Modern.az

Büdcə layihəsində gəlir və xərclər artırılıb - Komitə sədri DANIŞDI

Büdcə layihəsində gəlir və xərclər artırılıb - Komitə sədri DANIŞDI

23 Noyabr 2021, 11:50

"2022-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı həm biz, həm də hörmətli hökumət üzvləri tərəfindən layihə haqqında ətraflı məlumat verildiyindən mən bütün rəqəmləri bir də təkrarlamaq istəməzdim. Amma ümumi olaraq qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2022-ci il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb".

 

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

Deputat qeyd edib ki, Dövlət büdcəsi kəsirinin 3 milyard 063 milyon manat, 2022-ci ildə inflyasiyanın orta illik göstəricisinin 4 faiz, ümumi daxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılıb:

 

"Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirləri 1 milyard 930 milyon manat artırılıb. Büdcə layihəsində sosial yönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46.4%-nə çatdırılıb. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün bu məqsədlə ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsait nəzərdə tutulub.

 

Hörmətli həmkarlar, 2022-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasda birinci oxunuş zamanı müzakirələrində 28 deputat çıxış edib. Büdcə zərfinə daxil olan layihələrinin 2-ci oxunuş üçün komitələrdə müzakirəsi geniş formatda təşkil edilib, İqtisadi siyasət, sənaye və sahikarlıq komitəsinin iclasında komitə üzvləri ilə yanaşı, bütün deputat həmkarlarımın və aidiyyatı dövlət orqanlarının iştirakı ilə geniş müzakirələr aparılıb. Milli Məclis komitələrinin birgə iclasında 13 deputat çıxış edib. Deputatları maraqlandıran suallara və təkliflərə Maliyyə, İqtisadiyyat, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ətraflı münasibət bildirilib. Umumiyyətlə, hesab edirik ki, 2022-ci il dövlət büdcəsi layihəsinin həm komitələr, həm də plenar iclas zamanı geniş və peşəkar müzakirələri Milli Məclis-Hökumət arasında olan səmərəli əməkdaşlığının mühüm göstəricilərindən biridir.

Tərəfimizdən aparılmış təhlillər göstərir ki, layihənin həm plenar iclasda 1-ci oxunuş zamanı, həm də komitələrin birgə iclasında 2-ci oxunuş zamanı müzakirələrində deputat həmkarlarımın çıxışları 2 istiqamət üzrə olmuşdur.
1-ci istiqamətə büdcə zərfinə daxil olan layihələrə mahiyyəti üzrə münasibət, sual və təklifləri aid etmək olar. Onların bir hissəsinə komitələrdə olan müzakirələr zamanı aydınlıq gətirilib, hesab edirəm ki, digər bir hissəsinə isə hökumət üzvləri öz çıxışlarında aydınlıq gətirəcəklər.
2-ci istiqamətə isə daha çox deputat həmkarlarımın seçildikləri dairələr üzrə sosial-iqtisadi problemlər, çağırışlar və onların həlli ilə bağlı təklifləri aid etmək olar. Hər bir deputat həmkarımın öz seçildikləri dairələr üzrə məsələləri müzakirəyə təqdim etməsi təqdirəlayiq haldır.

Müşahidələrimiz və təhlillərimiz göstərir ki, bu cür məsələlərin peşəkar formada müzakirəsi və həlli üçün yeni bir yanaşmaya ehtiyac vardır. Yekun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Milli Məclisin digər komitələri 2022-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul edilməsinə müsbət rəy vermişlər. Hesab edirik ki, 2022-ci il Dövlət Büdcəsi layihəsi dövlətin növbəti ildə ölkəmiz qarşısında olan hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı