Modern.az

60 yaşlı unudulmayacaq məbəd

60 yaşlı unudulmayacaq məbəd

16 Noyabr 2021, 11:45

“Məktəb illəri, ömrümün ən şirin duyğulu, qayğısız günləri, hər anı bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri...” Həqiqətən də belədir! Məktəb himninə çevrilən məşhur mahnıda belə deyilir. Bəli, illər keçdikcə insan o günləri yada salarkən o illərin, günlərin, saatların, dəqiqələrin, saniyələrin və anların nə qədər kövrək, şirin və unudulmaz xatirəyə çevrildiyini anlayır.


Çoşğun, xatirələrlə dolu doğma məktəbimizə qədəm qoyduğum ilk gündən nə az, nə çox düz 51 il keçir. Uşaqlıqdan yazı-pozu ilə məşğul olmağa, kitabları vərəqləməyə, şəkillərinə baxmağa maraq göstərirdim. Məndən yaşca böyük olan bacılarım Gülnarə və Gültəkinin məktəb ləvazimatlarını görərkən, onların dərs tapşırıqlarını yerinə yetirmələrini seyr edərkən, hər səhər binamızda yaşayan məktəbli qonşularımızla birgə dərsə getmələrini görüncə tez böyüyüb, məktəbə getməyi arzulayırdım...


Elə bil dünən idi. 1 sentyabr 1970-ci il. İlk dəfə anam məni Bakı şəhəri, Yasamal rayonundakı 158 nömrəli orta məktəbin 1-ci sinfinə apardığı gün. Sevincli anlarım sevincimə həm də rəng qatan səliqəli və yeni məktəbli forması və çanta, dəftər, kitablar, rəngli qələmlər və s. xüsusi rəng qatırdı.


Doğrusu etiraf etməliyəm ki, mən də əksər şagirdlər kimi məktəbə ilk dəfə qədəm qoyarkən sevinc hissi ilə bərabər kövrək duyğulardan hətta gözlərim belə yaşarmışdı.


Çox təntənəli, sevincli bir gün idi. Həyatımın ən xoşbəxt anlarıydı. Xatırlayıram, o zaman məktəbin direktoru Dozortseva Bella Moiseyevna idi. O, çox mehribanlıqla, gülər üzlə bizi məktəbə ilk qədəm qoymağımız münasibəti ilə təbrik etdi. Uşaqlardan kimisi sevinir, kimisi isə ağlayırdı... İlk zəng çalındı. Sinfə daxil olduq. İlk dəfə “a” hərfini, “ana” sözünü yazmağı bizə Əminə xanım Məlikova öyrətdi. Beləcə, illər illərə qarışdı. 10 il doğma məktəbin divarları arasında xoşbəxt, yadda qalan günlər yaşadım...


Məktəblə bağlı Xalq şairi B.Vahabzadə demişkən; “A məktəb illəri, məktəb illəri, səni bir an belə unutmadım mən”. Məktəblə bağlı xatirələrim çoxdur. Onları sadalamaq üçün bəlkə də onlarla cild gərəkdir. Axı, həyatımın 10 ili doğma məktəblə bağlıdır.


Məktəbimiz beynəlmillər idi. Orada Azərbaycan və rus bölməsi fəaliyyət göstərdiyi üçün müxtəlif millətin nümayəndələri bizimlə birgə təhsil alırdı. Çox xoşbəxt uşaqlar idik. Mehriban, savadlı müəllimlərimiz vardı. Təhsilin səviyyəsi çox yüksək idi. Çünki, müəllimlərimiz həm bilikli, həm də peşəkar, sənətini sevən, məsuliyyətli idilər. Hər il məktəbi qızıl medalla, çox sayda əla qiymətlərlə bitirənlər vardı. Demək olar ki, məzunların 90-95% ali və orta ixtisas məktəblərinə qəbul olunurdu. Məktəbimizin göstəriciləri o qədər yüksək idi ki, onun sorağı müxtəlif səpkili olimpiadalardan, televizya və radio verilişlərindən və s. gəlirdi. Bu, həmin məktəbdə təhsilin yüksək səviyyədə olmasından irəli gəlirdi.


Ailəmizdə 5 uşaq idik. Hamımız bu məktəbin məzumları olmuşuq. Üst-üstə 50 il bu məktəbdə təhsil almışıq.


Doğma məktəb mənə təkcə yazıb-oxumağa, biliklərə yiyələnməyə deyil, həmçinin, həyatda kamil bir insan kimi formalaşmağıma da səbəb oldu. Sevimli, nurlu müəllimlərimin sözün əsl mənasında təlim-tərbiyələri, tədrisi bizi düzgün istiqamətləndirdi, öyüd-nəsihətləri həyatımıza işıq saçdı, gələcək həyat yollarımızı müəyyənəşdirdi.


1980-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə başa vurdum, ali məktəbə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) radiotexnika fakültəsinə daxil oldum. İllər keçdi, ali məktəbi müvəffəqiyyətlə başa vurdum, müxtəlif sahələrdə çalışdım, ictimai işlərdə fəaliyyət göstərdim. Fəallığımla seçildim. Şərəfli ömür yolu keçdim. Cəmiyyətdə seçildim, televiziya və radio jurnalisti kimi tanındım. 1992-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışıram. Hazırda Cəmiyyətin vitse-prezidenti kimi şərəfli bir missiya daşıyıram. Əməyim ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, “Tərəqqi” medalına, “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm.


Məktəbi bitirməyimdən 41 il keçməsinə baxmayaraq, bu illər ərzində daim məktəblə, sevimli müəllimlərimlə əlaqəli olmuşam. Məktəbin tədbirlərində fəal iştirak etmişəm.


60 illik şanlı yubleyini qeyd etdiyimiz bir vaxtda, müxtəlif dövrlərdə məktəbə rəhbərlik etmiş Ramiz Nuriyevi, Bünyad İsmayılovu, Zemfira Səmədovanı da dərin ehtiramla yad edirəm. Onların mənə doğma münasibətləri həmişə qəlbimdədir. 1990-2015-ci illərdə məktəbə rəhbərlik edən Z.Səmədova məni hər bir zaman məktəb tədbirlərinə dəvət edərdi. O, mənim hər bir uğuruma sevinərdi. Məni həmişə şagirdlərə nümunə çəkərdi, fəaliyyətimi yüksək dəyərləndirərdi. Məhz direktorların və müəllimlərin sevgisi, tələbkarlığı məni elmə, pedaqoqluğa sövq edib. Mən elmi iş müdafiə edərək (“Yuxarı sinif şagirdlərinin estetik mədəniyyətinin yüksəldilməsinə televiziya verilişlərinin təsiri mövzusunda”) pedaqogika üzrə fəlsəfə doktoru adını almışam. Müxtəlif dövrlərdə Bakı Slaviyan Universitetində, Azərbaycan Dövlət Pedoqoji Universitetində müəllim kimi fəaliyyət göstərmişəm. Hazırda Azərbaycan Texniki Universitetinin dosentiyəm.


Həyatda nə qazanmışamsa, hansı uğura imza atmışamsa ilk növbədə doğma məktəbimə, sevimli müəllimlərimə borcluyam.


6 ildir ki, məktəbə xətrini dünyalar qədər çox istədiyim Mehriban Ələkbərova rəhbərlik edir. Rəhbərlik etdiyi dövrdə məktəbin adı çox mötəbər məclislərdə, məkanlarda, efirdə, mətbuatda və s. iftixarla çəkilir. Məktəbdə baş verən yeniliyi, tərəqqini o dəqiqə görmək mümkündür. Mehriban xanımın məktəbin inkişafında, təhsilin səviyyəsinin yüksəldilməsində əməyi, rolu əvəzsizdir. Mən daim onunla  müəyyən tədbirlərin keçirilməsində öz töhfəmi verirəm.


Elə doğma məktəbimizin 55 illik yubleyinin təntənəli surətdə qeyd olunmasında onun böyük və əvəzsiz əməyi olub.


Məndən savayı bacılarım Gülnarə və Gültəkin, qardaşlarım Əfqan və Taleh, eləcə də qızım Azadə bu məktəbin məzunudurlar. Kiçik qızım Ləman da məktəbin sonuncu sinfində təhsil alır. Qardaşım Əfqan Əsgərzadə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.


Mən bir məsələni xüsusilə vurğulamaq istiyirəm. Məktəbin məzunu olmuş bacım Gültəkin Qafarova-Əsgərzadə uzun illər Azərbaycan Qızıl Aypara Cəmiyyətində tibb bacısı kimi çalışaraq kimsəsiz, tənha qocalara, xroniki xəstələrə tibbi sosial yardım göstərib. Lakin vaxtsız ölüm onu sıralarımızdan erkən apardı. Ölümündən sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yüksək mükafatına “Florence Naytingale” medalına layiq görülüb. Dünyada bu medala 1500 tibb bacısı, o cümlədən 13 azərbaycanlı tibb işçisi bu ada layiq görülmüşdür ki, onlardan biri də məhz Gültəkin olub. Onun adının əbədiləşdirilməsi ilə əlaqədar məktəbdə Gültəkinə həsr olunmuş xatirə guşəsi yaradılıb.


Sevimli müəllimlərimdən, bütövlükdə, müqqədəs müəllimlik peşəsindən söz düşəndə xalq şairi Süleyman Rüstəmin bu misraları yada düşür:

 

Müəllimlik müqəddəs bir sənətdir həyatda,

Müəllimin hər sözü həqiqətdir həyatda.

Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr,

Çırpınan ürəkləri xoş mətləbli körpələr

İlkin vətən sözünü müəllimdən öyrənir,

Mənliyini, özünü müəllimdən öyrənir.

Başım ağarıbsa da, deyilsəm də mən cavan,

Yanımda bir müəllim adı çəkilən zaman

Tez ayağa qalxıram bir məktəbli uşaqtək –

Müəllimə həmişə, hər yerdə hörmət gərək.

Müəllim də anadan müəllim döğulmayıb,

Müəllimin özü də müəllimsiz olmayıb.

Deyirəm, kaş təzədən bir məktəbli olaydım,

Barmaqları ömürlük mürəkkəbli olaydım.

 


Bu gözəl, kövrək misraların işığında böyük hörmət və ehtiramla dünyalarını dəyişən sevimli müəllimlərim Ramiz Nuriyevə, Bünyad İsmayılova, Zemfira Səmədovaya, Əzizə Hacıyevaya, Mirzəli Mirzəliyevə, Nənəxanım Kazımovaya, Bəhriyyə Məmmədovaya, Zəhra Yaqubovaya, Şəfiqə Sərdarovaya, Tamilla Səfərliyə, Ruqiyə Vəliyevaya, Həqiqət Əhmədovaya, Ədalət Verdiyevaya, Fəridə Məmmədovaya, Şelpakova Mariyaya, Ədilə Orucəli qızına, Həsən Məmmədova, Rafiq Şirinzadəyə, Ruhəngiz Babayevaya, Səyyarə Əsgərovaya, Rəhimə Əlizadəyə, Xəlil Xəlilova, Həmid Əmirova, Elmira Baxışovaya, Böyükxanım Cəfərovaya, Rəhilə Abbasovaya, Səidə Xəlfəquliyevaya, İvan Zemçikova, Oqtay Quliyevə, Teymur Quliyevə, Müzəffər Əliyevə, Ədilə Cəfərovaya, Valentina Hüseynovaya, Adil Rəhimova, əməkdar müəllim Babək Xubyarova, soyadlarını unutduğum biologiya müəllimim Firəngiz Əhmədovaya, Solmaz İsgəndərovaya, Səyyab Xəlilova, Lətifə Hüseynovaya, Ləman İbrahimovaya, Leyla Şıxəliyevaya, Rəfiqə Axundovaya, Güləndam Məhbubi İrana və digərlərinə Allahdan rəhmət diləyirəm. Hazırda bu gün də müəllim adını şərəflə daşıyan Nəcibə Quluzadəyə, Rəhilə Şirəliyevaya, Dilarə Həsənovaya, Ramidə Babayevaya, Əzirə Həsənovaya, Zərifə Hüseynovaya, Aliyə Yunisovaya, Xanım Salamovaya, Raisə Vahidovaya, Ramidə Babayevaya, Qalina Hüseynovaya, Ayişə Əhmədovaya, Nübar Qafarovaya, Tamilla Bağırovaya və hazırda bu doğma ocaqda dərs deyən bütün müəllimlərə “çox sağ olun!” deyirəm. Həyatlarını məktəbin inkişafına həsr edən, fədakar, zəhmətkeş olan Yaxşıxanım Quliyevaya, Nailə Quliyevaya da  öz dərin minnətdarlığımı bildirirəm.


Həyatlarını itirən məktəb dostlarımın ruhu şad olsun.


Hər bir məzun kimi mən də Respublikada aparıcı yerlərdən birini tutan 158 saylı orta məktəbin 60 illiyi münasibətilə bütün müəllim-şagird kollektivini, eləcə də bütün əməkdaşları və məzunları bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edirəm.


Əminəm ki, bundan sonra da Mehriban xanım Ələkbərovanın rəhbərliyi ilə bu qocaman təhsil ocağında hələ necə-necə məzun əvvələrdə olduğu kimi, gələcəkdə də xalqımızın, dövlətimizin layiqli övladı kimi, həyata vəsiqə alacaq, dəyərli mütəxəssis kimi Cəmiyyətə, dövlətə öz layiqli töhvələrini verəcəklər.


İnanıram ki, doğma məktəbimizin 60 illik yubileyi yüksək səviyyədə təntənə ilə qeyd olunacaqdır.


Yubileyin mübarək, doğma məktəb!                                                                          
Yubileyiniz mübarək, əziz müəllimlərim!

        
Bu gözəl hissləri yazıya çevirdi

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist, “Tərəqqi” medalçısı
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi