Modern.az

SOCAR 70 əməkdaşını TƏXLİYƏ ETDİ

SOCAR 70 əməkdaşını TƏXLİYƏ ETDİ

Ölkə

11 Noyabr 2021, 10:28

Hava şəraitinin kəskinləşməsi ilə bağlı bədbəxt hadisələrin qarşısını almaq üçün, bir qayda olaraq, qabaqlayıcı tədbirlər görülür.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, görülən qısamüddətli tədbirlər çərçivəsində açıq səthlərdə aparılan işlər dayandırılıb:

 

“Dünən həm də 70 əməkdaşımız dənizdəki iş yerlərindən müvəqqəti çıxarılıb. Hazırda olan məlumata görə dünəndən etibarən müşahidə olunan kəskin hava şəraiti nəticəsində əməkdaşlarımıza hər hansı ziyan dəyməyib.

 

 

Digər tərəfdən, təhlükəsizlik şəraitinin uzunmüddətli gücləndirilməsi üçün bütün dəniz obyektlərində daim təmir-bərpa işləri aparılır, platformaların dayaqları bərkidilir və onların istismar dövrü artırılır. Eyni zamanda, əməkdaşlarımızın fərdi təhlükəsizlik qaydalarına daha dəqiq riayət etməsi üçün son dövrlərdə nəzarət gücləndirilib və əməyin mühafizəsi üzrə nəzarəti daha effektli şəkildə təmin edən struktur bölmələri yaradılıb”.

 

 

SOCAR rəsmisinin sözlərinə görə, görülən uzunmüddətli işlərin nəticəsinə uyğun olaraq, son dövrlərdə hava şəraiti kəskinləşəndə nisbətən az sayda işçilərin təxliyəsinə ehtiyac yaranır:

 

“Bəzi hallarda isə, hava şəraiti şiddətlənəndə belə bir ehtiyac ümumiyyətlə yaranmır. Görülən uzunmüddətli və qısamüddətli qabaqlayıcı tədbirlər hasilatla bağlı əməliyyatların davam etdirilməsi və hasilat tempinin sabit saxlanılması üçün şərait yaradır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır