Modern.az

Kölgədəki iqtisadiyyat: qanunlarımız elə olmalıdır ki...

Kölgədəki iqtisadiyyat: qanunlarımız elə olmalıdır ki...

21 Noyabr 2021, 12:18

Müstəqillik illərində Azərbaycanda həyata keçirilən səmərəli və uğurlu iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı və sabit iqtisadi sistemi formalaşıb.

 

İqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə edilib, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisi, sahibkarlığın rolu əhəmiyyətli dərəcədə yüksəlib.

 

Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, ölkədə iqtisadi və sosial problemlərin həllinin, iqtisadi artımın mühüm amili hesab olunur.

 

 

Sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılmış, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilib.

 


Ölkədə həyata keçirilən iqtisadi islahatların davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində makroiqtisadi sabitliyin, daxili və xarici təsirlərə dayanıqlığın gücləndirilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub və bu vəzifənin reallaşdırılması üçün yeni reallıqlara uyğun makrofiskal çərçivənin formalaşdırılması, xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması, həmçinin intizamlı borclanmanın təmin edilməsi kimi alt-məqsədlər müəyyənləşdirilib.

 

 


Bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında ətraflı bəhs edilib.

 


Açıqlamada bildirilir ki, bu dövrdə ölkədə “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi gerçəkləşdiriləcək.

 

Sənəddə, həmçinin vurğulanır ki, ortamüddətli dövrdə bu istiqamətdə ümumi bəyannamə sisteminə keçidin hüquqi əsaslarının yaradılması, kapital və əmlakın amnis¬tiyası kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində mühüm rol oynayacaq.

 

 


Açıqlamada İqtisadiyyat Nazirliyinin müəyyən proqnozları da yer alıb. Bildirilir ki, neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları olduğu halda, cari ildə ölkədə ÜDM-in real artımı 4,6 faiz, 2022-ci ildə 4 faiz, 2023-cü ildə 5,3 faiz, 2024-cü ildə 3,7 faiz, 2025-ci ildə isə 3,1 faiz təşkil edəcək.

 


Bu il nominal ÜDM-in həcminin 82,3 milyard manat səviyyəsində, təkcə qeyri-neft ÜDM-in artımının isə 5,2 faiz artaraq 55,1 milyard manat olacağı proqnozlaşdırılır.

 


Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.

 


“Kölgə iqtisadiyyatı” ilə mübarizə haqqında fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov atılan addımlara rəğmən “kölgə iqtisadiyyatı”nın həcminin hələ də kifayət qədər olduğunu düşünür. İqtisadçı-deputat hesab edir ki, iqtisadiyyatın şəffaflığı üçün görülən tədbirlər, korrupsiyaya qarşı ciddi mübarizə kifayət deyil:

 


““Kölgə iqtisadiyyatı” ilə mübarizədə müxtəlif mexanizmlər təkmilləşdirilir, rüsumlar və vergilərlə bağlı qanunlara əlavələr, dəyişikliklər edilir. Bu işi sürətləndirməyə ehtiyac var. Biz uzun müddətdir, tələb edirik ki, maliyyə amnistiyası olsun. İnsanlar kifayət qədər vəsait qazanıb, onu xaricə yatırırlar. Bu investisiyanın ölkəmizə yönəldilməsi vacibdir.

 


Ümumiyyətlə, son zamanlar nazir Mikayıl Cabbarovun rəhbərliyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən bu sahədə şəffaflığı həyata keçirmək istiqamətində ciddi işlər görülür. Milli Məclisdə də buna dəstək üçün müəyyən qərarlar qəbul edilir, qanunlara dəyişiklik olunur”.

 


Deputat deyib ki, indiyə kimi dövlət rüsumunun müəyyən hissəsi orqanlarda, təşkilatlarda saxlanılırdısa, bundan sonra hamısı birbaşa dövlət büdcəsinə daxil ediləcək:
“Bütün bunlar əmək haqlarının da yenidən hesablanmasını, tamamilə əməkhaqqı kart sisteminin qurulmasını tələb edir. Hesab edirəm ki, bu məsələ indiyə qədər məqbul deyildi. Əməkhaqqının yüksək olması “kölgə iqtisadiyyatı”nın da aradan qalxmasına təkan olacaq”.
Onun sözlərinə görə, indi pandemiya, dünyanın iqtisadi durumu, ölkəmizdə müharibədən sonrakı vəziyyət, Qarabağda quruculuq işlərinin aparılması ümumi vəziyyətə təsir edir:
“2022-ci ildə “kölgə iqtisadiyyatı” ilə mübarizə üçün aparılan islahatların 100 faiz nəticə göstərəcəyini söyləmək çətindir. Bu bir sahənin, bir nəfərin öhdəsindən gələ biləcəyi məqam deyil. Bütün hökumət “kölgə iqtisadiyyatı” ilə mübarizəyə qoşulmalıdır. Qanunlarımız elə olmalıdır ki, iqtisadiyyatın çirklənməsinə şərait yaranmasın”.

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir