Modern.az

Kolbasaya ətdən başqa nə qatılır? - DİQQƏTLİ OLUN!

Kolbasaya ətdən başqa nə qatılır? - DİQQƏTLİ OLUN!

İqtisadiyyat

14 Noyabr 2021, 11:25

Kolbasa məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq  istəyir. Ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə kolbasa məmulatları satıldığına görə istehlakçılar bir çox hallarda onun keyfiyyətinin müəyyənləşdirilməsi problemi ilə üz-üzə qalır. Bu baxımdan istehlakçılar üçün faydalı ola biləcək  bir sıra məsələlər haqqında məlumat verəcəyik.


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, kolbasa istehsalına, saxlanmasına və satışına  qoyulan müvafiq standart və tələblərə riayət olunması vacibdir. Çünki istehlak üçün hazır qida məhsullarından biri olan kolbasa termiki emaldan keçirilmədən (sosis və sardel istisna olmaqla)  qəbul olunur və bu insan orqanizminə ciddi təsir göstərə bilir.  Belə ki, kolbasa məmulatı müxtəlif növ ət və ət məhsullarından hazırlanır. Bu məhsulları hazırladıqda növ və çeşidindən asılı olaraq tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dad və rəngləyici maddələr, ədviyyat və s. əlavə edilir.


Kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Belə ki, kolbasa məmulatının (selefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasa növlərinin qabığının üzərində kolbasanın ətinə  keçməmək şərti ilə az miqdarda ağ kif hissəcikləri ola bilər. Belə kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır.


Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalar üçün xarakterik olan və qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalı, kənar  maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməyən iy və dad hiss olunmamalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məlumatlar üçün xarakterik olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca  həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş yerlər olmamalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır.


Məmulatın konsistensiyasına gəldikdə isə, növündən asılı olaraq kolbasaların qiyməsi çox yumşaq və elastiki olur.


Kolbasa reseptində məmulata əlavə qatışıqların-nişasta, un və s. qarışdırılması da  nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar. Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur ki, bu da onların qanunvericiklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.


Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir.  Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir.


Kolbasalar müvafiq qaydada markalanır və etiketində aşağıdakı məlumatlar olmalıdır:

- istehsalçının adı və ünvanı;

- əmtəə nişanı;

- istehsal və qablaşdırma tarixi;

- xalis çəkisi;

- məhsulun tərkibi;

- saxlama müddəti, saxlama şəraiti;

- qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər;

- məhsulun hazırlanma üsulu;

- müvafiq standartın adı (nömrəsi) və s.

Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Belə ki, havanın nisbi rütubəti 75-78% olmaqla 0ºС-dən 6ºС-dək temperaturda:

- bişmiş, bişmiş-hisə verilmiş kolbasalar 60 sutka;

- yarım hisə verilmişlər 60 sutka, serviz doğramasında 20, porsion doğramalarda 30 sutka;

- batonlar 72 saat;

- paştetlər 24 saat, başqa bişmiş kolbasalar 48 saat;

- çiy-hisə verilmişlər 4 aya qədər saxlamaq olar;

- sosiska və sardelkalar 30 sutka  saxlanıla bilər.

Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar  əsasında müəyyən edilir. Belə ki, mənfi 9-7 dərəcədə:

-   yarım hisə verilmiş kolbasalar 3 aya qədər,

-   bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər,

-   çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.

Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Xarab olmağa başlayan bütün  kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif  dəyişmələrin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və suyun çoxalması, xoşagəlməz iy məhsulun xarab olmasını göstərən  başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdır. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almayın. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəlsəniz dərhal Dövlət Xidmətinə müraciət edin.



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir