Modern.az

Torpaq həmin torpaqdır, yenə tikəcəyik - Azadlığın mübarək, AĞDAM!

Torpaq həmin torpaqdır, yenə tikəcəyik - Azadlığın mübarək, AĞDAM!

20 Noyabr 2021, 09:23

27 ildən sonra, noyabrın 20-də Ağdam Ali Baş Komandanın uğurlu siyasətilə, hərbi əməliyyat keçirilmədən, bir güllə belə atılmadan işğaldan azad edildi. Ermənilərin xarabalığa çevirdiyi, hər qarışında mina basdırdığı şəhərdə bir ildən sonra artıq yenidənqurma işləri aparılır, yollar çəkilir, infrastruktur qurulur. Yaxın illərdə Azərbaycan xalqı yenidən tikilən, qurulan Ağdamı ziyarət edəcək.

 

Modern.az Ağdamın işğaldan azad olunması münasibəti ilə ağdamlı sənətkarların təəssüratını öyrənib.

 

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov bu günün çox gözəl, dəyərli gün olduğunu bildirib:

 

“30 ilə yaxın o torpağımızın həsrətini çəkmişik. Nəhayət ki, "Dəmir yumruq"un hesabına, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun igidliyi sayəsində düşmən Ağdamı bir güllə atmadan bizə qaytardı. İşğaldan azad olunandan sonra 3 dəfə Ağdamı ziyarət etmişəm. Hətta Ağdam məscidində ilk dəfə azan vermək mənə qismət oldu. Doğma şəhərim işğaldan azad olunandan sonra kiçik konsertlə də çıxış etmişəm, təməlqoyma mərasimində olmuşam”.

 

 

Xalq artisti işğaldan sonra Ağdamı o cür görməyin çox çətin olduğunu qeyd edib:

 

“Möhtəşəm qoyub çıxdığımız Ağdamdan əsər-əlamət yox idi. Düşmənlər şəhəri xarabaxanaya çevirmişdi. Şükür Allaha ki, dövlətimizin gücü var və o güc sayəsində yeni planla tikilən Ağdamımız daha möhtəşəm, gözəl olacaq. Əvvəlki şöhrətini də özünə qaytaracağıq. Orada yenə çal-çağır, böyük festivallar, müsabiqələr olacaq, teatr binaları, muğam mərkəzləri, konsert zalları inşa edəcəyik. Dünyaya örnək olacaq bir şəhər salacağıq”.

 

M.İbrahimov Ağdamda törədilən vəhşilik sayəsində erməni vandallarının bütün dünyaya millət olaraq nəyə qadir olduqlarını nümayiş etdirdiklərini deyib:

 

“Artıq bu gün dövlətimiz ora yol çəkir, yarımstansiyalar tikir, ərazilər minalardan təmizlənir. Qısa zamanda tezliklə Ağdamı bərpa edəcəyik. Hamımızın gözü aydın olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz o igid oğulların sayəsində torpaqlarımıza qayıtdıq. Artıq işğal günlərini qeyd eləməkdən yorulmuşduq. Şükür olsun ki, 27 ildən sonra artıq qələbə günlərini, işğaldan azad olma günlərini qeyd edəcəyik”.

 

Xalq artisti son günlər sərhəddə baş verən hadisələrə də öz münasibətini bildirib:

 

“Son hadisələrdə şəhidlərimiz oldu. Çox üzüldük, allah hər birinə rəhmət eləsin. Ermənini qızışdıran kənar qüvvələr bilsinlər ki, bu provakasiya ilə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan nə istəyir onu da edəcək. Tezliklə Zəngəzur dəhlizini də açacağıq”.

 

 

Ağdamın böyük rayon olduğunu və vaxtı ilə insanların işləməsi üçün hər bir şərait olduğunu xatırlayan Xalq artisti Aygün Bayramova gələcəkdə doğma şəhərində çalışmaq istədiyini bildirib:

 

“30 ildə nəinki Ağdamın, işğalda olan bütün torpaqların həsrətini çəkmişik. Bu gün elə bir gündür ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Doğrudanda, çox sevindirici hisslərdir. O gözəl Ağdamı bu cür xarabalığa çevirmək, bunu görmək orada doğulan, yaşayan insanlar üçün bilirsiniz nə deməkdir... Tezliklə Ağdam da daxil olmaqla, işğaldan azad edilmiş bütün torpaqlarımız cənnətə dönəcək. Artıq yenidənqurma işləri gedir və bütün bu işlər bizi sevindirir. Şükür ki, çox ərazi artıq minadan təmizlənib”.

 

Ötən il Ağdam işğaldan azad olunanda ilk Şəhidlər Xiyabanını ziyarət etdiyini qeyd edən A.Bayramova bildirib ki, Birinci Qarabağ müharibəsində şəhər 6 mindən çox şəhid vermişdi:

 

“Təəssüf ki, Ağdam işğaldan azad olunanda biz oradakı şəhidlərimizin, əzizlərimizin məzarlarını görə bilmədik. Bütün bunlar təəssüf doğrurur. Biz evləri, məktəbləri yenidən tikəcəyik, amma təəssüf ki, əzizlərimizin məzarlarını yenidən ziyarət edə bilməyəcəyik”.

 

Xalq artisti Ağdam işğaldan azad olundan sonra təşkil olunan səfərdə soyuqladığı üçün növbəti səfərdə iştirak edə bilmədiyini qeyd edib:

 

“İnşallah bundan sonra Ağdamda, digər azad olunan torpaqlarımızda gözəl günlərimiz olacaq. Torpaq həmin torpaqdı, biz yenə də orada qurub-yaradacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sağ olsun. Biz onların borcunu qaytara bilmərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı