Modern.az

Altay Əliyev HARALARDADI…

Altay Əliyev HARALARDADI…

Reportaj

14 Noyabr 2021, 09:07

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bu dəfə çoxdandır mətbuatda görünməyən elə keçmiş mətbuat işçisi - bir vaxtlar tanıdığımız telejurnalist Altay Əliyevin harada olduğunu öyrənməyə çalışdıq.


Bilməyənlər üçün qeyd edək ki, 10 il əvvələ kimi az qala hər gün telekanallarda görməyə öyrəşdiyimiz idman telejurnalisti Altay Əliyev hazırda iş adamı kimi fəaliyyət göstərir.

Onun özü ilə əlaqə qura bilmədik, amma dostları bildirdilər ki, Altay Əliyev mətbuat səhifələrində görünmək istəmir.

Keçmiş telejurnalist hazırda “Netbet” MMC şirkətinə rəhbərlik edir.

Yeri gəlmişkən, Altay Əliyev ötən il Prezident İlham Əliyevin çağırışına qoşularaq, iş adamı kimi əvvəlcə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib - 3000 manat vəsait köçürüb.
Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında isə Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat məbləğində maddi yardım edib.


Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasında) Beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb. 2000-2002-ci illərdə Dövlət İdarəçilik Akademiyasında dünya siyasəti və beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb. Daha sonra fəaliyyətini 1996-cı ildən AzTV-də davam etdirib. O, dövlət televiziyasında 14 il fəaliyyət göstərib. 2002-ci ildə isə ATV-də çalışıb.

Tamaşaçılar onu telekanallardan futbol oyunlarının şərhçisi kimi tanıyıblar.

Altay Əliyev bir sıra tarixi oyunların, o cümlədən “Neftçi” klubunun 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litvanın “Kaunas” klubunu 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, "Qarabağ" klubunun 2009-cu ildə Avropa Liqasında "Rusenborq" və "Honka" üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il Dünya Çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib. 


A.Əliyev 2010-cu ildə jurnalistlik karyerasını bitirib. 2012-ci ildən indiyə kimi “Netbet” MMC şirkətinə rəhbərlik edir.

Ailəlidir, 2 övladı var. Türkay adında bir qızı və Tuncay adında bir oğlu var.

Altay futbol matçlarını şərh edərkən çox sürəli danışıq tərzi ilə yadda qalıb.

Onun sürətli danışığı hətta bir lətifənin yaranmasına da səbəb olub:

“AzTV-də futbol gedir: “Qarabağ” – “Xəzər-Lənkəran”. Şərhçi Altay Əliyev yenə dil-boğaza qoymadan, nəfəs dərmədən, ildırımsürətli danışığı ilə oyunu şərh edir. 

Oyunun qızğın vaxtında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov qalxır şərhçilərin otağına, qapını açıb deyir:

- Ay Altay, qadan alım, bir az asta danış da, bizim uşaqlar sənə çatdıra bilmirlər axı...”.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir