Modern.az

Azərbaycan mediasının informasiya savaşı - Ekspert nə təklif edir...

Azərbaycan mediasının informasiya savaşı - Ekspert nə təklif edir...

18 Noyabr 2021, 09:00

İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq etməklə siyasi, hərbi, iqtisadi, psixoloji və sosial sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Vətən müharibəsi zamanı Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Son hadisələr də sübut edir ki, ön cəbhə ilə bərabər arxa cəbhə də fəal iştirak edir. Bu yolda jurnalistlər, media böyük rol oynayır.

 

Azərbaycan mediasısı son hadisələr fonunda  düzgün informasiya siyasəti yürüdə bilirmi?

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bu barədə Modern.az-a danışıb.

 

V.Zifəroğlu qeyd edib ki, profissional medianın vəzifəsi cəmiyyəti vaxtında və düzgün  informasiya ilə təmin etməkdir:

 

“Jurnalistlər dəqiq, qaynağı bəlli olan informasiyalara müraciət etməlidir. Bir media, bir jurnalist cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Onun fəaliyyətinin hüquqi və özünü tənzimləmə mexanizmləri mövcuddur. Bu mənada o cəmiyyət qarşısında daşımalı olduğu məsuliyyəti unutmamalı, qaynağı bəlli, rəsmi olan xəbərlərə müraciət etməlidir. Bu, jurnalistin vəzifəsi və borcudur”.

 

 

Sosial mediadan yayılan dezinformasiyalara gəlincə, ekspert bildirib ki, bu sahədə vəziyyət bir az fərqlidir:

 

“Çünki sosial medianı insanlar idarə edir. Hər birinin informasiya, iş prosesi ilə bağlı məlumatı, qaynaqlarla iş təcrübəsi olmaya bilər. Bütün bunlar bizi sosial media istifadəçisi olaraq məsuliyyətdən azad etmir. Hər birimiz vəzifəsindən, yaşından, statusundan asılı olmayaraq, sosial mediadan istifadə edərkən müəyyən qaydaları bilməliyik. Mənbəyi etibarlı olmayan saxta səhifələrdən, profillərdən paylaşılan xəbərlərə istinad etmək, yaymaq olmaz. Unutmayaq ki, düşmənlərimiz Azərbaycan dilində olan saxta səhifələrdən də dezinformasiyalar yayır. Ayıq olmalı, bu cür səhifələrdən, profillərdən yayılan xəbərləri paylaşmamalıyıq. Eyni zamanda, həmin profilləri şikayət etməliyik. Ən əsası isə cəbhədən olan şəkilləri, videoları sosial şəbəkələrdə paylaşmalı deyilik. Həmin görüntülər bizim əsgərlərimizin mövqelərini, texnikamızın növlərini, sayını  düşmənə boşqabda təqdim etmiş kimi olur. Müasir dövrdə müxtəlif proqramlar vasitəsi ilə istənilən video və  çəkilişdən istifadə etməklə koordinatları müəyyənləşdirmək olur. Xəbərlərin intensivliyi məsələsinə gəldikdə isə dünyanın bir çox ölkələrində belədir ki, hərbi əməliyyatlarla bağlı gedən xəbərlər gecikmələrlə verilə bilər. İlk növbədə bu ondan qaynaqlanır ki, əməliyyatlar davam edir. Təbii ki, jurnalistlər də informasiya almalıdır ki, cəmiyyətlə paylaşsın. Belə hallarda maksimum səbirli, profissional davranıb məhz rəsmi qaynaqların xəbərlərini gözləməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir