Modern.az

Vicdan borcu: Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Vicdan borcu: Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Ədəbi̇yyat

26 Noyabr 2021, 10:59

Akif Cabbarlı


Müasir nəsrimizin tanınmış nümayəndələrindən olan Kənan Hacının “Hakimə açılan atəş” adlı yeni romanı işıq üzü görüb. Real həyata, baş vermiş hadisələrə əsaslanan bu sənədli roman həm də publisistik çalarları ilə dəyərli ədəbi nümunə kimi boy göstərir.Yeni romanı ilə müəllif öz oxucularını, elə bu sətirlərin müəllifini də sevindirməklə yanaşı, həm də heyrətləndirib desəm, yanılmaram. Dostum və qonşum Kənan məhsuldarlığı ilə rekord qıran qələm sahiblərindəndir. Özünə zarafatla demişəm, fürsətdir, elə bu yazıda da dilə gətirmək istərdim; - qardaş, imkan ver, beş- on gün əvvəl bağışladığın kitabı oxuyub qurtaraq, nəfəsimizi dərək, təzəsini də onda ver, qadasın alım. Maşallah, Kənan yazır, çap olunur,( dəstək olan kəslərə, nəşriyyatlara eşq olsun!) biz də bu əsərləri böyük ləzzətlə, şövqlə oxuyub razı qalırıq.


Kənan Hacı bu əsərdən əvvəl ortaya Azərbaycan nəsrində, publisistikasında hadisə sayılacaq bir əsər qoyub – “Hacı İskəndər “ romanını. Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində mən də iştirak edirdim və orada söylənilən dəyərli fikirlərin müəllifin zəngin yaradıcılıq potensialı olduğundan soraq verdiyini təsdiqləyənlərdənəm.


“Hakimə açılan atəş“ romanı real hadisələr fonunda qələmə alınıb. Əsərin qəhrəmanı Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpə ətrafında düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab rayon Məhkəməsinin sədri, əslən Cəbrayıldan olan Məhərrəm Məmmədovun həyat yoluna, tanınmış hüquqşünas və əsil vətəndaş olan Vətən oğlunun müharibə boyu göstərdiyi təkrarsız fədakarlığa həsr olunub. Müəllif Məhərrəm müəllimi tanıyanların, qohum və övladlarının, habelə o illərdə Məhərrəm müəllimin yaxşılıqlarından bəhrələnən insanların, sənədlərin və xatirələrin köməyi ilə xronoloji ardıcıllıqla həm də Azərbaycanın haqq işi, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canından keçməyə hazır olan əskər və zabitlərimizin şərəfli həyat yoluna geniş spektrdə işıq salır. Məhərrəm müəllimin xidməti vəzifəsini yerinə yetirərkən daim el – obanın dərd –sərinə şərik olmasını, tükənməz Vətən sevgisini Birinci Qarabağ müharibəsinin xronikası ilə, o dövrün ictimai – siyasi hadisələri ilə əlaqəli şəkildə təqdim edən yazıçı bütövlükdə 1988 – ci ildən başlayan hadisələrə bədii sözün qüdrəti ilə geniş anlamda nəzər salmağı, baş verənləri bütün təfərrüatı ilə bədiiləşdirib oxucu diqqətinə çatdırmağı bacarmışdır.


Məhərrəm Məmmədov Zərdabda xidməti vəzifəsini icra etməklə yanaşı tez –tez ön cəbhədə, döyüşən əskərlərin yanında olmağı özünün vicdan borcu hesab edirdi. O, əqidəcə özünə yaxın insanları, vəzifə sahiblərini də ölkənin çətin vaxtlarında ön sıralarda olmağa çağırırdı. Ona rişxənd edən, mane olmaq istəyənlər də tapılırdı və Məhərrəm müəllim təbii ki, belələrinin dərsini anındaca verir, onları da vətən sevdalılarının arasında olmağa səsləyirdi. Hakim iki cəbhədə döyüşürdü – həm ön cəbhədə, həm də məhkəmə sistemində hüquq keşikçisi kimi insanların hüquqları uğrunda fəaliyyət göstərirdi. Düşünürdü ki, ədalət yer üzündə bərqərar olarsa dünya cənnətə çevrilər. Hakim hüquq – mühafizə orqanları rəhbərlərini, tələbəlik dostlarını və qardaşlarını da məhz bu devirlə yaşamağa və fəaliyyət göstərməyə dəvət edirdi.


Kənan Hacı ədəbi kredosuna sadiq qalaraq bu əsərində də öz qəhrəmanını ta uşaqlığından tutmuş tələbəlik illərinə, daha sonra hakim kimi çalışdığı, eyni zamanda cəbhədəki fəaliyyətinə qədər hər zaman dostcasına müşaiyət etmiş, sevincinə qatılmağı, kədərinə şərik olmağı ustalıqla bacarmışdır. Bu romanı oxuyarkən bir daha o qənaətə gəldim ki, Kənan Hacı öz obrazları ilə dostluq etməyi, onların təəssübünü çəkməyi bacaran tək – tək qələm sahiblərindəndir.


Kənan müəllim Bakının Buzovna qəsəbəsində doğulub böyüsə də kənd həyatını, təbii gözəllikləri, kənd camaatının psixologiyasını, adət - ənənələri o qədər dəqiqliklə, həssaslıqla qələmə alır ki, heyran olmaya bilmirsən. O, insanın psixolojisinə son dərəcə dəqiqliklə nüfuz etməyin, onların düşüncələrini ümumiləşdirib bədiiləşdirməyin  öhdəsindən asanlıqla gəlir.


Kənan Hacının sözüdür: - “Alın yazımızdan qan damcılayırdı, o qanı kəsmək üçün bütün oğullar səfərbər olub düşmənin nəfəsini kəsməli idi”.


Ruhun şad olsun Məhərrəm müəllim, hamınızın ruhu şad olsun, Vətən uğrunda canından keçən igid oğullarımız. Başınızı uca tutun şəhid anaları, alın yazımızdan damcılayan qan cəmi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən birdəfəlik kəsildi. Düşmən isə bundan sora çətin ki, bir də  dərindən nəfəs ala bilər. Azərbaycan Ordusu erməni faşizminin başına Dəmir Yumruğu birdəfəlik endirib.


Bu qısa yazımı isə Kənan Hacını təbriklə başa vurmaq istərdim. Yeni əsərin mübarəkdir,qardaş! Yaşa, yarat, qələminə qüvvət, ürəyinə təpər arzulayıram.Və...səndən yeni əsərlər gözləyirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər