Modern.az

Bizimkilər - Baş epidemioloqun istefasına səbəb olan jurnalist: “Hələ də o açıqlamadan danışırlar” - MÜSAHİBƏ

Bizimkilər - Baş epidemioloqun istefasına səbəb olan jurnalist: “Hələ də o açıqlamadan danışırlar” - MÜSAHİBƏ

10 Noyabr 2021, 11:16

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazırıq. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... 


“Bizimkilər”in növbəti qonağı “Manşet.az” saytının təsisçisi Famil Fərhadoğludur...


Arayış:
Famil Fərhadoğlu 1988-ci il iyulun 15-də Qərbi Azərbaycanın Loru Pəmbək mahalında anadan olub. O, dünyaya göz açandan bir neçə ay sonra mənfur düşmənlərimiz tərəfindən ata-baba yurdundan deportasiya olunub. Bir neçə ay Ağstafa rayonunun Köçəsgər kəndində yaşayıb. Sonradan Bakı şəhərinin Suraxanı rayonuna köçüblər. Həmin ərazidə yerləşən Abil Səfərov adına 114 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə daxil olub, lakin Təhsil Nazirliyinin qərarı ilə həmin universitet bağlandığına görə sonradan təhsilini Bakı Avrasiya Universitetinin Jurnalistika fakültəsində davam etdirib.


- Famil bəy, bu peşəyə gəlməyinizə nə səbəb oldu?

- Məktəb illərindən ya Hüquq ya da Jurnalistika fakültəsində ali təhsil almağı arzulayırdım. Buna görə də uşaqlıq xəyallarımda özümü prokuror formasında və ya mikrofonla televiziyada hansısa siyasətçidən müsahibə alan jurnalist kimi təsəvvür edirdim. 11-ci sinifə yaxınlaşdıqca, jurnalist olmaq istəyim daha çoxaldı. Ona görə də qərara aldım ki, gələcəkdə media sahəsində çalışım.
İlər sonra ikinci dəfə tələbə adını da qazandım. Hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıram.


- Jurnalistika sahəsində ilk iş yeriniz hara olub? Ora ilə bağlı hansı xatirələriniz var?

- Tələbəlik illərində çalışmaq üçün Azad Azərbaycan Televiziyasına (ATV) müraciət etdim. Müraciətim müsbət cavablandırıldı. Oradan başlayan yol məndə bu sahəyə marağı daha da artırdı. İlk iş yerim olduğu üçün məndə ATV kanalı ilə bağlı unudulmaz xatirələr var. Bir neçə il həm tələbə kimi universitetə getmişəm, həm də paralel olaraq ATV-də çalışmışam. Bunun da müəyyən çətinlikləri olub. İndi həmin anları bir xoş xatirə kimi xatırlayıram.

Bəzən də həmin günlər üçün çox darıxıram. Bir neçə il həmin kanalda fəaliyyət göstərmişəm. Sonradan jurnalist kimi fəaliyyətimi “Space” televiziyasında davam etdirdim. Həmin televiziyanın “Hər gün” xəbərlər xidmətində, eləcə də “Hər həftə” analitik-informasiya proqramında müxbir kimi çalışmışam. Sonradan həmin televiziyada fəaliyyətimi öz istəyimlə sonlandırdım. Qərara gəldim ki, özümü yazılı mətbuatda sınayım.
Və xəbər portallarından birində müxbir kimi çalışmağa başladım. Həmin saytda bir neçə il çalışandan sonra oradan da ayrıldım.


-Uzun müddətdir ki, bu sahədəsiniz. Ən maraqlı, yadda qalan müsahibəniz və müsahibiniz hansı olub? Bu barədə biraz danışın...

- İqtisadiyyat sahəsi istisna olmaqla digər sahələrdən xəbərlər hazırlamışam. Bu xəbərlərlə bağlı da müxtəlif siyasətçilərdən, deputatlardan, ictimai-siyasi xadimlərdən müsahibə götürmüşəm. Ən yadda qalan müsahibəm ölkənin sabiq baş epidemioloqu İbadulla Ağayevdən aldığım açıqlama olub. Pandemiyanın ən qızğın dönəmində, onlarla insanın dünyasını dəyişdiyi bir zamanda baş epidemioloq rayonda olduğunu bildirmiş, epidemioloji vəziyyətdən xəbərsiz olduğunu demişdi. Həmin açıqlama qısa zamanda ölkənin gündəminə çevrildi. Və sonra 1992-ci ildən ölkənin baş epidemioloqu kimi çalışan İbadulla Ağayev vəzifəsindən istefa verdi. Bu günə qədər hələ də əksər həmkarlarım və oxucular bu açıqlamanı mənə xatırladır.


- Jurnalistikada çalışma televiziyadan başlamısınız. Sizin fikrinizcə, televiziyada, yoxsa saytda çalışmaq daha çətindir?

- Hər ikisinin özünə görə çətinlikləri var. Amma saytda çalışmaq daha ağırdır. Mikrofonu görən şəxsi müsahibə verməyə razılaşdırmaq daha asandır. Amma xəbər portallarında işləyən həmkarlarım əksər hallarda açıqlamaları, müsahibələri telefonla alır. Bu zaman bəzi şəxslər müsahibədən qaçır. Elələri də olur ki, sualı eşidəndən sonra ümumiyyətlə zənglərə cavab vermir.


- Bir müddət əvvəl təsisçisi olduğunuz “Manşet.az” saytı ictimaiyyətə təqdim olundu. Belə bir sayt açmağı nə zaman qərara aldınız, bu, necə baş verdi?

- Öncə çalışdığım saytdan nə zamansa ayrılmağı düşünürdüm. Ayrılacağım təqdirdə isə yeganə planım öz işimi qurmaq idi. Çünki mənim yaratmaq istədiyim və planladığım xəbər portalı var idi. Həmin vaxt uzun illər müxtəlif televiziyalarda və saytlarda çalışmış tələbə yoldaşım Əli Vəliyevlə belə bir xəbər portalı təsis etmək barədə qərar verdik. Qısa zamanda böyük oxucu kütləsi qazandığımızı düşünürük. Bir neçə ay ərzində oxucu kütləmiz 2 milyon izləyicini keçdi. Mən sayta bir dəfəlik giriş edən şəxslərin statistikasını deyirəm. Məncə bu aşağı rəqəm deyil. Nəzərinizə çatdırım ki, hədəflərimiz böyükdür. Gələcəkdə maliyyə dayanıqlığımızı təmin edə bilsək və daha böyük reklam bazarına daxil olsaq, saytımızın işində böyük dəyişikliklərin şahidi olacaqsınız.


- Ölkədə xəbər portallarının sayı durmadan artır. Bir tərəfdən də sosial şəbəkələr var. Sizcə, saytlar öz operativliyini qoruyub saxlaya bilirmi?

- Saytlar televiziyalara nisbətən daha operativ xəbər çatdırırlar. Düşünürəm ki, bu səbəbdən son illər xəbər portallarından informasiya əldə etmək istəyənlərin sayı artıb. Burada digər amil də sosial şəbəkələrə marağın artması ilə bağlıdır. Günümüzdə insanlar xəbərləri daha çox sosial şəbəkələr vasitəsi ilə əldə etmək istəyirlər. Düşünürəm ki, bu kimi amillər operativliyi qoruyub saxlamağa yardımçı olur.


- Hazırda öndə olan bir neçə xəbər portalı, media agentliyi var. Bunlar arasında operativliyinə, qərəzsizliyinə inandığınız hansılardı?

- Gündəlik olaraq müntəzəm izlədiyim xəbər saytları agentliklər var. Ad çəkmək istəmirəm. Çünki bütün həmkarlarımız informasiya toplamaq üçün əziyyət çəkirlər. Mən bu əziyyətə şahidi olduğum üçün həmkarlarım arasında ayrı-seçkilik etmək istəmirəm.


- Mətbuatda daimi izlədiyiniz imza varmı?

- Yuxarıda qeyd etdiyim ki, gündəlik olaraq mətbuatı izləyirəm. Yadımda qalan imzaları sadlaya bilərəm. Ramella İbrahimxəlilovanı , “Yeni Müsavat” qəzetindən İlkin Muradovu, “Qafqazinfo” saytından Murad Əhmədi, “Qaynarinfo”dan Amid Əyyuboğlunu, “Kriminalqafqaz”dan Amin Nəzərlini, sizin əməkdaşı olduğun Modern.az-dan Gülşən Raufqızını, Namidə Bingölü, “Report” Agentliyindən İsmayıl Nəsiblini, Səid Qəribi, APA-dan Səlçuq Elçini misal olaraq göstərə bilərəm. İndi adını unutduğum həmkarlarım da var.


- Jurnalistlər üçün problemlərdən biri də ekspert qıtlığıdır. Bəzən hansısa sahə üzrə danışdırmağa ekspert tapa bilmirik. Siz sayt rəhbəri olaraq bunu nə ilə izah edərdiniz?


- Ekspert qıtlığı olduğunu düşünmürəm. Sadəcə, bəzi mütəxəssislər müəyyən səbəblərdən Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıqdan qaçırlar. Bunun nəticəsidir ki, bəzi ekspertlər özlərini cəmiyyətə “hərşeyşünas” kimi sırıyıblar. Amma nəzər saldıqda şahid oluruq ki, həmin şəxslər bildiyi və bilmədiyi sahələrdən “peşəkarcasına” danışırlar. Bəlkə də peşəkar mütəxəssislər bu amilə görə mətbuatdan kənar qalıblar.


- Ümumilikdə götürəndə, medianın indiki durumunu necə qiymətləndirirsiniz?

- Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun işdən çıxarılmasından sonra məndə Azərbaycan mətbuatının inkişaf edəcəyinə bir ümid yarandı. Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən mətbuata böyük qayğı və diqqət var. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva jurnalistlərin üzləşdiyi hansısa problemə dərhal reaksiya verib. Biz zamanla bunların şahidi olmuşuq. Cənab Prezidentin bu ilin may ayının 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı zamanı jurnalistlərlə dialoqunun şahidi olduq. Ölkə başçısı jurnalistlərə səmimi münasibət göstərdi. Bunlar hamısı Azərbaycanda mətbuata olan böyük diqqətin, azad sözə verilən dəyərin göstəricisidir. Bu gün ölkə başçısının diqqəti ilə media sahəsində islahatlar aparılır. Prezident İlham Əliyevin qərarı ilə MEDİA Agentliyi yaradıldı. Kütləvi İnformasiya Vasitələrinə maddi yardım ayrıldı. Bu kimi proseslərin mətbuatda canlanmaya səbəb olacağını və mətbuatda rəqabət mühitinin formalaşdıracağını düşünürəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir