Modern.az

Kəlbəcərə köçmək istəyirik! - Kəlbəcərli jurnalistlərin ARZULARI

Kəlbəcərə köçmək istəyirik! - Kəlbəcərli jurnalistlərin ARZULARI

Media

25 Noyabr 2021, 12:43

Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 1 ili tamam olur.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Kəlbəcərin boşaldılması 25 noyabr 2020-ci il tarixində gerçəkləşib. Bununla da rayonun 28 illik işğalına son qoyulub.

Kəlbəcərdən olan jurnalistlər bu hadisənin ildönümündə Modern.az-la həmsöhbət olublar.



“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, Kəlbəcərdən olan məcburi köçkünlərin tez bir zamanda doğma yurdlarına qaytarılmasını arzulayır.



“Kəlbəcərin işğaldan azad olunmasının ildönümündə ilk növbədə qürur, güvən hissləri keçirirəm. Mümkün qədər ötən 28 ili qara bir yuxu kimi xatırlamamağa çalışıram. Kəlbəcərə bu ilin sentyabrında getmək mümkün oldu. İki gün orada qaldıq, amma saatlar elə sürətlə gəlib keçdi ki... Hətta sabahı yuxudan saat 6-da qalxmışdıq ki, 28 il həsrət qaldığımız yurdumuzda daha çox oyaq olaq.
Hazırda Kəlbəcərdə infrastruktur işləri həyata keçirilir. İşıq, su təminatı yaradılıb. Digər işlər, xüsusilə, yol problemi üzərində də iş gedir. Bizim istəyimiz odur ki, Kəlbəcərin yolları çox tezliklə açılısın. Biz tam abadlaşmanı, hər şeylə təmin olunmuş yaşam şəraitini gözləmək istəmirik. Bu işləri tədricən də etmək olar. Yetər ki, 28 il əvvəl Kəlbəcərdən çıxmış insanların mümkün qədər tez oraya qayıtmasına nail olaq. Çünki oradan gəlmiş insanların sıraları hər keçən gün seyrəlir”.


Koordinat.az saytının rəhbəri Elxan Salahov da 28 ildən sonra Kəlbəcərə ilk səfər təəssüratlarını bölüşüb:

“Ordumuzun, şəhidlərimizin, qazilərimizin hesabına azad olunmuş torpaqlarımıza getdik. Bu bir il ərzində Kəlbəcəri dörd dəfə ziyarətə getmişəm. Bunlar ziyarətdən daha çox ağrılardan, acılardan doğan səfərlər olub. Erməni daşnakları bütün kəndi, rayonu tanınmaz hala salıblar. Sanki kəndlər, dağlar kiçilib. Dağılmış olsa belə kəndimizin daşı, evimizin divarları bizim üçün çox əzizdir, dəyərlidir.
Tək Kəlbəcərin yox, işğaldan azad olunmuş bütün ərazilərin həm sosial, həm də iqtisadi və turizm potensialı yüksək səviyyədə olacaq. Ərazi bütövlüyü və təhlükəsizlik məsələləri həll olunduqdan sonra heç bir nigaranlığımız qalmayacaq. Erməni xisləti bizi o qədər daşdan-daşa çırpıb ki, sülh sazişi bağlasaq belə onlara inamımız, etibarımız olmayacaq. Bu baxımdan təhlükəsizlik bizim üçün çox önəmlidir. Arzu və təklif edirəm ki, növbəti yazda kəlbəcərliləri müəyyən nizamla yurdlarına buraxsınlar. Onlar elə bir əhval- ruhiyyədədir ki, dövlətin gücü olmadan özləri tikib-yaradarlar”.


Jurnalist Xalid Vahidoğlu bundan sonrakı həyatını Kəlbəcərdə yaşamaq istədiyini söyləyib:


“Kəlbəcərin işğaldan azad olunma günündə qarışıq hisslər keçiririk. Yurdumuz düşməndən təmizləndiyinə görə qürurlanırıq, ancaq şəhid verdiyimiz üçün kədərlənirik. Hər bir torpağın bütövlüyü, ölkənin demokratikliyi, azadlığı qurban tələb edir. Bir azərbaycanlı olaraq, hər birimiz torpağımız uğrunda qurban olmağa hazır idik. Kəlbəcəri - alınmaz qalanı cənab Prezidentin sərkərdəliyi sayəsində azad edə bildik. 28 ildən sonra azad torpağımıza gedə bildik. Onu deməliyəm ki, mənim ümidlərim ildən-ilə ölürdü ki, Kəlbəcəri bir daha görməyəcəm. 2020-ci il bizim ölmüş ümidlərimizi yenidən oyatdı və doğma torpaqlarımıza qovuşduq. Bu ilin sentyabrında - 28 ildən sonra Kəlbəcəri ziyarət etmişdim. Dilə gətirə bilmədiyim hisslər yaşamışdım torpağıma ayaq basanda. Mən yurduma dönəcəm, bundan sonrakı həyatımı orada yaşamaq istəyirəm. Kəlbəcərdən çıxanda 14, dönəndə isə 43 yaşım var idi. Kəndimizi necə görməyimizlə bağlı Başlıbel sakinləri ilə bir toplantı keçirmişdik. Bunun səbəbi isə cənab İlham Əliyevin açıqladığı bir məlumat idi ki, yaşayış yerlərini rayon ictimaiyyətinin görmək istədiyi kimi qurmaq lazımdır. Biz də kəndimizi necə görmək istədiyimiz barədə təkliflərimizi həm Prezidentə, həm də Prezident Admnistrasiyasına ünvanlamışıq. Bəzi ənənəvi məqamlar var ki, onlar saxlanılmalıdır. Müasirləşmə olsa da, qədimliyin qorunub saxlanılmasını çox istəyirik. Bu gün Azərbaycanın rayonlarına gedəndə eyni şeylər görürük. Prospektlər, eyni cür bəzədilmiş daşlar - hamısı göz yorur. Kəlbəcərdə bunun olmağını istəmirik, tarixi memarlıq üslubunun qorunub saxlanılmasını istəyirik”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir