Modern.az

Vətən Müharibəsinin xoş avazlı iştirakçısı ofisiant işləyir - VİDEO

Vətən Müharibəsinin xoş avazlı iştirakçısı ofisiant işləyir - VİDEO

22 Noyabr 2021, 17:05

Bu gün 5 medallı Vətən Müharibəsi iştirakçısı olan Fərruz Rzazadənin ofisiant işləməsi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

 

O, 44 günlük Vətən müharibəsində iştirak edərək əsl qəhrəmanlıq nümayiş etdirib. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında Fərruxun da böyük rolu olub və göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən 5 medalla təltif olunub. Füzuli, Qubadlı, Laçın və digər istiqamətlərdə döyüş yolu keçən bu gənc Bakıda kafelərdən birində günü 10-15 manata ofisiant işləyir.

 

Qarabağ savaşında bizə qələbə sevinci yaşadan Fərrux digərlərindən fərqli olaraq, kimdənsə nə ev istəyib, nə maşın, nə də pul...

 

O, “Vətən üçün döyüşmək mənim borcumdur” deyərək, özünü kənara çəkib və heç vaxt qazi olduğunu reklam etməyib, mediaya çıxmayıb, bu haqda sosial şəbəkələrdə yazmayıb. Bəlkə də iş üçün kimlərəsə müraciət etsəydi, hazırda ofisiant işləməzdi, daha yaxşı, layiq olduğu yerdə çalışardı. Amma o, qazi adından istifadə etməyi özünə sığışdırmır, kişi kimi, alın təri ilə çörəkpulu qazanmağı hər şeydən üstün tutur.

 

Modern.az-ın əməkdaşı Fərrux Rzazadə ilə məhz bu barədə qısaca söhbətləşib.

 

Fərrux Rzazadə saytımıza danışarkən döyüşlərdəki iştirakını əldə bayraq etməyi sevmədiyini söyləyib:

 

“Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşam. Mənim tərxis müddətimin bitməsinə 3 gün qalmışdı ki, müharibə başladı. Bir çox iş yerlərinə CV yazdım, ancaq geri dönüş edilmədi. Özüm də döyüşdə iştirak etdiyimi əlimdə reklam etməyi sevmirəm. Son olaraq ofisiant işləyə bilərdim. Çalışdığım restoranda əvvəllər də işləmişdim, yenidən işləmək istədiyimi deyəndə kollektiv məni mehribanlıqla qarşıladı. Həm piano ifa edə bilirəm, həm də mahnı oxuyuram.

 

Hazırda Bakı şəhəri Qaraçuxur qəsəbəsində anam və bacımla yaşayıram. Anam işləmir, bacım isə Asəf Zeynallı adına Musiqi Kollecində oxuyur. İş təklifləri gəlsə dəyərləndirərəm. Ailəmi mən saxlayıram, onlara daha yaxşı baxmaq mənim borcumdur”.

 

Qeyd edək ki, Fərrux Rzazadə Vətən müharibəsindən sonra "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" "Zəngilanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi