Modern.az

Politoloq Ermənistanın sərhəddəki son təxribatlarının səbəbini AÇIQLADI

Politoloq Ermənistanın sərhəddəki son təxribatlarının səbəbini AÇIQLADI

18 Noyabr 2021, 08:40

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiblər. Düşmənin məqsədi dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək olub.

Müdafiə Nazirliyinin məlumatına görə, Erməni silahlı qüvvələrinin cəhdlərinə baxmayaraq, törətdikləri təxribat əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb - Azərbaycan Ordusu qarşıda duran vəzifələri tam icra edib, ərazi itkisi yoxdur. Həmçinin bütün strateji yüksəkliklər və məntəqələr əsgərlərimizin nəzarətdədir

44 günlük Vətən müharibəsində diz çökdürülən Ermənistanın təxribat cəhdlərinin səbəbləri haqqında Modern.az-a danışan politoloq İlqar Vəlizadə müharibədən sonra sərhədlərin hələ də delimitasiya və demarkasiya olunmadığını xatırladıb.

Politoloq düşünür ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının səbəbi budur:

"Belə vəziyyətdə Ermənistan tərəfi Azərbaycanın addımlarını guya müdaxilə kimi qiymətləndirir. Əslində isə Azərbaycan sadəcə öz əraziləri daxilində mühəndis-quruculuq işləri görür. Eyni zamanda, əsgərlərimiz mövqelərini möhkəmləndirirlər. Bilirik ki, qarşıdan gələn aylar soyuq aylardır və xüsusi ilə ora dağlıq ərazilər olduğundan qış daha sərt keçəcək. Bu ərəfələrdə proseslərin sürətlənməsi normaldır. Qışın gəlişi ilə əlaqədar erməni tərəfi Azərbaycanın sərhəddə gördüyü texniki işləri ləngitmək, mane olmaq üçün təxribatlara əl atır. Ermənilərin hərəkətləri göstərir ki, onlar ümumiyyətlə özlərinə güvənli deyillər. Bilirlər ki, Azərbaycana qarşı hansısa hərəkətə gücləri çatmayacaq. Ona görə Rusiyanı köməyə çağırırlar. Rusiya isə proseslər göstərir ki, Ermənistana dəstək vermir. Rəsmi Moskva anlayır ki, Azərbaycanla münasibətləri poza bilər və vasitəçilik funksiyasını itirər. Ona görə ermənilər köməksiz qalır".

İlqar Vəlizadənin fikrincə, Azərbaycan Ordusunun sərhəddəki tutarlı cavabı ermənilərə dərs olmalıdır:

"Ermənistanın qabağa getmək imkanı mövcud deyil, geri addım atması qaçılmazdır. Digər tərəfdən, müttəfiqlərinin hərəkətləri rəsmi İrəvanın aciz qaldığını, köməksiz duruma düşdüyünü göstərir. Nəticə etibarı ilə ermənilər delimitasiya və demarkasiya prosesinə müsbət yanaşmalı olacaqlar. Başqa çıxış yolları yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir