Modern.az

Azərbaycanın Qafan-Çakaten yoluna əl qoyması erməniləri HƏYƏCANLANDIRIB

Azərbaycanın Qafan-Çakaten yoluna əl qoyması erməniləri HƏYƏCANLANDIRIB

Qərbi Azərbaycan

15 Noyabr 2021, 08:50

Azərbaycan tərəfi 15 noyabr saat 00:00-dan Zəngəzur bölgəsindən keçən Qafan-Çakaten yolunun öz nəzarəti altında olan hissəsində sərhəd-gömrük məntəqəsini işə salır.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Ermənistan tərəfi Qafan-Çakaten yolunda Azərbaycanın nəzarət məntəqəsi qurmasını təşvişlə qarşılayıb.

Ermənistan mətbuatı yazır ki, bu məntəqənin qurulması nəticəsində ermənilərin yaşadığı Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi çətin vəziyyətə düşəcək. Belə ki, onlar üçün iki seçim var: ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar.


Xatırladaq ki, Azərbaycan bundan əvvəl Gorus-Qafan yolunun öz ərazisinə düşən Eyvazlı və Çayzəmi (Qubadlı ərazisi) hissəsində də gömrük məntəqəsi qurub.
Həmin məntəqənin açılması Ermənistanın Şahverdilər (Vorotan), Şurnuxu və Bərdzrəvan kəndlərini çəgtin vəziyyətə salıb.

Hazırda Ermənistan hakimiyyətinin həm Qafan-Çakaten yoluna, həm də Gorus-Qafan yoluna təklif etdiyi alternativ yollar əlverişsizdir.


Dünən Qafanda keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlmiş bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Gevorq Parsyan vəziyyətin ermənilər üçün əndişə doğurduğunu etiraf edib. O, Qafan-Çakaten yolunda Azərbaycanın nəzarət məntəqəsi qurmasını belə şərh edib:

“Təəssüf ki, bütün qorxularımız özünü doğrultdu. Bu, bizim üçün çox ciddi problemdir, çünki indi bu yol bağlanıbsa, bu qəsəbələrdə, ümumiyyətlə, alternativ yol yoxdur. Yeganə seçim Mehri vasitəsilədir. Əslində, uzunluğu 7-8 kilometr olan Qafan yolu 150 kilometrə qədər uzanacaq. 90-cı illərdə salınan yeganə qısa alternativ yoldan keçmək çətindir və üzərində ciddi iş aparılmalı olacaq. Sabahdan etibarən biz bu altı kəndin sakinlərinin qayğısına qalmalıyıq”. 


Onun sözlərinə görə, çıxılmaz vəziyyətə düşən 6 kənddə təxminən 600-700 nəfər erməni yaşayır. Gevorq Parsyan yerli özünüidarəetmə orqanları ilə İcra Hakimiyyətinin müvafiq çalışmalarla məsələyə əncam çəkməli olduğunu da qeyd edib.

Siyasi ekspertlət deyirlər ki, Azərbaycan tərəfi son günlər baş verən hadisələrin fonunda Qafan-Çakaten yolunda sərhəd-gömrük məntəqəsini işə salmaqla rəsmi İrəvanı danışıqlardan yayınmamağa, sərhəd və Zəngəzur dəhlizi məsələsində masaya oturmağa məcbur edir.

 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı