Modern.az

Böyük türkçü və turançı - Hüseyn Cavidin yaradıcılığına yeni baxış

Böyük türkçü və turançı - Hüseyn Cavidin yaradıcılığına yeni baxış

17 Noyabr 2021, 17:43

Azərbaycan ədəbiyyatında elə əsərlər, şairlər, yazıçılar var ki, onlar hər daim öz təravətini qoruyub saxlayır. Azərbaycan romantizminin parlaq günəşi sayılan Hüseyn Cavid də öz sirli dünyası ilə tədqiqatçıların daima diqqət mərkəzindədir. Bu mənada Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” əsəri aktual bir mövzuya həsr olunub.  2010-cu ildə akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Teymur Kərimlinin elmi redaktorluğu ilə nəfis tərtibatla çapdan çıxan “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid I” kitabı öz dərin mündəricəsi ilə nəzər-diqqəti cəlb edir. “İdeoloji tapıntılar dövrü”,  “Cavidşünaslığın bir elm kimi formalaşması, Cavid və onun əsərlərinin təbliği 1960-1990-cı illər, “Cavidin fəlsəfi interpretasiyası” kimi  öz dolğun mündəricəsi ilə seçilən əsərdən sonra yenidən Cavidşünaslığın tədqiqinə yönəlmək heç şübhəsiz ki, müəllifdən Cavid poeziyasına ilahi bir vurğunluq tələb etmişdir.


2017-ci ildə yenidən  akademik İ.Həbibbəylinin və Teymur Kərimlinin elmi redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan ədəbi fikri və Cavid II”    keçən yeddi ildə gərgin zəhmətin və Cavidşünaslığa olan vurğunluğun təcəssümüdür.


II kitabın ilk səhifələrində “Cavid romantikdır  yoxsa realist” bölməsi xüsusilə diqqəti cəlb edir. Müəllif, böyük sənətkar Hüseyn Cavid yardıcılığını 20-30- cu illərdə ədəbi tənqid müstəvisində araşdırır. Bu çoxumuzun əldə edib oxuya bilmədiyimiz lakin Cavid yaradıcılığına, Cavidşünaslığa gərəkli olan faktlara gün işığı tutur. Bölmədə diqqəti çəkən məqamlardan biri də Hənəfi Zeynallının Hüseyn Cavid haqqında  qələmə aldığı məqalələrin tədqiq olunmasıdır. Müəllif bizi sanki 20-ci əsrin əvvəllərinə qaytarır Cavid yaradıcılığına qısqanc bir münasibət olduğu dövrdə H.Zeynallının ölməz sənətkarın yaradıcılığına bəslədiyi obyektiv münasibəti gözlərimiz önündə canlandırır.


Əsərdə həmçinin ölməz sənətkarımız Abdulla Şaiqin Cavid yaradıcılığına olan münasibətini də görmək mümkündür. Heç şübhəsiz ki, Cavid yaradıcılığı, dövrünün ədəbi-tənqid müstəvisində birmənalı qarşılanmamışdır. Cavid poeziyasının dərinliyində ədəbi tənqidlə məşğul olan hər tənqidçiyə üzmək nəsib olmamış, bir çox ədəbiyyatşünaslar bu poeziyanı dərk etməkdə aciz qalmışdır.

Gülbəniz Babaxanlı ədəbi tənqidimizdə baş verən bu dalğalanmaları zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Müəllif, ötən əsrin 30-cu illərində H.Cavid yaradıcılığıını öz ideoloji prizmasından tədqiq edən M. Hüseynin böyük dramaturqa olan münasibətini tam çılpaqlığı ilə belə təsvir edir:

“Mehdi Hüseyn əvvəlki əsərlərində Hüseyn Cavidi milli məhdudluğun, turançılıq məfkurəsinin qatı bir müfəssili olduğunu söyləyir. H. Cavidin proletar inqilablarına yaralı, sızıntılı və bədbin misralar həsr etdiyini və belə misralarla mürtəce romantizmə qapıldığını da xüsusi nəzərə çarpdırır”.

Müəllif, uzun illərdən sonra  üzərinə illərin tozu qonmuş Cavid poeziyasını dərk etmədən sifarişli ədəbi tənqidi gün işığına çıxarmaqla təkcə ədəbi tənqidimizdəki qüsurları göstərmir, o həm də ölməz sənətkarın yaradıcılığına olan ədalətli yanaşmanı bərqərar edir. Bütün bunlarla yanaşı müəllif həm də bölmənin adı olan “Cavid romantikdir  yoxsa realist” sualına aydınlıq gətirir.

Gülbəniz Babaxanlı 20-30-cu illər Hüseyn Cavid yaradıcılığını haqlı-haqsız tənqid edən, öyrənən, təbliğ edən tənqidşünaslara istinadən haqlı olaraq belə bir nəticəyə gəlir ki, Cavid yaradıcılığının  ən zəngin və həm də ən ziddiyyətli dövrü ötən əsrin 20-30-cu illəri olmuşdur. Eyni zamanda bu dövrdə ədəbi-nəzəri fikir Cavidşünaslığı sistemli şəkildə öyrənməyə hazır deyildi. Dövrün tələbindənmi və yaxud Cavidə olan qısqanc münasibətdənmi məhz bu dövrdə ədəbi tənqid Cavidin əsərlərində haqsız olaraq realizmin romantizmdən üstün olduğunu, onun romantizminin  mənfi hal olduğunu qeyd edirdi.   H. Cavidə həmin dövrdə hansı münasibətin olmasından asılı olmayarq müəllifə görə Cavid Azərbaycan romantizminin ən yüksək zirvəsində olan sənətkar idi.

“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid (II)” əsərinin 2-ci bölməsi ədəbi tənqid tariximizdə müstəsna xidmətləri olan görkəmli tənqidçilərimiz M.Cəfər, Y.Qarayev, İ.Həbibbəylinin romantizim və H.Cavid yaradıcılığına olan münasibətinə həsr olunmuşdur. Müəllif ötən əsrin 70-ci illərindən müasir dövrümüzə qədər təxminən 40 illik bir zaman ərzində adıçəkilən tənqidçilərin romantizmə və H. Cavidə olan yeni üslub, yeni yanaşma tərzini fikir süzgəcindən keçir. O yazır: “M.Cəfər romantiklərin işlətdikləri mövzulara da diqqət yetirir, yazır ki, Hadinin əsas mövzusu azadlığa, işıqlı gələcəyə çağırış idi, şair daha çox o şeylərdən yazırdı və arzu edirdi ki, hələ həyatda yox idi. H.Cavid isə öz mövzusunu yalnız ideyalardan, işıqlı fikirlərdən deyil, canlı həyatdan alurdu”.

M.Cəfərin romantizim və Cavid yaradıcılığına həsr olunan onlarla əsərini tədqiq edən müəllif haqlı olaraq vurğulayır ki, “Azərbaycan ədəbiyyatında romantizim” monoqrafiyasını yazmaqla görkəmli tənqidçi  Azərbaycan ədəbiyyatşünaslığında  sistemli şəkildə yeni bir mövzunun əsasını qoydu.

H.Cavid romantizmi ilə bağlı araşdırdığı dövrün bir çox tənqidçilərinin M.Məmmədovun, M.Əlioğlunun, V.Osmanlının, T.Əfəndiyevin tənqidi fikirlərinə həssaslıqla yanaşan müəllif müasir tənqidşünaslığımızın nəhənglərindən hesab olunan mərhum Y.Qarayevin H.Cavid yaradıcılığına verdiyi ədəbi qiyməti bir neçə bəndlə ümumiləşdirərək yazır ki, Y.Qarayevə görə Cavid yaradıcılığının əsasında Azərbaycan xalqının milli ruhu, milli mənəviyyatı dayanır. Bununla yanaşı, Cavid böyük türkçü və turançı idi. Onun yaradıcılığı Türk Azərbaycan ədəbi-bədii əlaqələrini əks etdirmək baxımından olduqca səciyyəvidir. Gülbəniz Babaxanlının elmi yaradıcılığını izlədikcə aydın olur ki, o elmi praktikasında böyük sənətkarların yaradıcılığını təhlil edərkən ən xırda detalların mahiyyətinə varır, kiçik bir elmi faktın nə qədər böyük əhəmiyyət kəsb etməsini müəyyənləşdirə bilir. Bu xüsusiyyət isə özlüyündə əsil alimlərə xas bir xüsusiyyətdir. Bütün bunlar isə elmə, tədqiqata sonsuz məhəbbətdən irəli gəlir. Şair A.Bədəlzadənin təbirincə desək, obyektə, predmetə güclü məhəbbət, güclü işıq deməkdir, güclü işıqda isə hər şeyi bütün təfərrüatları ilə görmək mümkündür. Gülbəniz Babaxanlı məhz bu məhəbbətin işığı ilə Cavid yaradıcılığıının öyrənilməsi tarixini işıqlandıra bilmişdir. Müəllifin Cavid yaradıcılığına göstərdiyi xüsusi diqqət ona imkan vermişdir ki, müasir Azərbaycan ədəbiyyatşünaslığının canlı karifeylərindən olan akademik İ.Həbibbəylinin Cavid sənətkarlığına həsr etdiyi iri həcmli bir neçə monoqrafiyanı təhlil süzgəcindən keçirsin.

Akademik İ.Həbibbəylinin “Ədəbi şəxsiyyət və zaman” Bakı, 2017 monoqrafiyasını təhlil edən müəllif akademikin H. Cavid yaradıcılığı haqqında fikirlərini belə ifadə etmişdir: “İsa Həbibbəyli Cavidşünaslıqda ilk dəfə olaraq H.Cavidin şeirlərinin bədii, sənətkarlıq məqamları üzərində dayanır, onun romantik poeziyasına xas olan təşbehlər, metaforalar, epitetlər, təkrirlər, monoloqlar və dialoqlar haqqında söz açır”.


Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” əsərini oxuduqca” bir daha şahidi olursan ki, müəllifin yaradıcılıq ponoramını təkcə ədəbiyyatşünaslıq problemləri ilə məhdudlaşdırmaq doğru sayılmaz. O, filoloqdur- söz aşiqidir və bu söz aşiqi öz elmi məntiqi ilə sübut edir ki, H.Cavid poeziyası bir kül halında büllur bir mənzərədir. Bu mənzərə hissələr halında öyrənilsə belə öz mahiyyətini, ideallığını qoruyub saxlayır. Əsərin “Axtarışlar, Tədqiqlər”, “Yeni tədqiqatlar” adlı yarımfəsillərində və bu yarımfəsillərin ayrı-ayrı bölmələrində tədqiqatçının dərin, zərif duyğularının güclü reaksiyasından irəli gələn ümumiləşdirmələr, H. Cavidin ədəbi tənqiddəki yerinin nə dərəcə də böyük olmasını tutarlı faktlarla arqumentləşdirməsi oxucunu riqqətə gətirir.

         
“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” əsərinin hər bölməsini oxuduqda bir daha əmin olursan ki, Gülbəniz Babaxanlı öz elmi, təhlil üslubunu formalaşdırmışdır. Cavidşünaslıqda onun üslubu dərhal seçilir. O, Cavid poetikasına dərindən bələd olan filoloqumuzdur. Əsərin sonunda isə haqlı olaraq yazır: “.....odur ki, bizim də “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”  mövzusu bitməyib, araşdırmalarımız davam edəcək, çünki Ulu Öndər Heydər  Əliyevin “Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”  kəlamını hər şeydən uca tuturuq” Gülbəniz Babaxanlı bu sözlərlə böyük bir həqiqəti təsdiq etməklə bizdə belə bir təəssürat yaradır ki, oxucular, Cavid sevərlər məhz Gülbəniz Babaxanlının qələmi ilə irəlidə hələ  gün üzünə çıxmamış Hüseyn Cavid dühasına aid yeni-yeni faktlarla tanış olacaqdır.


Bəhram Cəfəroğlu
ADPU-nun baş müəllimi,
Filologiya üzrə fəlsəfə doktoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir