Modern.az

Bəhailərdə “harmonik ailə”...

Bəhailərdə “harmonik ailə”...

25 Noyabr 2021, 15:06

Bəhai dini XIX əsrin 40-cı illərində İranda yaranıb. O, dünyanın 234 ölkəsində yaşayan 8 milyondan çox insanı bir­ləşdirir. Birlik planetimizdə sülhü, qlobal eko­logiya və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin bir sıra orqanları ilə əməkdaşlıq edir. Bəhai təlimi bəşəriyyətin birliyi, qadın-kişi bərabərliyi, dini, etnik, cinsi və digər təəssübkeşiliklərdən imtina edilməsini, Din və Elmin vəhdəti, millətlər arasında ünsiyyəti asanlaşdırmaq məqsədi ilə vahid valyuta, ölçü və çəki, ümumi təhsil sisteminə keçilməsini, məktəblərdə Beynəlxaq dilin ana dili ilə yanaşı öyrədilməsini irəli sürür, Dünya Vətəndaşlığı, Dünya parlamenti, Dünya Konstitutsiyası konsepsiyalarını təşviq edir. Bu təlimdə ailə institutunun möhkəmləndirilməsi, qadın-kişi bərabərliyinə əsaslanan monoqam “harmonik ailə” modelinin yaradılmasına xüsusi diqqət yetirilir. Bəhai təliminə görə ailə insitutu olmadan cəmiyyətin mövcudluğu mümkün deyildir. Çünki ailə insan cəmiyyətinin fundamentidir: onun sarsılması cəmiyyətin sarsılmasıdır. Bəhaullah yazır:


Allah dünyanı nizama salmaq istəyəndə, hökmlər nazil etdi və qanunlar yaratdı; O, nigah qanununu təsis etdi və onu nicat və rifah qalası kimi müəyyən etdi.


O, həmçinin bildirir ki, Allahın nəzərində qadın və kişi bərabərdir və Din həmişə qadın-kişi bərabərliyinə əsaslanan harmonik ailəni dəstəkləyib. Bəhai təliminə görə ayrı-ayrı mədəniyyətlərdə kişilərin və ya qadınların hegemonluğu üzərində qurulmuş ailə modellərinin ortaya çıxması cinsi xurafatlardan, ruhaniyyətlə əlaqəsi olmayan ənənələrdən, mülkiyyət və təsərrüfat münasibətlərindən, digər sosial, iqtisadi və coğrafi şəraitlərdən qaynaqlanır.


Dünyada ailə insitutunun təkamülü ilə bağlı bəzi tendensiyalar müşahidə edilməkdədir: qloballaşmanın və müasirliyin təsiri altında min illər ərzində mədəniyyətlərdə yaşamış “poliqam” (çoxarvadlılıq), “poliandri”  (çoxərlilik) və ərin ailədə hegemonluğuna söykənən “monoqam”  ailə formaları öz yerini Qərb tipli “monoqam” ailəyə verməkdədir. Bu elə bir ailə tipidir ki, orada qadın həm cəmiyyətdə, həm də ailədə kişinin tərəfkeşi sayılır, onun geniş hüquqları vardır, qadınlara qarşı zorakılıq, hətta, cüzi təzyiq cəmiyyət tərəfindən pislənilir.  Bu cür cəmiyyətlərdə gender bərabərliyi o qədər  fetişləşdirilir ki, bəzən absursd formalar alır, “kişi hüquqlarının qorunması”, “radikal feminizm”, “anaxaqanlığa qayıdış” kimi  ideyalara və hərəkatlara yol açır. Bu cür yanaşma həqiqi qadın-kişi bərabərliyinə və “hormonik ailə konsepsiyasına” ziddir.


Bununla belə, Qərb ailə modelinin böhran keçirməsi aşkar görünməkdədir: ailə daxilində ər-arvad, valideyn-övlad konfliktlərinin güclənməsi, boşanmaların artması, rəsmi nigaha girmədən və dünyaya uşaq gətirmədən vətəndaş nigahı əsasında qadın və kişilərin bir yerdə yaşaması, həmcinslər (kişi-kişi, qadın-qadın) arasında nigahların rəsmən tanınması və digər hallar Qərb ailə modelinin gələcəyini şübhə altına alıb.


Ailə insitutunun böhranı Azərbaycanda da özünə yer edib: 2020-ci ildə  qeydiyyat şöbələrində 32437 nikah aktı həyata keçirilibsə, 13439  boşanma  qeydə alınıb. Bu o deməkdir ki, qurulan ailələrin 41%-dən çoxu dağılma ilə nəticələnib. Məişət zorakılıqlarının ildən ilə artması isə mətbuatdan yaxşı məlumdur.


Bəzi tədqiqatçıların fikirincə, Qərb ailə modeli sonunucu ailə tipidir və Sivilizasiyamız ailənin mövcud olmadığı insan cəmiyyətinə doğru hərəkət edir. Ailənin mövcud olmadığı cəmiyyəti təsəvvür etmək olduqca çətindir və bunun törədəcəyi sosial, iqtisadi, mənəvi, psixoloji fəsadları təsəvvürə gətirmək ondan da çətindir. Çıxış yolu kimi, bəzən ənənəvi ailə modellərinə qayıdılması təklif olunur. Faktlar sübut edir ki, müsir qlobal böhran təkcə Qərb ailə modelini deyil, bütün ailə formalarını aşındırmaqdadır.


Güman olunurdu ki, 1979-cu il İran İslam inqilabı İslam ənənələrinə söykənən ailə tipini möhkəmləndirməli idi. Lakin vəziyyət gözləndiyinin əksinə baş verdi. Belə ki, ölkədə hər il boşanmaların sayı 4,6% artdığı halda, niğahların sayı 4,4% azalmaq üzrədir. Rəsmi məlumatlara görə ölkədə nigahların 25-30%-i boşanma ilə nəticələnir. Ənənəvi ailə modelini saxlamağın mümkünsüzlüyünün digər göstəricisi doğum faizinin ildən–ilə azalması, nigahsız və müvəqqəti nigah əsasında yaşayan cütlüklərin sayının ildən ilə artmasıdır.


Beləliklə, müasir dövrdə bütün ailə formaları istər müasir, istərsə də ənənəvi olsun böhran mərhələsinə addamaqda davam edir. Bunun əsas səbəbi müasir  insan cəmiyyətinin tarixdə misli bərabəri olmayan dərin qlobal mənəvi, mədəni, sosial, iqtisadi böhranla üzləşməsidir: mənəvi dəyərlərin  aşınması, materializmin mənəviyyat üzərində üstünlük qazanması, ruhani dəyərlərin itməsi səbəbindən cinslər arasındakı əlaqələri idarə edən münasibətlərin alçalması ailə institutunu saxlaya bilməzdi. Belə bir mühitdə o da  aşınmaya məhkumdur. Bu böhranın canlı mənzəri, səbəbləri və amilləri Şövqi Əfəndinin “Millətlərə çağırış” və “Həzrət Bəhaullahın Dünya Nizamı” kitablarında çox gözəl təsviri və təhlili verilmişdir.


Sosioloqlar və qadın hüquqlarının müdafiəçiləri uzun illərdir ailədə gender bərabərliyindən danışır, amma ailə daxilində cütlüklərin harmoniyasından danışmağı unudurlur. Cəmiyyətdə qadın azadlıqlarının və ailədə gender bərabərliyinin mövcudluğu, təhlillərdən göründüyü kimi, hələ harmonik və xoşbəxt ailənin yaranması demək deyildir.


Bəhai dini təlimində “harmonik ailə” konsepsiyasının bəzi prinsipləri irəli sürülmüşdür. Şövqi Əfəndinin bir yazısında deyilir:


Evlilik münasibəti elə bir münasibətdir ki, hər iki tərəfin davranışında dərin nizamlama tələb edir. Bu münasibət cütlüyün xasiyyətlərindəki ən yaxşı və ən pis şeyləri ortalığa çıxarır, hər iki tərəf, sanki balanslaşdırma fəaliyyətində olurlar. Bəzi cütlüklər elə evliliyin başlanğıcında yüksək dərəcədə harmoniya əldə edir və bütün evlilikləri boyu onu saxlaya bilirlər. Çoxları isə harmoniya əldə etmək üçün bir müddət vuruşmalı olurlar. Nigahda hər iki tərəfin haqları qorunmalıdır, bu zaman birinin digərinə münasibəti ancaq hüquqi şərtlərə əsaslanmır. Bunun ən əsas təməli məhəbbətdir.


Ailə o zaman harmoniya və xoşbəxtlik məkanına çevrilir ki, orada ailə üzvləri arasında dərin ruhani, mənəvi və fiziki bağlılıqlar, yəni məhəbbət mövcuddur. Harmonik ailə, ilk öncə iki tərəfin – qadın və kişinin bir-birinə öhdəliyi, onların ağıl və qəlblərinin qarşılıqlı bağlılığıdır. Burada məqsəd ər və arvadın həm cismən, həm də qəlbən birləşməsidir ki, onlar bir yerdə olmaqlarından həzz alırlar, ailə təsərrüfatını əməkdaşlıqla idarə edir və uşaqların təlim-tərbiyəsi ilə birgə məşğul olurlar. Bu cür münasibətlər sisteminə harmonik ailənin tərifi kimi də baxa bilərik. Kişinin öz iradəsini qadına və ya qadıının öz iradəsini kişiyə qəbul etdirmək üçün güc işlətməsi, fərq etməz, istər fiziki olsun, istərsə də psixoloji, harmonik ailə konsepsiyasının prinsiplərinə ziddir.  


Əbdü-Bəha buyurur:


“Ailə qurmuş cütlüyün həyatı səma mələklərinin həyatına bənzəməlidir - fərəh, ruhani ləzzət, birlik və razılıq içində sürülən həyat, həm mənəvi, həm də fiziki dostluq. Ev nizam-intizamlı və mütəşəkkil olmalıdır.. Hətta iki quş tək onlar yoldaşlıq və harmoniya ağacının budaqları üzərində cəh-cəh vurmalıdırlar. Onlar bir-birinə qarşı həqiqi və səmimi məhəbbət nümayiş etdirməli və uşaqlarına elə tərbiyə verməlidirlər ki, ailələrinin şan-şöhrəti şölə saçsın”.


Şövqi Əfəndinin bir yazısında deyilir:


Bu aydındır ki, heç bir ər arvadını - bu istər emosional və ya fiziki olsun - hər hansı növ təhqirə və ya zorakılığa məruz qoymamalıdır. Belə bir töhmətəlayiq hərəkət bəhai Yazılarının hökm etdiyi qarşılıqlı hörmət və bərabərlik münasibətinə... tam əks olardı.


Ataya ailənin başçısı kimi istinad etmək barədə anlayış əldə etmək istəyən bir  inanana cavab kimi Ədalət Evinin (Bəhai dinində Ali Ruhani və İnzibati orqan) məktubunda deyilir:


Üzərinə qoyulan bir sıra məsuliyyətlərdən nəticə çıxararaq, ata ailənin “başçı”sı hesab oluna bilər. Lakin bu anlayışa kişi və qadının bərabərliyi prinsipi işığında baxılmalıdır. “başçı” anlayışı ərə üstünlük vermir, nə də ona xüsusi haqlar verir ki, o, ailənin digər üzvlərinin haqlarını əzsin. Əgər məşvərətlə razılığa nail olunmursa, elə vaxtlar olur ki, arvad ərinə, elə vaxtlar da olur ki, kişi arvadına güzəştə getməlidir, lakin heç biri ədalətsizcəsinə digərinin üzərində hökmranlıq etməməlidir.


Harmonik ailənin möhkəmliyini təmin edən amillərdən biri də hər bir ailə üzvünün haqlarına hörmətlə yanaşılmasıdır. Əbdül-Bəha yazır:


Ailə üzvlərinin hüquqları tapdalanmamalıdır... Oğulun ata qarşısında öhdəliyi olduğu kimi, atanın da oğul qarşısında öhdəliyi vardır. Ananın, bacının və digər ailə üzvlərinin müstəsna hüquqları vardır. Bütün bu hüquqlar və müstəsna səlahiyyətlər qorunmalıdır...


Harmonik ailənin yaradılmasının fundamental məsələlərindən biri də ailədaxili məşvərətin düzgün təşkilidir. Tam və açıq müzakirələrlə aparılan ailə məşvərəti evdaxili ixtilaflar üçün universal dərman ola bilər. Ailə daxili məşvərət prosesində hamının, böyüklərin və ağlı kəsdiyi tərzdə uşaqların iştirakı təşviq olunur.


Beləliklə, möhkəm dayaqlar üzərində inşa edilmiş harmonik ailə, bütün ailə üzvlərindən ruhani prinsiplərə dirənərək, onun qurulmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsindən ötrü eyni dərəcədə cəht göstərmələrini tələb edir.



Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti,

Bəhai dini icmasının  

ictimai Əlaqələr ofisinin koordinatoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi