Modern.az

Zəngəzurlu professor: “Biz hökmən Nüvədiyə gedəcəyik” - MÜSAHİBƏ

Zəngəzurlu professor: “Biz hökmən Nüvədiyə gedəcəyik” - MÜSAHİBƏ

Müsahibə

19 Noyabr 2021, 12:08

Qədim Azərbaycan torpağı Zəngəzur bugünlərdə gündəmin ən çox müzakirə olunan mövzularından biridir. Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması üçün artıq 1 ilə yaxındır ki, danışıqlar aparır. Hazırda ölkə ictimaiətinin diqqəti Zəngəzur istiqaməmətinə yönəlib. Bu da səbbəsiz deyil, noyabrın 16-da Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş toqquşma hər iki tərəfin itki verməsilə nəticələnib. Azərbaycan Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etmək istəyir, Ermənistan isə buna müqavimət göstərir.


Zəngəzurdan olan müsahibimiz BDU-nun kafedra müdiri, professor, əslən nüvədili İsmayıl Əliyev tarixi bölgəmiz haqqında Modern.az-a danışıb. Onunla söhbəti təqdim edirik:

 

- İsmayıl müəllim, Zəngəzur mahalının qədim Nüvədi kəndində yaşayış şəraitiniz necə olub? Oradakı yaşayış şəraitiniz barədə nələr xatırlayırsınız?

- Ziyalı ailəsində doğulmuşam, ailədə 6 uşaq olmuşuq. Sovet dövrü idi, üstünlüyü oxumağa vermişdik. Ucqar kənddə yaşadığımız üçün böyük prespektiv gözlənilmirdi ki, biz kənddə nəyəsə nail olacağıq.  Atamın müəllim maaşı ilə dolanırdıq, oxuyurduq ki, özümüzə həyatda mövqe tutaq. Kənd əhalisi heyvandarlıqla, bağçılıqla məşğul olur, bağındakı məhsulları satmaqla dolanırdı. Kəndin narı bol olurdu, aparıb Qafanda, Naxçıvanda, Yerevanda satırdılar.

1965-ci ilin əvvəlində atam narlıq payımızda yeni yaşayış evi tikirdi. Rayon mərkəzi Mığrıdan çay daşları ilə yaxşı ev tikən Mamiqon adlı bir erməni ustası gətirmişdi. Erməni ustası çay daşları ilə divarı hördükcə,  guya zarafatla deyirdi: “Tikin, tikin, mən tikirəm, onsuz da bizə qalacaq”.
Həmin il mən Bakıda ali məktəbə qəbul olunmaq üçün hazırlaşırdım. İndiki kimi yadımdadır, evin birinci mərtəbəsi hazır olanda sağ divara çöldən 25.VI.65 yazdım. Nüvədi kəndinin sakinləri 1991-ci il avqust ayının  8-də deportasiya olunana kimi evimiz qalırdı, indi isə xəbərim yoxdur... .

1961-ci ilə kimi bizim kənddə orta məktəb yox idi. Yeddi illik natamam orta məktəb idi. Kəndin uşaqları orta təhsili almaq üçün qonşu  Aldərəyə gedib oxuyurdular.  Səkkizinci sinifdən  axşam növbəli kəndli-gənclər məktəbində təhsil aldığıma görə o vaxt Nüvədinin “Qırmızı sərhəd” kolxozunda kolxozçu işləyirdim. Məktəbin axşam növbəli olmasına baxmayaraq, müəllimlərimiz dərsləri gündüz proqramları səviyyəsində keçirdilər. 11 nəfərdən 2 nəfər məktəbi “Qızıl medalla” bitirdi, onlardan biri mən idim. Sonra “Açıq qapı“ yolu ilə  ixtisas fənnindən “5” alaraq Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə qəbul olundum.


- Nüvədi kəndində ermənilər də yaşayırdımı, onlarla qonşuluq əlaqəniz olub
?


- O vaxt  Mığrı  rayonununda yaşayan  15 minə yaxın  əhalinin 6 minə yaxını azərbaycanlılar idi. Ermənilər azərbaycanlılara üzdə düşmənçilik göstərmirdilər. Bizim kənddə yalnız azərbaycanlılar yaşayırdılar. Sadə, zəhmətkeş erməni ailələri rayon ərazisində azərbaycanlı ailələri ilə mehriban şəraitdə yaşayırdılar, hətta bəzi ailələr arasında kirvəlik münasibətləri də vardı. Millətlər  arasında problem olmasın deyə, rayonda yüksək  vəzifələrə az da olsa azərbaycanlılar da təyin olunurdu.



- Ailəniz Nüvədi kəndindən necə çıxıb? O günləri xatırlayırsız?

-  Həmin vaxtlar Nüvədidən telefonla Bakı ilə əlaqə saxlamaq çətin idi. Bir gün atam Əhmədəli müəllim mənə məktub yazmışdı ki, “hamı kəndi tərk edir, sən də üstüörtülü bir maşın tap gətir, əşyalarımızı yığıb çıxaq”.
O ərəfədə - 1991-ci ilin avqust ayının 7-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko  Azərbaycanın Nüvədi ilə qonşu olan Mincivan şəhərinə gəlib, Nüvədi  ağsaqqallarını, o cümlədən  atamı da çağırıb deyir ki, icazə verin, 57 erməni ailəsi gəlib Nüvədidə sizinlə birgə yaşasın, onda siz kənddə qala bilərsiniz. Ağsaqqallar buna etiraz edir. Səhərisi  gün səhər saat 5-də kəndimizi qoruyan  28 nəfər rus əsgəri göyə fişəng ataraq, ərazidən çıxırlar.  Fişəng atmaqla onlar ermənilərə kənddən cıxdıqlarını bildirirmişlər.

Nüvədi  kəndinin evləri iki hündür dağın arasında çay kənarında təxminən 2 km uzunluqdakı ərazidə yerləşirdi. Atam söyləyirdi  ki, “rus əsgərlər çxandan sonra dağın döşundən erməni yaraqliları yavaş-yavaş kəndə endi, evimizin qapılarını bağlayıb, açarları cibimə qoydum. Amma sonra düşündüm ki, ermənilər qapıları sındıracaqlar. Açarları qapıların üstünə buraxıb, camaatla İranla sərhəddən keçən dəmir yoluna getdik, sonra Mincivana, ordan isə Nüvədinin havasını udmaq və baxmaq üçün Vejnəli kəndinə yollandıq”.

Atamgil zəngilanlılar çıxana kimi Vejnəli camaatı ilə yaşayıblar. 1993-cü ildə erməni silahlıları hücum edib Qubadlını, Cəbrayılı işğal edəndə Zəngilanın da Bakı ilə əlaqəsi kəsildi. Qardaşım, akademik Fikrət Əliyev atamgil Vejnəli kəndində yaşayarkən o vaxt Naxçıvan Ali Məclisinin Sədri işləyən  ulu  öndər Heydər Əliyevlə əlaqə yaradır. Heydər Əliyev Naxçıvanın blokadada çətin vəziyyətdə yaşamasına baxmayaraq, Vejnəliyə vertalyot vasitəsi ilə kömək və yardım göndərir. Hətta Vejnəli kəndi erməni yaraqlıları tərəfindən  boşaldırılarkən Fikrət müəllim bir gündə dörd dəfə ulu öndər Heydər Əliyevlə telefonla danışır.  Heydər Əliyevin göstərişilə Araz çayının suyunu Naxçıvan gölündə axıdıtamqla bağlayıb, Vejnəli camaatının Arazı itkisiz İrana keçməsinə şərait yaradıblar. Onda nüvədililərin bir hissəsi Bakıya, bir hissəsi isə Gənəcəyə gedir. Həmin vaxtlarda ulu öndər nüvədililərə yüksək qiymət verərək demişdi: “Nüvədi kəndinin camaatı dəyanətli insanlardır”.


- İsmayıl müəllim, Zəngəzur, Nüvədi üçün darıxırsınızmı? Düşünürsüzmü ki, bir gün ora gedəcəksiniz?


- Biz Zəngəzurun qədim  Nüvədi kəndinə  gedərik yox, getməyə can atırıq, səbrsizliklə o günü gözləyirik. Bir neçə ay əvvəl fikirlərimi bir televiziya verilişində və mətbuatda da səsləndirmişdim: mən hökmən Nüvədiyə gedəcəm, getməliyəm. Nüvədi mənim doğma torpağımdır, elimdir, ulu babalarımızın qəbri, ruhu o torpaqda yatır.  Adam yaşlandıqca, doğulduğu torpağa can atır. Hətta yaxınlarımızla öz aramızda danışmışıq ki, Nüvədidən uzaqda dəfn olunmuş qohumlarımızın qəbirlərini də ora köçürəcəyik.


- Zəngəzur dəhlizi haqqında nə fikirləşirsiniz?

- Zəngəzur dəhlizi dəmir yolu 1941-ci ildə Sovetlər dövründə çəkilərək, Araz çayı boyu Bakı ilə Naxçıvan və Yerevan arasında əlaqə yaradırdı. Ağbənddən Ordubada qədər 45 km yolun 24 km-i Nüvədi kəndinin payına düşür. Ulu öndər Heydər Əliyev Moskvada işləyəndə Bakıdan Nüvədiyə qədər geniş yol çəkdirmişdi. Nüvədi ilə Naxçıvan istiqamətində yerləşən Aldərə kəndi arasında 15-20 km avtomobil yolunu ermənilər birləşdirməyə qoymadılar. Hazırda Horadizdən Ağbəndə kimi ermənilərin dağıtdığı 131 km dəmir yolunu Azərbaycan hökuməti bərpa edir. Ağbənddən Ordubada qədər olan  45 km dəmir yolunu isə  Türkiyə Cümhuriyyətinin çəkməsi nəzərdə tutulub.  Bu dəmir yolunun kənarı ilə də eyni zamanda avtomobil yolu da çəkilməlidir.  Biz nüvədilər həmin avtomobil yolunun Nüvədi kəndinin içindən keçməsini arzulayırıq. Yol Nüvədidən keçərsə, gələcəkdə turizmin inkişafı üçün geniş imkanlar açılar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır