övladı Elman Əzimovu axtarıb taparaq, onun da valideynlərilə bağlı qısa xatirələrini öyrənib:


“Bildiyiniz kimi, anam cəmi iki filmdə rol alıb. “Əhməd haradadır” filmində Leyla obrazına Özbəkistandan bir qadın aktrisa gətirmək istəyirmişlər. Atam da həmin filmin quruluşcu rəssamı olub. Nəsə həmin qadınla bağlı qalmaqal baş verib. Atam da o zaman deyib ki, xarici ölkədən gələn aktrisa bizə lazım deyil. Mən öz xanımıma deyərəm çəkilər. Anam həmin vaxta qədər müəllimə işləyib və tək bir filmdə oyamışdı.


Mənim o yadımdadır ki, anamla şəhərə çıxmaq mümkün deyildi. Heç kim adını bilmirdi, amma hamı onu “Leyla, Leyla” deyərək çağırırdı. Trolleybusa minirdik - hamı dönüb baxırdı, parkda gəzirdik – hamı barmaqla göstərirdi.


Anam rəhmətə getməzdən öncə və sonra heç kim onunla maraqlanmadı. Nə sənət yoldaşları, nə də qeyriləri.


Anamın ölüm səbəbi başında xərçəngin olması idi. O xəstəliyə tutulanda vəziyyəti çox pis idi, deyə bilərəm ki, 5 il evdən çölə çıxmadı.


Atamla anam “Qızmar günəş altında” filmində tanış olmuş, bir-birini sevib evlənmişdilər…”.


Fidan İlqar
Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir