Modern.az

Ərdoğanın gedişi Türkiyə-Azərbaycan münasibətlərinə təsir edəcək? - ŞƏRH

Ərdoğanın gedişi Türkiyə-Azərbaycan münasibətlərinə təsir edəcək? - ŞƏRH

24 Noyabr 2021, 11:29

Türkiyə iqtisadiyyatında ciddi problemlər yaşanır, lirə sürətlə dəyərdən düşür, qiymətlər qalxır. Mövcud vəziyyət Türkiyə vətəndaşlarını narahat edir. Türkiyənin müxtəlif şəhərlərində etirazlar qeydə alınıb. Elə buna görə də “Türkiyədə erkən seçkilər keçirilə bilərmi” sualı aktuallaşıb.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan qətiyyətlə erkən seçki keçirilməyəcəyini bildirib.

Türkiyədəki vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu Modern.az-a deyib ki, hakim partiyanın reytinqinin azalması fonunda erkən seçki Ərdoğanın maraqlarına uyğun deyil.

“Rəcəb Təyyub Ərdoğan Cumhuriyyətin yüz illiyinə - 2023-cü ilə qədər istefa verməyəcək, o həmin tarixdə böyük meqa layihələrin işə düşməsinə şahidlik etmək istəyir”.

Siyasi şərhçinin sözlərinə görə, bu arada, Azərbaycanda başqa bir sual aktuallaşıb: “Türkiyədə Ərdoğanın yerinə bir başqası prezident seçilərsə, bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsiri necə olacaq?”

“Əlbəttə, Ərdoğanın Türkiyə - Azərbaycan siyasi və hərbi ittifaqının güclənməsi üçün gördüyü işlər danılmazdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın dəstəyini inkar etmək mümkün deyil. Misal üçün, Türkiyədə hakimiyyətdə Süleyman Dəmirəl kimi birisi olsaydı, Azərbaycan eyni dəstəyi almaya da bilərdi. Ancaq bu o demək deyil ki, Ərdoğandan sonra Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı zəifləyəcək. Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki, onun yerinə gələn bu siyasəti davam etdirməli olacaq, “Şuşa bəyannaməsinə” uyğun siyasət yürüdəcək. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sistemləri xeyli inteqrasiya olunub. Türkiyədə növbəti prezident bu amili də nəzərə almaq məcburiyyətində qalacaq. Ona görə də Ərdoğan sonrası Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi barədə narahat olmağa dəyməz”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər