“Mədəniyyət hər bir xalqın vizit kartıdır”
Bu il dahi muğam ustadı, Azərbaycan Respublikasının xalq artisti İsfəndiyar Aslan ağa oğlu Cavanşir – Xan Şuşinskinin 120 yaşı tamam olur.
Məlum pandemiya səbəbindən bir çox əlamətdar mədəniyyət tədbirləri kimi Xan Şuşinskinin yubileyi də bir qədər məhdud çərçivədə qeyd edilir. Xan Şuşinski 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərində yaşayıb, yaratmış görkəmli muğam ifaçıları dəstəsinin layiqli davamçısı, Azərbaycan muğamlarını öz hafizəsinə dərindən həkk edərək, 20-ci əsrin ikinci yarısında meydana çıxmış xanəndələrə daşıyan muğam bilicisi, ifaçısı, eləcə də bir sıra mahnı və təsniflərin müəllifi olmuş nadir şəxsiyyətdir.
1971-ci ilin 30 dekabr tarixində Azərbaycan Dovlət Filarmoniyasında böyük təntənə ilə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskinin 70 illik yubileyi qeyd olunurdu. Yubiley gecəsinin sonunda ustad xanəndə Xan Şuşinski üzünü yetirmələrinə - gənc xanəndələrə tutaraq, vəsiyyət edirmiş kimi təxminən bu sözləri ifadə etdi: “Babalarımızdan və ustad sənətkarlardan mənə əmanət edilən Azərbaycan muğamlarını, təsnifləri və el havalarını illərin çətin sınağından min - bir əziyyətlə keçirib, günümüzə gətirib çıxardım. Sizdən xahişim budur ki, bu əmanəti bayağı guşə və xallardan qoruyasınız, gələcək nəsillərə olduğu kimi çatdırasınız”.
XAN ƏMİNİN NARAHATÇILIĞI
O zaman qocaman xanəndənin narahatlığına həqiqətən ciddi səbəblər var idi. Belə ki, sovetlər alman faşizminə qarşı birgə mübarizə apardığı illərdə ölkə ərazisində yaşayan bütün millətlərin birliyi pozulmasın deyə mərkəzi ittifaq rəhbərliyi vətəndaşlarının dilinə, dininə, adətlərinə və milli mədəniyyətlərinə hörmətlə yanaşır, dözümlülük göstərir və hər hansı ayrı-seçkiliyə qarşı sərt təpki nümayiş etdirirdi. Lakin müharibə Sovetlər İttifaqının qələbəsi ilə yekunlaşdıqdan sonra ölkə ərazisində yaşayan millətlərin, əsasən də türk mənşəli xalqların qədim milli yaradıcılıq nümunələri, o cümlədən də respublikamızda Azərbaycan muğamlarının tədricən unudularaq tarixdən silinməsi istiqamətində məqsədli tədbirlər görülməyə başlamışdı.
Belə ki, Dövlət tədbirlərinin, bayram konsertlərinin və kütləvi şənliklərin proqramlarında muğam ifaları ixtisara salınır, muğamlar repertuarlardakı yerini zövqsüz, bayağı mahnılara verməyə məcbur edilirdi. Muğamlar yalnız toy şənliklərində, ziyafətlərdə oxunurdu. Toy-düyün zamanı ifalara mütəxəssis nəzarəti olmadığından klassik muğamlarımıza yad guşələr, hind, ərəb, fars musiqi çalarları əlavə edilərək, tanınmaz vəziyyətə salınırdı.
Əhalinin əsl muğamata olan mənəvi təlabatını təmin etmək məqsədilə qeyri-peşəkar şəkildə toylar zamanı maqnitofon lentlərinə yazılmış ifalar əldən - ələ ötürülür, kasetlərə yazılaraq, müvafiq qiymətlərə qara bazarda satılırdı. Televiziyaya çıxış üçün dəvət olunan müğənnilərdən yalnız mahnı ifa etmək tələb olunsa da bəzi müğənnilər televiziya əməkdaşlarını çətinliklə də olsa ələ alaraq, mahnı oxuyarkən arada bir-iki boğaz muğam ifa etməyə nail olurdular. Bütün bunlar ölkəmizdə muğamın tənəzzülünə yol açırdı.
HEYDƏR ƏLİYEV MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ SAHİB ÇIXDI
Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra bütün istiqamətlərdə olduğu kimi mədəniyyət sahəsində də tədricən nizam – intizam yaranmağa başladı. Korifey sənətkarlar dövlət qayğısı ilə əhatə olundu, klassik muğamlarımızın qorunması məqsədilə Bakıda “Qızıl payız” musiqi festivalı keçirildi. Xan Şuşinski veteran xanəndələrlə birgə müdavimlərin ifalarını qiymətləndirməklə yanaşı, perspektivli iştirakçılara dəyərli məsləhət və tövsiyyələrini çatdırır, düzgün istiqamətə yönəldirdi.
1970-ci ildə Xan Şuşinskinin təklifi ilə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradılaraq, 1976-cı ilə qədər fəaliyyət göstərdi. Bu qurumda Xan Şuşinskinin rəhbərliyi ilə yaradılmış münsiflər heyəti respublikanın müxtəlif bölgələrindən istedadlı gəncləri taparaq üzə çıxarırdı ki, sonrakı illərdə məşhur xanəndələr kimi tanınan bir çox sənətkarlar məhz bu studiyada, Xan Şuşinskidən muğam dərsləri alaraq, püxtələşdilər. Həmin illərdə Xan Şuşinski həm də Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olur və əsasən tələbələrini evdə qəbul edib, dərs keçirdi.
HEYDƏR ƏLİYEV XAN ƏMİYƏ NƏ DEMİŞDİ...
Xatirimdədir, evimiz kiçik, ailəmiz isə 6 nəfərdən ibarət idi. Atam anamın təkidi ilə mənzil – məişət şəraitimizin yaxşılaşdırılması üçün Bakı Sovetinə, Həmkarlar İttifaqı Komitəsinə, eləcə də Mədəniyyət Nazirliyinə müraciət etməsinə baxmayaraq, atamın istəyinə uyğun, paytaxtın mərkəzi rayonlarında boş mənzil fondunun olmadığı bəhanə gətirilərək, bizim geniş mənzillə təmin olunmağımız əngəllənirdi. (Yəqin ki, gənc nəsil az məlumatlıdır ki, Sovetlər Birliyi dövründə bütün mənzillər dövlət mülkiyyətində olduğu üçün insanların mənzillə təmin olunması dövlət tərəfindən planlı şəkildə inşa edilən mənzillərin növbəlilik qaydasında müəssisə və təşkilatlarda çalışan işçilərin ehtiyacları nəzərə alınmaqla paylanılırdı.)
Atam Ulu Öndər Heydər Əliyevin İncəsənətə necə dəyər verdiyini, mədəniyyət xadimlərinə öz qayğısını əsirgəmədiyini nəzərə alaraq, ona ərizə ilə müraciət etdikdən az sonra ailəmiz Bakı şəhərinin mərkəzində, Sahil bağına yaxın Üzeyir Hacıbəyov küçəsində inşa edilmiş, o dövr üçün şəhərimizə görkəm verən təzə binada geniş mənzillə təmin olundu. Yeni mənzilə yenicə köçmüşdük ki, telefon rabitə qovşağından gəlib, əvvəlki ünvandakı nömrəmizi təzə evdə quraşdırıb, getdilər.
Yeni evdə telefonumuz ilk dəfə bir qədər qəribə, şəhərlərarası zəngə bənzər səslə zəng çaldı. Bacım dəstəyi götürüb, atamla danışmaq istədiklərini dedi.
Atam telefonu götürcək, xəttin o başında - Xan Şuşinski, indi Heydər Əliyev sizinlə danışacaq, sözləri səslənmişdi. Atam həyəcanlı idi. Heydər Əliyev atama – Xan Əmi, mənzil xoşuna gəldimi demiş, atam minnətdarlığını bildirərək, çox razı qaldığını, mənzilin çox geniş, işıqlı olduğunu, xüsusən də balkonunun 12 metr olduğunu vurğuladıqdan sonra Ulu Öndər atama xoş arzularını ifadə etmişdi.
Yadımdadır, atam qismət olsun, oğlunun toyunda bir Qarabağ şikəstəsi, bir İrəvanda xal qalmadı məndə, demişdi. Heydər Əliyev, sözümüz sözdür deyib, vidalaşdıqdan sonra atam bir neçə dəqiqə telefonun yanında oturub, fikrə daldı. Daha sonra bizi - övladlarını bir-bir süzdükdən sonra üzünü anama tutub dedi:
- Mən çox rəhbərlər, padşahlar görmüşəm, çox hökumət başçıları üçün oxumuşam, amma Heydər Əliyev qədər sənətə, sənətkara qiymət verən rəhbər bir şəxs görməmişəm. Bu həqiqətən də belə idi. Yaşadığımız binanın sakinlərinin böyük əksəriyyəti teatr, kino xadimləri, məşhur müğənni və musiqiçilərdən ibarət idi.
Heydər Əliyevin respublikamıza rəhbərliyi illərində bütün mədəniyyət xadimləri kimi muğam ifaçılarımız SSRİ məkanında keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən 1980-ci ildə Sovetlər İttifaqının paytaxtı Moskva şəhərində keçirilən 22-ci Yay Olimpiya oyunlarında, 1983-ci ildə Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Beynəlxalq Musiqi Simpoziumunda cıxış etmiş, eləcə də bir sıra xarici ölkələrə qastrol səfərlərinə yollanaraq, yaddaqalan ifaları ilə muğamlarımızla Azərbaycanı müxtəlif xalqlar qarşısında təmsil etmişlər.
Bakı şəhərində Birinci Respublika Muğam müsabiqəsi də məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə - 1982-ci ildə keçirilmişdi.
Müdrik xalqımızın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə dəvət olunduqdan sonra ölkədəki ağır siyasi və iqtisadi duruma baxmayaraq, Heydər Əliyev mədəniyyət xadimlərinin qayğılarını unutmamış, onlara yetərincə diqqət göstərmişdi.
2001-ci ildə Azərbaycan xalqının Ümumilli Lideri Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Xan Şuşinskinin 100 illik yubileyi respublikamızın bir çox bölgələrində, müxtəlif mədəniyyət ocaqlarında və təşkilatlarda böyük qələbəliklə qeyd olundu. Məhs həmin dövrdən muğam sənətinə ölkəmizdə geniş meydan verildi. Muğam ifaçıları yenidən dövlət qayğısı ilə əhatə olunmağa başladı. Muğama maraq artdı. Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, habelə Birinci xanım Mehriban Əliyeva tərəfindən bu ənənə davam etdirilərək, daha da geniş vüsət aldı.
MEHRİBAN ƏLİYEVA MUĞAMIN XALIQIMIZA MƏXSUS OLDUĞUNU DÜNYAYA QƏBUL ETDİRDİ
Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə Muğam müsabiqələrinə start verildi. İstedadlı gənclər ucqar rayonlardan belə seçilərək, mükəmməl muğam təhsili almaları üçün korifey sənətkarların siniflərnə qəbul edilib, muğamın incəliklərini mənimsəməyə başladılar. Bu müsabiqələrin davamlı keçirilməsi hesabına artıq əvvəlki müsabiqələrin qalibləri sənətdə daha da püxtələşərək, özləri yeni müsabiqələr üçün istedadlı gənclərin yetişdirilməsi ilə məşğul olmağa başladılar.
Mehriban xanım Əliyeva Yuneskonun yüksək kürsüsündən qədim muğam sənətinin Azərbaycan xalqına məxsus olduğunu vurğulayıb, Azərbaycan muğamlarının bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınmasına nail oldu.
Bu uğur hesabına artıq Azərbaycan muğamlarına və muğam ifaçılarına dünyanın ən mötəbər konsert salonlarının qapısı açılmış oldu. İndi muğamlarımız bütün Yer kürəsini dolaşır, müxtəlif dünya xalqlarını öz möcüzəsi ilə təsirləndirərək, zövq oxşayır.
ALİ BAŞ KOMANDAN VƏTƏNİ DÜŞMƏNDƏN AZAD ETDİ...
XAN ŞUŞİNSKİNİN RUHU ŞADDIR...
Bütün bunlara rəğmən əminliklə demək olar ki, bu gün Xan Şuşinskinin sonsuz səmalarda dolaşan ruhu şaddır, rahatdır. Çünki onun əzab-əziyyətlə 20-ci əsrin ortalarına gətirib çatdırdığı Azərbaycan muğamları milli-mədəni dəyərlərimizin ən böyük təəssübkeşi olan Mehriban xanım Əliyeva tərəfindən qorunur, inkişaf edir, dünya musiqi mədəniyyəti nümunələri arasında ön sırada durur.
Xan Şuşinskinin ruhu bir də ona görə rahatdır ki, Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin müstəqilliyi, tərəqqisi və rifahı üçün təyin etdiyi yeganə doğru yolun sadiq davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, özünün qətiyyətliyi, dönməzliyi, yüksək diplomatiya bacarığı sayəsində 200 ilə yaxın müddət ərzində mərhələlərlə əzəli ərazilərinin itkisinə məruz qalmış Vətən torpağının Qarabağ və Şərqi Zəngəzur bölgələrinin düşmən tapdağından azad edilməsinə nail olaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa qalasında üç rəngli müqəddəs bayrağımızı dalğalandırdı.
İndi Xan Şuşinskinin bəstələyib, sevə - sevə oxuduğu mahnısında dediyi kimi, Şuşa yenidən dağların dumanından, qırmızı qofta və yaşıl tumandan don geymişdır və bu dəfə Şuşanın donu əbədiyyətədək yüksəklərdə dalğalanacaqdır.
Aslan Cavanşirov – Şuşinski